Mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir  

İsmayıllı Rayon İcra Hakimiyyətinin və YAP İsmayıllı rayon təşkilatının birgə iştirakı ilə “Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” adlı tədbir keçirilib.

YAP İsmayıllı rayon təşkilatında keçirilən tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, ictimaiyyət nümayəndələri, YAP fəalları iştirak edib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin, Tovuz döyüşləri zamanı şəhid olan vətən oğullarının və ərazilərimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Ümummilli liderə həsr edilmiş filmə baxılıb.

Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Sevil Əhmədova ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri olduğunu qeyd edib. Bildirib ki, Ulu öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov 14 iyul 1969-cü ili milli özünüdərkin, soykökə qayıdışın başlanğıc dövrü kimi xarakterizə edərək bu gün ölkəmizin Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazandığını bir daha qeyd edib.

Tədbirdə çıxış edənlər 1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşdüyünü diqqətə çatdıraraq, məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı dünyada tanıtdığını, həm də milli varlığımızı qoruyub saxladığını bildiriblər. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.

Tədbirin sonunda bir qrup gəncə YAP-a üzvlük vəsiqələri təqdim edilib və xatirə şəkli çəkilib.

 İlqar Əhmədli

Şərh Yaz