Dayaq məntəqələri müasir dövrün tələbidir
Təhsil hər bir dövlətin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.
Heydər Əliyev
“Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” dövlət siyasətinin əsas prinsiplərinə uyğun təhsilin məqsəd və vəzifələrini həyata keçirmək mexanizmini müəyyən edir. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 349 saylı Fərmanı müstəqil dövlətin təhsil sisteminin təkmilləşməsi, yenidən qurulması üçün lazımi şərait yaratmışdır.“Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” dövlət siyasətinin əsas prinsiplərinə uyğun təhsilin məqsəd və vəzifələrini həyata keçirmək mexanizmini müəyyən edir. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 349 saylı Fərmanı müstəqil dövlətin təhsil sisteminin təkmilləşməsi, yenidən qurulması üçün lazımi şərait yaratmışdır.
Prosesin sonrakı gedişi konkret addımlar atılması üçün real zəmin yaratdığından 21 fevral 2002-ci il tarixdən etibarən ixtisasartırma təhsilində yeni mexanizmə keçid və müəllimlərin təkmilləşdirilməsi işinin müasir tələblərə uyğun təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən konseptual xarakterli 164 saylı əmr verilmişdır. Nazirliyin 01 iyul 2003-cü il tarixli 81 saylı kollegiya iclasında bu aktual problemin həlli üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir.
Təhsil Nazirliyi “Pedaqoji kadrların ixtisasının artırılması prosesinin təkmilləşdirilməsi barədə” 2000-ci il tarixli 163 saylı və “Dayaq məntəqələri mexanizminin tətbiqi” ilə bağlı 17 oktyabr 2000-ci il tarixli 953 saylı əmrlər imzalamışdır.
Fərmanlardan irəli gələn vəzifələri yaradıcılıqla həyata keçirməkdən ötrü təhsil işçilərindən yüksək dərəcədə məsuliyyət və bacarıq tələb olunur.
Yuxarıda adını çəkdiyimiz qərarlarla tanış olduqdan sonra İsmayıllı şəhər E.Məmmədov adına 3 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə “Dayaq məntəqə” mərkəzi otağı hazırlamağı qarşıma məqsəd qoydum və buna da nail oldum. 2009-cu ilin 25 dekabrında “Dayaq məntəqə” mərkəzinin açılışı oldu. O gündən bu vaxta qədər məntəqədə çox işlər görülüb. Əslində bu işlərin sənədləşməsi 2006-cı ildən başlanıb. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, hazırladığım Dayaq məntəqə mərkəzinin işləri ilə rayonumuzun, ətraf rayonların məktəbləri də məlumatlıdırlar.
Dayaq məntəqələrində müəllimlərin təkmilləşdirilməsi prosesi fasiləsiz təhsilin tərkib hissəsidir.
Dayaq məntəqələrində prosesin təşkili modeli üzrə fəaliyyətin əsas reqlamentinin verilməsi ümumən məntəqə, məntəqə rəhbərləri, “Öyrədənləri öyrədən” müəllimlər cəlb olunan pedaqoji kadr potensialı haqqında geniş informasiya bankının yaradılması dayaq məntəqələrinin xüsusi monitorinqinin keçirilməsi bu istiqamətdə həyata keçirilən fəaliyyətin əsasını təşkil edir. Müəllimlərin təkmilləşdirilməsi prosesi çətin və şərəfli işdir. Apardığım işlər əsas verir deyim ki, hər bir müəlllimin özünün fərdi fəallığı vacib məsələdi. Hazırladığım bütün əyaniliklər, iş planları, açıq dərslərin qrafiki, tezislər, müraciətlər, tədbirlərdən çəkilişlər, məntəqədə görülmüş işlərdən hazırlanmış elektron yazılar, slaydlar, məntəqənin nəzdində olan 6 məktəbin informasiya bankı, açıq dərslərin protokolları və s. əməyimin məhsuludur.
“Dayaq məntəqə” mexanizminin müasir modeli layihəsinin iş planı ilə tanış olanlar bilir ki, “Dayaq məntəqə” mexanizminin tətbiqi son dərəcə əhəmiyyətlidi. Başqa sözlə desək, dayaq məntəqələri müasir dövrün tələbidir.
Bu baxımdan dayaq məntəqələrinin düzgün planlaşdırılması və təşkili də mühümdür. Hər şeydən öncə, hər bir təhsil işçisi bu mexanizimin strukturunu, məqsəd və vəzifələrini bilməlidir.
Öyrədənlərin öyrədilməsi üçün seçilən qabaqcıl müəllimlərdən başqa, təlimə zəif nəticələrlə işləyən müəllimlər də qatılır. Bu çatışmazlığı aradan qaldırmaq, gənc, iş təcrübəsi az olan müəllimləri təlimatlandırmaq baxımından Dayaq məntəqələrinin imkanları çox böyükdür. Məntəqədə yetərincə məlumatlarla, yeniliklərlə tanış olmaq mümkündür. Burada açıq dərslərin kollektiv dinlənilməsi və təhlili, problem mövzulara aid məsləhətlərin verilməsi, məntəqədə istənilən metodiki vasitələrin istifadəsinə imkan yaradır.
Rayonumuzun məktəblərinin “Dayaq məntəqə” rəhbərləri, ətraf rayonların da Dayaq məntəqə rəhbərləri bu mərkəzə gəlir, onlara lazım olan köməklikləri göstərirəm. Dayaq məntəqələrinin nəzdində olan Qalınçaq, Cülyan, Diyallı kəndlərinin tam orta məktəbləri, şəhər 3 və 5 saylı tam orta məktəbləri, Mücühəftəran kənd orta məktəbi, Sədyan, Güyüm məktəbləri 2008-2009-cu tədris ilindən bu məntəqə ilə vaxtaşırı əlaqə saxlayırlar. Artıq rayonumuzun başqa məktəblərində Basqal kənd tam orta məktəbini, şəhər 1 və 2 saylı tam orta məktəblərini, Mican kənd tam orta, Uştal kənd orta, Mücü kənd orta məktəblərini, N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbini də Dayaq məntəqə mexanizminə cəlb etmişəm. Güman edirəm ki, növbəti dərs ilinə qədər İsmayıllı rayonunun bütün məktəblərində Dayaq məntəqə rəhbərləri (ixtisasından asılı olmayaraq) öz işlərini daha da genişləndirəcəklər. Onu da qeyd edim ki, bu sahəyə müəllimlərimiz məsuliyyətlə yanaşsalar daha yaxşı olar. Əslində, Dayaq məntəqəsinə göstərilən qayğı sənətini sevən hər bir müəllim üçün dəyərli vasitədir. Ona görə ki, Dayaq məntəqələrinin fəaliyyəti təhsilin daha da yüksək formada tədrisinə xidmət edir. Daim yüksələn təhsil sistemimiz bu yeniliklərlə ayaqlaşan kadrlar tələb edir.
Dayaq məntəqəmizin işi ilə ətraf rayonlar da maraqlanır. Son vaxtlar Qəbələ, Oğuz, Göyçay rayonlarından gələn müəllimlər mərkəzin işilə tanış olmuş və razılıqlarını bildirmişlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və “Siqma” təşkilatının nümayəndələri Xalidə Rüstəmova və Dostuxanım Zülfüqarova dayaq məntəqəsində olmuş, onun işi ilə maraqlanmış, rəy kitabına ürək sözlərini yazmışlar. Onlar qeyd etmişlər: “Məntəqə ilə tanışlığı olan müəllimlər təhsildəki yenilikləri yüksək peşəkarlıqla işinə tətbiq edir. Təhsildə aparılan islahatlar baxımından burada aparılan səmərəli iş göz qabağındadır. Bu işdə A.Bəşirova özünü peşəkar müəllim kimi tanıtmışdır”
Dayaq məntəqədə aktual mövzuların dinlənilməsi üçün qabaqcıl mütəxəsislərin dəvət olunması, problemli mövzular ətrafında fikir mübadilələrinin, diskusiyaların təşkilinə də səy göstərirəm. Ən əsası isə, məntəqədə qabaqcılların təcrübələrini öyrənmək, müzakirə etmək, ümumiləşdirmək və yaymaq işinə daha çox diqqət yetirirəm. Məntəqədə önəmli məsələlərdən biri də Distant (məsafədən) ötürücü vasitələri ilə yeni materialların əldə olunması, bu istiqamətdə fikir mübadilələrinə diqqət yetirirəm.
Təhsil sisteminin bütün mərhələlərində həyata keçirilən yeniliklər idarəetmədən başlayaraq, idarə olunan və islahatın hərəkətverici qüvvəsi və subyekti olan bütün üzvlərini – pedaqoji işçi və şagirdləri əhatə edir. Bütün bunların hamısı bir məqsədə – təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir. Bu sahədə həyata keçirilən hər bir islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.
Azərbaycanda təhsilin, iqtisadiyyatın, sosial-mədəni həyatın bütün sahələrində dünya standartlarına tam cavab verən bir səviyəyə çatdırılması üçün mühüm işlər görülür. Belə ki, inkişaf dövründə təhsil uğurlarımız da gündən günə artır və biz də çalışmalıyıq ki, uğurlarımızın sayı daha da çox olsun.
Ulu öndərin dediyi kimi, yeni təhsil proqramının qarşısında mühüm bir vəzifə durur: “Azərbaycanımızı çiçəklənən, inkişaf edən, qüdrətli bir dövlətə çevirməyə qadir, müstəqillik idaeyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzimizi qavrayaraq müasir tələblərə cavab verən milli ruhlu nəsil yetişdirmək. Çünki “Gələcək bilikli, elmli insanların çiyinləri üzərində duracaqdır”.
Məhəmməd Peyğənbər demişdir: “Elmi öyrənin, beşikdən qəbrə qədər”. Deməli, müqəddəslərimiz də fasiləsiz təhsilin zəruri olduğunu söyləmişlər.
Məhz müasir təhsil sistemimiz indi bu yolda inamla sivil inkişaf səviyyəsinə can atır. Beynəlxalq sistemə inteqrasiya üçün hazırdır, bu sahədə köklü dəyişikliklər gedir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət formalaşdırılmalıdır. Bu şəxsiyyətləri yetişdirən isə kompyuter əsrinin müəllimləridir. Odur ki, XXI əsrin müəllimləri daim savadını artırmalı, yeni-yeni biliklərə yiyələnməlidirlər.
Arifə Bəşirova,
İsmayıllı şəhər 3 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Dayaq məntəqə mərkəzinin rəhbəri