Ziyalılarının sevimli dostu   

 

Bir sıra vacib xəbərlərin, doğum günləri, yubiley təbriklərinin sosial şəbəkələr üzərindən lazımi ünvanlara çatdırılması artıq ənənə halını almışdır.  Bu ilin fevral ayı müəyyən əlamətdarlıqları ilə yaddaqalan oldu. İsmayıllılar üçün bu tarixi əlamətdarlığa rayon Ağsaqqallar Şurasının sədri Salehov Valeh Məmmədhəsən oğlunun 80 illik yubileyinin də əlavə olunması çoxlarının ürəyincə oldu.

Sosial şəbəkə istifadəçisi olduğumdan mən də Valeh müəllimi təbrik etdim, çoxlarının yubileylə bağlı ürək sözlərini oxudum. Bir qəzetçi kimi həmyerlimiz Simran Həsənovun təbrikinin mətni diqqətimdən qaçmadı.

İsmayıllı xəbərləri”ni oxuyanlar üçün Simran müəllimin təbrikdə dedikləri:

“Doğma İsmayıllımızın vizit vərəqlərindən biri olan, böyük dostumuz Valeh müəllimi yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm. Bizim tanışlığımızın tarixi ötən əsrin 70-ci illərinin əvvəllərinə gedib çıxır. Biz İsmayıllı şəhər 3 saylı orta məktəbinə eyni vaxtda gəlmişdik. Valeh müəllim ədəbiyyat müəllimi kimi mən isə Buynuzdan 9-cu sinif şagirdi kimi… Bizə dərs deməsə də və yaş fərqi olmasına baxmayaraq çox tez dostlaşdıq. Ondan sonra keçən 50 il ərzində Valeh müəllim, çox məqamlara sahib oldu, qəzet redaktoru (o dövrləri yaşayanlar yaxşı bilirlər rayon qəzetinin redaktoru olmaq nə demək idi…), maarif müdiri və s. DAYANIQLI VƏ SABİT müsbət keyfiyyətlərinə bütün hallarda sahib ola bildi Valeh müəllim. Buna heç çalışmadı da. Mənə görə bu onun əsas irsi keyfiyyətlərindən biridir. Bundan sonra dəyişəcəyinə qətiyyən şübhə etmədən, elə belə də qalmasını arzu edirəm.

Valeh müəllimi həmişə İsmayıllı ziyalılarının sevimli dostu kimi tanımışam, Musa Yaqubu, Faiz Həmidovu, Rəhim Həsənovu, Çingiz Ələkbərzadəni, Firudin doktoru, Baba Vəziroğlunu (Allah ölənlərə rəhmət eləsin) və başqa insanlarımızı görmüşəm onun yanında, ətrafında. Bir neçə ictimai-iqtısadi formasiyada, dəyərlərin tamamilə aşındığı bir dövrdə yaşamağımıza baxmayaraq Valeh müəllim babalarımızdan bizə miras qalmış bir çox dəyərli keyfiyyətlərlə yanaşı DOSTLUĞA da sədaqətli insan kimi qaldı və bundan sonra da belə qalacağına tam əminliyimi bildirərək, həmişə dostları və sevdiyi insanların əhatəsində olmağını arzu edirəm.

Valeh müəllim əsası rəhmətlik İsrayıl müəllim, İsmayıl müəllim, Saleh müəllim, Hacalı müəllim və digər tanınmış pedaqoqlar tərəfindən qoyulmuş qabaqcıl maarif ənənələrini bir qədər də inkişaf etdirdi. Əminəm ki, bunu İsmayıllımızın bütün ziyalıları dərindən anlayır və yüksək dəyərləndirir. Ana südü kimi haqq etdiyi əsil MÜƏLLİM kimi həyatının qalan hissəsini yaşamasını arzu edirəm.

Valeh müəllim mənim atamla da, dayımla da dost idi. Onun özündən yaşlı insanlarla səbirli, səmimi və istiqanlı münasibətinin də şahidi olmuşam. İndi özü də həmin yaşın astanasındadır. Bütün yaşlarda olduğu kimi bu dönəmdə də özü üçün bu yaşına qədər müəyyən etdiyi tərz və prinsiplərə (ağayanalıq, dərin yumor hissi, canıyananlıq, mərdlik və s.) uyğun gözəl və mənalı həyatını doğma insanlarının yanında davam etdirəcəyinə inanıram və ona bunu ürəkdən arzu edirəm”.

İsmayıllı xəbərləri”

Şərh Yaz