Nəsillərarası əlaqə möhkəmləndirilməlidir
Yanvarın 17-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İsmayıllı rayon İcra Hakimiyyəti, YAP İsmayıllı rayon təşkilatı, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığıyla 20 Yanvar hüzn günü ilə bağlı, gənclərlə “Nəsillərdən-nəsillərə qəhrəmanlıq örnəyi” mövzusunda dəyirmi masa keçirmişdir.
Tədbiri RİH başçısının müavini Əzizə Vahabova giriş sözü ilə açaraq qeyd etmişdir ki, 1990-cı ilin 20 yanvarı xalqımız üçün ağır, kədərli bir gün, müstəqilliyinə can atan Azərbaycana qarşı soyqırım idi. Daha sonra Xocalı faciəsi və digər qırğınlar başlandı. Bunları heç vaxt unutmaq olmaz. Yetişən nəslə, xüsusilə də gənclərimizə bu istiqamətdə yetərincə məlumat verilməlidir. Bugünkü dəyirmi masa da məhz bu məqsədə xidmət edir.
20 Yanvar şəhidlərinin əziz xatirəsiu bir dəqiqəlik sükutla yad edildi.
Sonra tədbirdə iştirak edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur xanım Sofiyeva çıxış etdi. O bildirdi ki, Komitə bölgələrdə gənclərlə bu sayaq tədbirlərin mütəmadi keçirilməsini qərara almışdır. 20 Yanvar hadisələri araşdırılmalı, daha aydın şəkildə gənclərə çatdırılmalı, mövzu ətrafında müzakirələr keçirilməlidir. Biz nəsillərarası əlaqələri möhkəmləndirməliyik. Bu tarixi qəhrəmanlıq səhifəsini azadlıq uğrunda mübarizə nümunəsi kimi qiymətləndirməli və gələcək nəsillərə ötürməliyik.
Tədbirdə iştirak edən gənclər mövzu ətrafında çıxış edərək rəy və təkliflərini bildirdilər. Rayon təhsil şöbəsinin inspektoru Aydın Rəhimov, YAP gənclər birliyinin fəalı Ramil Qasımov, 20 Yanvar hadisələrinin iştirakçısı Əlizadə Səmədov, rayon ET və TM-nin direktoru Yaşar Nuriyev, QMƏVŞA ictimai birliyinin İsmayıllı rayon şöbəsinin sədri Vidadi Zərbiyev, şəhər 3 saylı tam orta məktəbinin təşkilatçı müəllimi Vasif Cabbarov, səhər 5 saylı tam orta məktəbinin tarix müəllimi, qaçqın Bəxtiyar Fərəcov, həkim Murad Həbibov, şəhər 1 saylı tam orta məktəbinin tarix müəllimi Təranə Məmmədova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva mövzu ətrafındakı müzakirələrdə fəalliq nümayiş etdirdilər.
Tədbir maraqlı və yaddaqalan oldu.
Gələn sayımızda 20 Yanvar hadisələri ilə əlaqədar rayonda keçirilən tədbirlərə geniş yer veriləcəkdir.
“İsmayıllı xəbərləri”