Məsuliyyətli müəllim, bacarıqlı məktəb rəhbəri, faəl ictimaiyyətçi

İnsan özünü dərk edəndən həyatda öz qarşısına müəyyən məqsədlər qoyur. Ciddi, məsuliyyətli, işgüzar insan bu məqsədlərə çatmaq üçün bir çox çətinliklərə sinə gərərək zəhmət çəkir və nəticədə öz məqsədinə nail olur…

Xalid Mirzəxan oğlu Seyidov da çox çətinliklərdən keçərək bugünkü gününə gəlib çatıb. O, 4 fevral 1964-cü ildə İsmayıllı rayonunun Qalınçaq kəndində dünyaya göz açıb.

1971-ci ildə Qalınçaq kənd tam orta məktəbinin birinci sinfinə qəbul olunur və 1981-ci ildə məktəbi müvəffəq qiymətlərlə bitirir. 1981-1982-ci illərdə Bakı şəhərində texniki peşə məktəbində təhsil alır.

1982-1984-cü illərdə Sovet Silahlı Qüvvələrində hərbi xidmətdə olur. Təhsilini davam etdirmək üçün  1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olur və 1989-cu ildə oranı coğrafiya və əlavə biologiya ixtisası üzrə fərqlənmə diplomu ilə institutu bitirir. 1986-1988-ci illərdə əlaçı olaraq jurnalist ixtisası almışdır.

Hələ orta məktəbdə, sonralar peşə məktəbində və institutda da çalışqan, savadlı, ictimai işlərdə fəal iştirak edən Xalid Seyidov bu xüsusiyyətlərini saxladı və daha da inkişaf elətdirdi. Tələbə ikən o, vaxtının çoxunu kitablarla keçirirdi. O, seçdiyi fənni daha dərindən bilməyə çalışır, bu haqda əlcaə materiallara da müraciət edərdi. O, əlaçı və fəal ictimaiyyətçi olduğuna görə institut Komsomol Komitəsinin plenum üzvü seçilmişdir.

Xalid Seyidov Elmlər Akademiyasının Zoologiya İnstitutunda illərlə Elmi tədqiqatlarla məşğul olsa da, öz doğma kəndinə 1989-cu ildə qayıdıb müəlimlik peşəsini şərəflə davam etdirir. Müasir dərsə verilən tələblərdən bacarıqla istifadə edən Xalid müəllim hər dərsə əvvəlcədən hazırlaşır, hansı işləri görəcəyini, hansı üsullardan, priyomlardan istifadə edəcəyini planlaşdırır. Bu da onun dərslərini daha da maraqlı edirdi.

Xalid müəllim hər bir tədris ilində coğrafiya fənninin tədrisi keyfiyyətini dövrün tələbləri səviyyəsinə qaldıraraq, şagirdlərin coğrafiya bilik və dünyabaxışının genişləndirilməsinə, onların müstəqil Azərbaycanımızın fəal qurucuları kimi tərbiyə edilməsi sahəsində müvəffəqiyyətə nail olur.

Xalid müəllim yeni mövzunun şərhi zamanı şagirdlərin müstəqil işlərinin səmərəli təşkilinə mühüm əhəmiyyət verir, dərs dediyi şagirdlər yeni mövzunu şüurlu və müstəqil mənimsəyirlər. Xalid müəllim coğrafiya elminə maraq oyatmaq məqsədilə tapmaca xarakterli bədii parçalardan da geniş istifadə edirdi. Onun savadlı, bacarıqlı olması, işinə məsuliyyətlə yanaşması həm çalışdığı məktəb kollektivinin, həm də Təhsil şöbəsinin əməkdaşlarının gözündən yayınmadı. O, əvvəlcə məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkilir. Hal-hazırda isə Qalınçaq kənd tam orta məktəbinin direktorudur.

Xalid Seyidov işlərini günün tələbləri səviyyəsində qurur. O, təlim-tərbiyə və metodiki işləri lazımi səviyyədə təşkil edir, şagirdlərin dövlət standartlarına uyğun təhsil almaları üçün bacardığı köməyi göstərir. Metodiki şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti lazımınca həyata keçirir. Eləcə də, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə öz təkliflərini verir, müəllimlərin ixtisasartırma və yenidən hazırlanma təhsilinə cəlb olunmalarına çalışır və buna nail olur.

Xalid Seyidov ancaq məktəb və rayon səviyyəsində deyil, həm də Elm və Təhsil Nazirliyi səviyyəsində öz biliyinə, bacarığına görə tanınmış bir müəllim, bir direktordur.

Xalid müəllimi yaxşı tanıyanlar onun yaradıcılıqla da məşğul olduğunu bilirlər. Onun şeirləri, oçerk və məqalələri “Zəhmətkeş”, “Gənc müəllim”, “Azərbaycan müəllimi”, “Gənclik” jurnalı, “Azərbaycan Təbiəti” jurnalı, “İsmayıllı xəbərləri” və digər qəzetlərdə çap edilmişdir.

Xalid müəllim daim öz üzərində çalışan bir pedaqoqdur. Bildiyimiz kimi kurikulum üzrə keçirilən təlim kursları bu sahədə müəllimlərə yeni biliklər aşılayıb. Xalid müəllim müxtəlif vaxtlarda fənn kurikulumunun tətbiqi ilə əlaqədar “Öyrədənlərin öyrədəni” kurslarından keçərək sertifikat əldə etmişdir. Pedaqoji sahədə səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə dəfələrlə müxtəlif təşkilatlar tərəfindən Fəxri fərmanlar və birinci dərəcəli Diplomlarla mükafatlandırılmışdır.

Çalışdığı kollektiv Xalid müəllimi çox sevir. Biz də onunla tez-tez görüşüb, həmsöhbət oluruq. Xalid müəllim həmişə dosta, tanışa gərək olan xeyirxah insandır. Bacarıqlı məktəb rəhbəri olmaqla yanaşı, həm də fəal ictimaiyyətçidir.

Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün məktəbin maddi-tədris bazası yenidən qurulmuşdur. Yeni məktəb binası tikilərək tam istifadəyə verilmişdir.

Fənn kabinetləri, tədris əyani vasitələrlə zənginləşdirilmişdir. Müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) pedoqoji prosesdə genis tətbiq olunur. Şagirdlərin milli-mənəvi, estetik, əxlaqi və vətənpərvərlik ruhunda tərbiyə edilməsinə məqsədyönlü iş aparılır.

Məktəbdə kənd icması, məktəb özünüidarə orqanları və valideyn birlikləri ilə səmərəli iş qurulmuşdur. Məktəbdə təlim şəraitinin yaxşılaşdırılması, innovasiyaların tətbiqi, tədris keyfiyyətinin müasir qiymətləndirmə normaları ilə müəyyənləşdirilməsi, müəllimlərin pedaqoji ustalığının artırılması, qabaqcıl iş təcrübəsinin geniş öyrədilməsi öz iş fəaliyyətində tətbiqi nəticəsində məktəb yüksək təlim göstəricilərinə nail olmuşdur.

Xalid Seyidov nümunəvi ailə başçısıdır. Üç övladı, 8 nəvəsi var. Dərs dediyi şagirdlər kimi, ailə üzvləri də yurdsevər, torpaqsevərdirlər.

Ciddi, məsuliyyətli müəllim ömrünün – Xalid Mirzəxan oğlu Seyidovun 60 illik yubileyidir. Təhsil sahəsində böyük iş təcrübəsinə malik olan Xalid müəllimi yubileyi münasibətilə ürəkdən təbrik edir, ona həyatda ən gözəl nemət olan can sağlığı arzulayırıq.

Hacıməmməd Məmmədov

 

 

Şərh Yaz