Əməkdar məşqçi – “Qara kəmər”, işıqlı əməllər sahibi

   

 

Həyatda çox az adam tapılar ki, əmək və ömür yollarının erkən gəncliyindən düzgün seçsin. Belə “az”lardan biri İsmayıllıda ilk “Qara kəmər” sahibi, Əməkdar məşqçi-müəllim Əkbər Soltan oğlu Şəfəqətovdur. O, ötən ilin noyabr ayının 20-də Azərbaycan Cüdo Fedarasiyası tərəfindən idmanın bu növü üzrə 3-cü dan dərəcəsinə layiq görülüb.

Qeyd etmək lazımdır ki, onun həyatda formalaşmasında, yüksək insani keyfiyyətlərə malik olmasında ailəsindən aldığı tərbiyənin, şəxsi özü üzərində işləməsinin böyük təsiri var. Qartal zirvəyə can atan kimi, o da daim ülvi amallar, əsrarəngiz gələcək, romantik həyat eşqi ilə yaşayır və mübarizə aparır. Nə qədər çətinliklərlə rastlaşsa da, yorulmayıb, ruhdan düşməyib. Bir tərəfdən də yaşadığı Diyallı torpağı, havası, suyu Əkbəri yetkin bir insan kimi cilalayıb, onu xoş xasiyyətli, kövrək, mərhəmətli, son dərəcə sadə, humanist, əsalətli, vətəncanlı edib.

Bir qədər Əkbərin ömür anlarına nəzər salaq.

Əkbər Soltan oğlu Şəfəqətov 1972-ci il oktyabrın 5-də İsmayıllı rayonunun Diyallı kəndində dünyaya göz açıb. Yaşı tamam olanda məktəbə gedib, oxuyub təhsil alıb. Doqquz yaşından sambo güləş növü ilə məşğul olmağa başlayıb. Pəhləvan Hikmət Əhmədovun (Allah rəhmət eləsin) rəhbərliyi ilə məşqlərdə fəal iştirak edib. Çoxlu tədbirlərdə gücünü yoxlayıb, yarışlarda daim fərqlənib. Əkbər bir müddət də məşqçi Ramil Mikayılovun rəhbərliyi altında məşqlərdə səmərəli iştirak edərək, müxtəlif yarışlarda özünü yaxşı tərəfdən göstərə bilib. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra o, 1990-cı ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə də daim idmanla məşğul olaraq təcrübəsini çoxaldıb. 1992-ci ildə ordudan tərxis olunub. Sonralar həyatında bir sıra dəyişikliklər olsa da 1999-cu ildən yenidən idmana qayıdır. 2001-ci ildə İsmayıllı rayon Təhsil Şöbəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsində çalışıb. Burada bir-birinin ardınca uğurlara yol açıb. 2004-cü ildə ilk dəfə respublika birinciliyində gümüş medal qazanan idmançısı, 2005-ci ildə isə yetirməsi Aysel Osmanlı Azərbaycan çempionu, Gürcüstanda keçirilən Qafqaz birinciliyində 40 kq da yenidən Aysel Osmanlı çempion oldu. 2006-cı il isə daha uğurlu keçdi, qızlarla birlikdə oğlanlar da medallar qazandılar.

Beləcə, Olimpiya idman növü olan cüdoda İsmayıllı idmançıları məşqçi Əkbər Şəfəqətovun rəhbərliyi ilə yüksək arenalarda böyük uğurlar qazandılar. 2010-cu ildə komanda  yarışlarında İsmayıllı cüdoçuları – qızlar respublikada ikinci olaraq gümüş medal sahibi oldular. 2011-ci ildə isə on qız Azərbaycan çempionu oldu, oğlanlar isə gümüş medala layiq bilindilər.

2011-ci ildə Əkbər Azərbaycan Dövlət Bədəntərbiyəsi və İdman Akademiyasına qəbul olundu. 2016-cı ildə müvəffəq qiymətlərlə bitirdi.

2012-ci ildə dörd idmançıyla Azərbaycan çempionatına qoşuldular.

Yarışda 23 yaşa qədər gənclər oğlanlar, həm də qızlar mübarizə apararaq bir qızıl və üç gümüş medal qazandılar.

2012-ci ildə Böyük Dəbilqə beynəlxalq yarışda cüdo tariximizdə Fəridə Qurbanova ikinci yer tutaraq gümüş medala layiq görüldü. Həmin il Əkbər Şəfəqətova əməkdar məşqçi fəxri adı verildi.

2015-ci ildə ilk Avropa oyunları keçirildi. Bu dəfə də iki nəfər idmançı ilk Avropa oyunlarında Azərbaycanı təmsil etmiş Fəridə Qurbanova sambo, Günel Həsənli isə cüdo yarışlarına qatıldılar, medal qazana bilməsələr də böyük təcrübəyə sahib oldular.

Əkbər Avropa oyunlarında Bakı şəhərində yerləşən İdman kompleksinə dörd aylıq rəhbər təyin edilir. Burada da Əkbər işinin öhdəsindən bacarıqla gəlir. Odur ki, Avropa komitəsi onu gümüş medal, fəxri fərman və min dollar pulla mükafatlandırdı. Onun rəhbərlik etdiyi idmançılar respublika və beynəlxalq arenalarda iştirak edirlər. Belarusiyada  keçirilən MDB oyunlarında da Əkbərin rəhbərlik etdiyi Elxan Mirzəzadə bürünc medalla kifayətləndi. Ramil Məmmədli, Ömər Ağayev, Mübariz Əsədli müxtəlif beynəlxalq yarışlarda medallar qazandılar.

2023-cü ildə İsmayıllı cüdoçuları ümumilikdə doqquz beynəlxalq yarışda doqquz medalla vətənə qayıtdılar. Buna görə məşqçi Əkbər Şəfəqətov Qara kəmərə layiq bilindi. Bu idmançıların belə yüksək nəticə qazanmasında, hazırlığında məşqçi Nurlan Salmanzadənin xüsusi əməyi qeyd olunmalıdır.

44 günlük Vətən müharibəsində tələbələrin bir nəfəri – Vüsal Aydın oğlu Dəmirov şəhidlik zirvəsinə ucalmışdır. Onlarla yetirməsi qazi olmuşdur. Yüzdən çox tələbəsi İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Əkbər Şəfəqətov adlı-sanlı məşqçi olmaqla idman aləmində özünə xüsusi yer tutanlardandır. O, son dərəcə sadə, səmimi və mehriban eloğludur. Harada olsa, səmimiyyətlə qarşılanır. Bacarıql, bilikli  öyrədən idmançıdır, məşqçidir. Sədaqətli dostdur, qayğıkeş atadır. Əkbər təkcə öz həmkarlarının deyil, həm də bütün rayon adamlarının hörmətini qazanan insandır. O, üç qız övladı tərbiyə edib, böyüdüb. Böyük qızı Bakı Dövlət Universitetinin fizika fakültəsinin dördüncü kurs tələbəsi, ikinci qızı Pedoqoji Universitetin riyaziyyat fakültəsinin birinci kurs tələbəsi, sonbeşik isə orta məktəb şagirdidir. Məktəbin sayılıb-seçilən şagirdlərindən olmaqla əlaçıdır. Doğulduğu el-obanın və Vətənin şərəfini uca tutan Əkbər işıqlı əməlləri ilə özünə əbədi şöhrət qazanıb.

Hacıməmməd Məmmədov

 

 

 

Şərh Yaz