Unutmarıq, unutdurmarıq:

 

Şəhidlərimiz ən ali qürur mənbəyimizdir                       

 

Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik.

Hər dəfə şəhid məzarlarını ziyarət edərkən o zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə  ucalmaq nəsib olmur… Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz və eləcə də bütövlükdə Azərbaycan xalqı fəxr edir. Bu gün hər bir ölkə vətəndaşı  “Bu Vətən bizimdir”, – deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən  igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!

Unutmayaq ki, onlar  ən ali qürur mənbəyimizdir.

Payızda başlamışdı Vətən müharibəsi, elə payızda da sona yetdi. 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla  tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər. Vətən müharibəsində də onlarla ismayıllılı gənc ata-babalarının qəhrəmanlıq, döyüşkənlik ənənələrini davam etdirdilər. Cəsurluğu, qorxmazlığı ilə tanınan Ramil də onların sırasında idi.

Musayev Ramil Aydın oğlu İsmayıllı rayonunda anadan olmuş, Natiq Behdiyev adına kənd orta məktəbində təhsil almış, təhsillə bərabər idmanla da məşğul olmuşdur. 2009-cu ildə əsgər kimi hərbi xidmətə başlamış, xidmət bitdikdən sonra isə xidmətini gizir kimi davam etdirmişdir.

Ramildə vətənə olan sevgi Birinci Qarabağ müharibəsinin canlı əfsanələrindən olan Ravid Pənahov və İsa Musayevin söhbətlərindən yaranmışdı. Birinci Qarabağ müharibəsinin döyüşçüləri İsa əmi, İlham dayı və neçə-neçə igid oğulların əhatəsində böyümüşdü Ramil. Birinci Qarabağ, Aprel döyüşləri və İkinci Qarabağ döyüşlərində kəndimizin igid oğulları cəsarətlə vuruşdular.

Qafqaz dağlarının qoynunda yerləşən, yaşıllıqlarla əhatələnən İsmayıllı doğma şəhid övladlarını öz qoynuna almışdı. Yağışın nuru çilənirdi bərli-bəzəkli, güllü-çiçəkli şəhid məzarlığına… Adları əbədi, xatirələri əziz olan o oğullar Vətənimizi bütövləşdirərək, tarixi ədaləti bərpa etdilər.
Ramil Musayev 6 may 1991-ci ildə İsmayıllı şəhərində dünyaya göz açmışdı. Ailədə üç uşaq – iki oğul, bir qız övladı böyüdürdü Nəsibə xanım. Qəmsiz, kədərsiz, qayğısız. Ramil evin kiçik uşağı idi. Lap kiçik yaşlarından ağılı, tərbiyəsi ilə seçilib Ramil. O,  həmçinin idmanla da məşğul olub. İdmanla məşğul olması onun hərbçi kimi formalaşmasında böyük rol oynayıb. Orta məktəbdə oxuduğu zaman xüsusi fəallığı ilə digər yaşıdlarından fərqlənib. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı haqqında məlumatlar və Birinci Qarabağ müharibəsinin canlı əfsanəsi Qarabağ müharibəsi veteranı, yaxın qohumu Ravid Pənahovun söhbətləri Ramildə düşmənə nifrəti daha da artırıb. Onu da qeyd edim ki, əmisi İsa Birinci Qarabağ müharibəsində iştirak edib. Qarabağ müharibəsi veteranıdır. Ramil 2009-cu ilin iyul ayının 3-də  həqiqi hərbi xidmətə yollanır. Azərbaycan Ordusunda Vətənə övladlıq borcunu yerinə yetirir. 2011-ci ilin yanvar ayının 6-da xidmətini bitirib evə dönür. Xidmətini bitirməsinə baxmayaraq, işğal altında olan torpaqlarımızı işğaldan azad etmək üçün ürəyi vətən həsrəti ilə döyünən Ramil 2013-cü ildə yenidən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “MAHHXHQ hazırlığı kursu”nu bitirib xidmətə başlayır. Çətin təlimlərdə uğurlu nəticələr qazanır. Dəfələrlə Fəxri fərmanlara layiq görülür.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 19 fevral 2019-cu il tarixli əmri ilə ona “kiçik gizir” hərbi rütbəsi verilib. Mənəvi-psixoloji, döyüş və fiziki hazırlıqları ilə digər gizir yoldaşlarından fərqlənib. Hündürboylu bu cəsur cüssəli hərbçi məntiqi, eləcə də səbirli və təmkinli olması ilə komandirlərinin rəğbətini qazanmışdı. Vətən müharibəsi başlayanda döyüş meydanında komandirlərinin tapşırıqlarını uğurla yerinə yetirən Ramil Füzuli, Kəlbəcər, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edir. 03 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur və şəhadətə qovuşur. Onun hərbi biletindən oxuyuram: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub”. Ramilin ən böyük arzusu müharibədən sonra xidmətini, Azərbaycan Ordusunun zabiti kimi davam etdirmək idi… Rəşadətli Azərbaycan Ordusunun igid giziri Ramil Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət göstərdiyinə görə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Bütün bunlar şəhidlik zirvəsində əbədi məkan quran Ramil haqqında mənim bildiklərimdir.

Kədərli gözləri vahid bir nöqtəyə dikilən Nəsibə xanım: “Ramil haqqında çox danışmaq olar”, – deyib kövrəldi. “Vətənpərvərlik hissi, döyüş ruhu ismayıllı gənclərində hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaq.  Ramil ilə bir ana kimi həmişə qürur duymuşam. O, Azərbaycan əsgərinin  şərəfli adına layiq, Hərbi Andına sadiq bir əsgər kimi sonadək döyüşdü. Ramilin silahı Birinci Qarabağ müharibəsində şəhid olan bir hərbi qulluqçunun silahı olub. Bu səbəbdən də o silahı çox əzizləyərdi. Çox istəyirdi ki, tez bir zamanda  torpaqlarımız işğaldan azad olunsun. Hər bir əsgər  başıuca, alnıaçıq, qələbə ilə geri dönsün. Onu da qeyd edim ki, hər zaman idmanla məşğul olurdu. Orta məktəbdə oxuyanda tarix fənnini çox sevirdi. Oğlum Ramil Musayev də Hərbi And içərək Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsində 7 il idi ki, Vətənin keşiyində dayanırdı. İnanıram ki, Ramilin qəlbində qalan arzularını nəvəm Ramil gerçəkləşdirəcək”.

Əmisi İsa Musayev Ramil ilə hər zaman fəxr etdiyini dedi: “Ramil çox istəkli oğul idi. Yaşının az olmasına baxmayaraq fikirləri, düşüncələri elə bil ki, onu daha da böyütmüşdü. Hərbi xidmətə yollananda da qarşısına bir məqsəd qoymuşdu: Azərbaycan Ordusunun giziri olacaq və heç bir çətinlikdən qorxmayacaq. Elə də oldu. Komandirləri Ramilin çox vətənpərvər, bacarıqlı, hazırlıqlı bir gizir olduğunu deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Ramilin xalası Mələk Nəzirməmmədova isə onun yoxluğu ilə hələ də barışa bilmədiyini bildirdi: “Ramil nəslin kiçik nəvəsi olduğuna görə daha istəkli idi. Bayramlarda, əziz günlərdə hər birimizi ayrı-ayrılıqda təbrik edərdi. Çox ağıllı, müdrik uşaq idi. Dostları çox, əhatəsi geniş idi. Elə bil Allah onu uca zirvə üçün yaratmışdı…” Çox təəsüflər olsun ki, Ramilin atası Aydın Musayev oğlunun yoxluğuna dözmədi və 7 dekabr 2020-ci ildə dünyasını dəyişdi.

Söhbətimizi şəhidin böyük qardaşı Ramalın, həm sinif yoldaşı, həm də yaxın dostları olan Toğrul İbadovun, Elnur Nəbiyevin, Yaşar Ağayevin, Elvin Ağayevin və Elçin Ağayevin Ramil barədə söylədikləri xoş, şirin xatirələri ilə davam etdiririk…

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəziləri müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə də, nəsillər bir-birini əvəz etsə də, öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən Ramil kimi oğul və qızlarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, xalqın yolunda canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə, torpağa olan məhəbbət yaşayır. Vətən, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır.

Hər kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini də Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də elə bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an da belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan Vətən övladlarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur.

Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir.

Yalçın Ağayev,

“N”  saylı hərbi hissə komandirinin müavini, mayor

Şərh Yaz