Onların günahı nə idi

Onların günahı nə idiXalqımızın qan yaddaşı kimi tarixə düşmüş 20 Yanvar faciəsinin daha yaxşı təbliği məqsədilə ölkədə müxtəlif tədbirlər həyata keçirilir. Rayonumuzda da bu istiqamətdə tədbirlər planı tutulmuş və ona müvafiq işlər görülür. Yanvarın 18-də şəhər ictimaiyyəti, məktəblilər Heydər Əliyev adına mədəniyyət evində şəhidlərin xatirəsinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilmişdir. Onu da qeyd edək ki, əsasən məktəblilər tərəfindən hazırlanmış bu tədbir tamaşaçılar tərəfindən çox razılıqla qarşılanmışdır.
Proyektor vasitəsilə ekranda qanlı yanvar hadisələrini əks etdirən fotolar nümayiş etdirilmişdir. Bir qrup məktəbli səhnəyə çıxır, onların ifasında şəhidlərə, vətənə həsr edilmiş şeirlər səslənir. Məktəblinin ifasında “Unutmaq olarmı sizi, şəhidlər?!” mahnısı səslənir. Əlbəttə, bu hadisə heç vaxt unudula, yaddaşlardan silinə bilməz. O gün Azərbaycan xalqı yeni tarix – azadlıq tarixini yazdı. Xalq əliyalın halda tanklara, döyüş maşınlarına, dişinə qədər silahlanmış rus ordusuna sinə gərdi və qanları ilə sübut etdi ki, azadlıq, müstəqillik üçün canlarından keçməyə hazırdır. Xalq gözləmədiyi halda gülləboran edildi, neçə-neçə vətənpərvər Bakı küçələrini öz qanı ilə bəzədi. Düşmən heç kəsə mərhəmət göstərmədi. Axı biz neyləmişdik? Bu sual ahılın da, cavanın da, məktəblinin də dilində səsləndi: Axı biz neyləmişdik?…
İllərlə dostluqdan, həmrəylikdən dəm vurub əl çalmışıq, bu dostluğun şəninə nəğmələr qoşmuşuq. Budurmu, o vəsf etdiyimiz dostluq? Ermənilərin fitvası ilə Azərbaycana qoşun yeridən Moskva xalqın üzərində yeni silahı – mərkəzdən qaçma güllələrini belə yoxladı. Sinəsi al qana batmış məktəblinin günahı nəydi?! Nəydi?!
Şəhər 1 saylı tam orta məktəbin şagirdləri həmyerlimiz Nizami Mirzənin “Qatil” hekayəsini səhlənələşdirərək tamaşaçılara təqdim etmişlər. Mövzu qaçqın ailəsinin həyatından götürülmüşdür. İki dostun – Sərdar kişi ilə Rüstəm kişinin qızları uşaqlıqdan bir yerdə böyüyüblər. Həddi-büluğa çatıb ailə qurmaq məqamında Sərdar kişinin qızı Laləzar uşaqlıq dostu, bir evli kimi olmuş Rüstəm kişigildə qonaq olarkən qaçhaqaç başlayır. Yolda ermənilər qaçqınları atəşə tutur, hamı pərən-pərən düşür. Hər iki rəfiqə qaya başında ermənilərin müharisəsinə düşür. Bunu görən Rüstəm kişi namusunu ləkədən qorumaq üçün öncə öz qızı Gülbənizi, xeyli tərəddüddən sonra isə dostunun qızı Laləzarı güllə ilə vurur, hər iki nakam gənc qucaqlaşıb qayadan dərəyə yuvarlanırlar. İlk öncə yanlış məlumat alan Sərdar kişi dostu Rüstəmdən küsür, onu tənələyir də. Elə bilir ki, dostu qıymayıb, onun qızını öldürməyib, namusu ləkələnib. Sonra həqiqəti öyrənir: – “Çox sağ ol, qardaşım, Rüstəm, çox sağ ol! Bəd gümana düşdüyüm üçün məni bağışla.”
Belə dərdə dözməyən Rüstəm kişinin ürəyi dayanır. Sərdar kişi isə qol qaldırıb, həmişə oynadığı ”Tərəkəmə” havasını oynayır. Oynadıqca Laləzar və Gülbənizi də ağ gəlinlik libasında oynayan görür… Nə qədər belə faciələr gəlib bu xalqın başına?..
Tamaşanın rejissoru Kənan Mustafayev həm də baş rolun ifaçısı idi.
Firuzə Çiçək

Şərh Yaz