Həyatının hər bir anı şanlı tariximizdir

 

Bütün dünya üçün ümumbəşəri lider, Azərbaycan xalqı üçün isə ümummilli lider olan ulu öndərimiz Heydər Əliyevin ömrünün hər bir anı şanlı tariximizdir. Mən Ulu öndərin 1969-1981 və 1993-2003-cü illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə müxtəlif vəzifələrdə çalışmışam. Odur ki, Respublikamızda baş verən siyasi hadisələri yaxşı xatırlayıram. Azərbaycan tarixinin böyük bir mərhələsini yaşayan, xalqımızın qürür və qeyrət simvolu olan, Azərbaycan xalqını qələbələrə, yüksəlişə aparan, milli xilaskarımız, həmişə azərbaycanlı olması ilə fəxr edən, xalqını sevən ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik.

Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. Mən özüm şahidiyəm ki, Heydər Əliyevin bölgələrə etdiyi səfərlər, həmin yerlərə sürətli inkişaf, yüksək rifah, zəngin sosial həyat gətirirdi.

Biz ismayıllılar da arzumuza 23 iyul 1981-ci ildə çatdıq. Xalqın ümidgahı olan Heydər Əliyevi Ağsu-İsmayıllı sərhəddində qarşılayanlar arasında mən də var idim. O, bizimlə səmimi görüşdü və sonra onunla Xəlilli kəndində üzüm bağının kənarında, tarla düşərgəsində əhalinin görüşü oldu. Həmin gün  Xanlar adına sovxozun zəhmətkeş üzümçüləri ilə də Heydər Əliyevin görüşü oldu. Ümummilli lider hər bir əməkçi ilə səmimiyyətlə görüşürdü. Rayon mərkəzində “Zəka” kitab evinin açılışını da Heydər Əliyev etdi. İndiki Rayon İcra Hakimiyyəti, Maliyyə İdarəsi və Əhalinin Sosial Müdafiəsi binaları yerində olan müasir üslubda tərtib edilmiş ticarət mərkəzinə baxan Heydər Əliyev görülən işləri bəyənmişdi.

24 iyul 1981-ci ildə rayon Mədəniyyət evində fəallar yığıncağı oldu. Ümummilli lider Heydər Əliyev hər bir iştirakçıda daxili bir səfərbərlik yaradan, insanları daha böyük uğurlara yönəldən nitq söylədi. Həmin illərdə rayon rəhbəri olan Qəşəm Aslanovun şəxsində İsmayıllıda gedən işləri təqdir etdi, çox dəyərli tapşırıq və tövsiyyələrini verdi.

Lahıc qəsəbəsinə yol çəkilişi barədə göstərişi də Ulu öndər elə bu yığıncaqda verdi. Nitqinin başlanğıcında bölgəmizə böyük qiymət verən Heydər Əliyev dedi: “Sizin rayon bildiyiniz kimi, Respublikamızın ərazisində təbiət etibarı ilə, torpaq etibarı ilə gözəl guşələrdən biridir və böyük tarixə, böyük ənənələrə malik olan rayondur”.

 Heydər Əliyev həmin gün axşam İvanovkada təntənəli yığıncaqda Nikolay Vasilyeviç Nikitinin sədr olduğu kolxoza Qırmızı Əmək Bayrağı ordenini təqdim etdi. 25 iyul 1981-ci ildə İvanovkadakı Kalinin adına kolxozun təcrübəsi əsasında “Heyvandarlığı və yemçiliyi əsaslı surətdə yüksəltmək yolları” barədə Respublika seminarı keçirildi.

1981-ci ildə noyabr ayının sonunda baş verən güclü zəlzələ nəticəsində əhali arasında qorxu yaranmışdı. Hamı evindən kənarda gecələyirdi. Dekabr ayının 5-də Respublikamızın rəhbəri Heydər Əliyev İsmayıllıya gəldi. Mübariz Orucov küçəsində, Mican, Mücühəftəran, Ruşan kəndlərində oldu. Evlərə baxdı, hamıya təskinlik gətirən, ümid verən sözlər dedi.

Ümummilli liderin təkidi ilə İsmayıllı barədə Ümumittifaq qərarı qəbul olundu, 22 milyon rubl vəsait ayrıldı. Ulu öndərin səfəri, əhali ilə qayğılı görüşü sanki zəlzələ xofunu, zəlzələ qorxusunu aradan götürdü. Hamı evində gecələməyə başladı. Nəticədə, İsmayıllı ərazisində yeni hündürmərtəbəli evlərin inşasına başlanıldı. Yeni məktəblər, yaşayış binaları tikildi, bir sözlə, İsmayıllı tamamilə yenidən quruldu. Ümummilli liderimiz Heydər Əliyevin Şəki şəhərinə səfər edəcəyi xəbərini eşidən İsmayıllı sakinləri onunla görüşmək üçün 8 noyabr 2002-ci il tarixdə Nizami küçəsinin başlanğıcındakı meydana toplaşdı. Bu insanları görən Heydər Əliyev nəzərdə tutulmayan dayanacaq etdi. Əhali ilə görüşdü, yenə də İsmayıllı barədə xoş sözlər dedi. “İsmayıllı çox gözəl rayondur, mən buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu rayondan bir dənə də olsun mənfi şey eşitməmişdim. Təbiəti yaxşıdır, bütün ətrafı gözəl meşələr, çaylardır. İndi Allah sizə belə gözəl bir yer nəsib edibdir”.

Tarix ulu öndər Heydər Əliyevin uzaqgörənliyini yenə də təsdiqlədi, çünki İlham Əliyev millət atasının missiyasını davam etdirməyin sirrini çox gözəl bilirdi. Prezident İlham Əliyev qısa bir müddətdə uğurlara imza atdı, xalqının sonsuz rəğbət və hörmətini qazandı. O uğurlar böyük qələbələrin estafeti kimi bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun, Azərbaycan xalqının birgə səyi nəticəsində Qarabağ 44 gün ərzində işğaldan azad edildi.

Yaşar Nuriyev,

 İsmayıllı Rayon Ağsaqqallar Şurasının üzvü

 

 

Şərh Yaz