Qəhrəman ananın igid oğlu…      

Zenfira Bəybala qızı Zeynalova 26 iyun 1960-ci ildə Ağsu rayonunda anadan olub. Orta təhsilini elə öz rayonunda alıb, elə Ağsu rayonundakı peşə təhsil məktəbində də üzümçülük ustası ixtisasına yiyələnib. 20 may 1978-ci ildə Ağsu rayonu M.Ə.Sabir adına sovxozun 3 nömrəli üzümçülük briqadasında fəhlə kimi işə başlayıb.

Bu qarayanız gözəlin diribaşlığı, liderlik bacarığı ilk günlərdən sovxoz direktorunun, daha sonra işlədiyi sahə yol kənarında olduğundan o zamanlar Ağsu Rayon Partiya Komitəsinin birinci katibi işləyən Ramazan Ədilovun diqqətini çəkir. Birinci katib demək olar hər gün kəndlərə gedir, təsərrüfatları gəzir, işə şəxsən özü nəzarət edirdi.  O, Zenfira ilə işlədiyi sahədə tanış olmuş, onun qulluq etdiyi üzüm bağına baxaraq üçillik bağın bu qədər məhsul verdiyinə heyrət etmişdi. Zenfiranın təcrübəsi, bacarığı və təhsili nəzərə alınaraq 1978-ci ildə üzümçülük briqadiri təyin edilir. Üzümçü kimi necə yaxşı ad-san qazanmışdısa, briqadir kimi o ad daha da şöhrətlənir. Ağsuya gələn əksər mötəbər qonaqları onun sahəsinə gətirirlər, qəzetlər onun iş təcrübəsini yayırlar. Bu qaragöz, qarayanız, qəmzəli gözəl hamının sevimlisi olur. Nəinki Ağsuda, eləcə də Respublikada keçirilən dövlət tədbirlərinə dəvət olunur.

İsti bir yay günündə rayona xəbər yayılır ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Ağsuya gələcək. İldırım sürəti ilə yayılan bu xəbər Zenfiranı diksindirir, barmağını dişləyir: “Hökmən bu ali qonağı mənim briqadama gətirəcəklər” – düşünür. Həmişə səhər açılan kimi sahəyə gələn Zenfira o gün özü də, briqadasının üzvləri də səhəri üzümlükdə açırlar, burada hər şey qaydasında idi, tənəklər də salxımların ağırlığından bellərini “bükmüşdülər”. Amma qızlar yenə qollarını çırmaladılar…

Zenfira zənnində yanılmamışdı: ali qonağın Ağsuda görüşdüyü ilk əmək adamı o oldu. O qədər səmimi, o qədər yaddaqalan bir görüş oldu ki… 19 yaşlı bir kənd qızını bu görüş nə qədər həyəcanlandırsa da, dili ara-sıra topuq vursa da, rəhbərin suallarını cavabsız qoymadı və… sonda bar verən bağ sırasına qatılmayan özü kimi gəncəcik bağından qonağın gəlişi şərəfinə əlavə min ton məhsul toplayacağına da söz verdi. Və nə o böyük insana verdiyi sözü unutdu, nə də ömür kitabına qızıl hərflərlə yazılan o görüşü. Vədinə əməl etdi, görüşü də yaddaş kitabına baş hərflərlə yazdı. O məşhur görüşdən sonra Ağsuda Zenfiranı – bu gənc briqadir xanımı tanımayan olmadı. Onu Ağsuda, eləcə də gəlin köçdüyü İsmayıllıda  “briqadir Zenfira” kimi tanıdılar, belə də təqdim edib tanıtdılar. Yatsa yuxusuna belə girməzdi ki, bir gün onu başqa adla – təkcə briqadirlikdən yox, hər şeydən uca olan bir adla çağıracaqlar… Yuxusuna belə girməzdi… Ancaq həyatına girdi o ad, adının önünə gəldi o uca ad, briqadir sözünü elə sıxışdırdı ki, o ad… ruhu belə duymadı…

Zenfira daha briqadir deyildi, heç üzüm də becərmirdi, qonşu rayondan – İsmayıllıdan olan bir gənclə ailə qurub bu rayona köçmüşdü. Başqa rayon, başqa mühit… Ancaq mehribanlığı, şirin dili, üzügülərliyi onu qısa vaxtda qohuma da, qonşuya da sevdirmişdi. Sonra… sonra ilki, ilk beşiyi Novruz dünyaya gəldi, bir bahar günü. Qəhrəman ananın igid oğlu, illər sonra anasının “qəhrəman briqadir” adını hər kəsə unutduracaq, anasına yeni bir ad qazandıracaqdı Novruz. Hələlik isə…

Novruz anadan olanda İsmayıllıya yaz gəlirdi və o gələn yazın müjdəçisi olan novruz elə Novruzla bir gündə, bir saatda girdi Həmzəyevlər ailəsinə. İsmayıllıya yaz gəlirdi, İsmayıllıda yaz idi, bir neçə yüz kilometr aralıda –  Qarabağda isə kimsənin yadına nə bahar düşürdü, nə də yaz – o torpaqlarda erməni vəhşiliyinə bürünmüş sərt bir qış var idi, bitib tükənməyən, hər anı qan, ölüm olan buz kimi şaxta var idi. Novruzla bir gəldiyindən adını da özü ilə gətirib gələn balaca Novruz isə bütün bunlardan xəbərsiz gah atası Bəkirin, gah da anası Zenfiranın qucağında bəxtəvər körpəliyini yaşayırdı. O vaxtlar Həmzəyevlər ailəsi hələ bu həyətə yenicə köçmüşdülər, ev tikməyə belə nə vaxtları, nə maddi imkanları yetməmişdi. Hələki o dəmir qutu – vaqon evləri idi, evləri dəmirdən olsa da, içərisi isti idi, ata, ana 2 balaca balası ilə o qədər mehriban, o qədər xoşbəxt idilər ki … o mehribanlıq, o sevgi soyuq dəmiri belə “yumşaldırdı”, isidirdi. Ancaq… qardaşından fərqli olaraq Novruz üşüyən idi, həmişə evdə olanda anasına peçi gur qaladar, kürəyini az qala peçə dayayıb oturardı. Atası gülüb: “İsti qucaq səni pis öyrətdi” – deyərdi. Ancaq Novruz heç “qucaq uşağı” olmadı.

Bu balaca, sakit uşaq fikrən çox tez böyüdü, torpağa, Vətənə bağlı biri kimi yetişdi. Ağlı söz kəsəndən Qarabağ barədə eşitdiyi hər xəbərin, hər sözün dərininə gedərdi. Futbola baxmağı çox sevərdi, bir də balıq tutmağı. Vaxt tapan kimi qaçardı Əyriçaya, ya da Aşıqbayram gölünə. Bir dəfə yenə balıq tutmağa getmişdi, qayıdanda əlindəki bir neçə kiçik balığı qardaşı Şamoya göstərib dedi : “Deyirlər, Həkəri çayında balıq o qədər çoxdur ki, leskaya, tora ehtiyac olmur, əlini at, tut”. Kənardan onların söhbətinə qulaq asan anası təəccüblə Həkəri çayının harada olduğunu soruşdu. Novruzun cavabı hamını şaşırtdı: “Qubadlını ermənilər sən uşaq olanda işğal ediblər axı, ora necə gedərsən?” Novruz qətiyyətlə “Gedəcəm, ana, hökmən gedəcəm, görəcəksiz” – dedi. Dedi və kişi kimi sözünə sahib çıxdı. 2010-2011-ci illərdə hərbi xidmətdə olan Novruz 2013-cü ildə yenidən orduda xidmətə başlayır – kəşfiyyatçı snayper kimi və az vaxtda özünü əsil hərbiçi kimi tanıdır. Və təkcə tanıtmır – 2016-cı il Aprel döyüşlərində bunu döyüşü ilə təsdiqləyir.

Həmin il xidməti başa çatsa da, 2 il sonra təkrar orduya qayıdır və gizir rütbəsində xidmətini davam etdirir. Anası çox istəyir ki, Novruz tərxis olunub geri qayıtsın, ancaq Novruzun bir cavabı olur: “Qubadlıda balıq tutum, sonra”. Vətən savaşı başlayanda Zenfira ananın da ürəyini dərd alır, yuxusuz gecələri, narahat gündüzləri başlayır. Novruzsa müzəffər ordumuzla kənd-kənd, şəhər-şəhər irəliləyir – Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan, Suqovuşan və Talışın alınması uğrunda döyüşlərdə iştirak edir. Mərdliklə döyüşür, ZTR komandiri kimi vəzifəsinin öhdəsindən şərəflə gəlir. Döyüş  meydanından 127 şəhid və yaralı çıxarır.

Noyabrın 7-də  –  sona bircə gün qalmış Şuşa uğrunda gedən döyüşdə qəlpə  yaraları alır və … Qubadlıya – Həkəri çayına bir addım qalmış şəhid olur. Həkəri çayına çatmasa da arzusuna çatır – torpaqlarımızın geri qaytarıldığı günü görür və nəinki görür, o qələbəni canı ilə, qanı ilə qazanıb adını qaliblər sırasına yazır.

Aprel və II Qarabağ savaşında mərdliklə döyüşən igid İsmayıllı balası ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Vətən uğrunda” medalı ilə təltif olunur. Atası “Novruz arzusunu çin etdi” – deyib təsəlli tapır, anası isə nigarandı, çox nigaran…

Novruz soyuq aylarda məzuniyyətə gələndə hissədən çıxmamış təzə evə köçsələr də o soyuq vaqon evi yada salıb “Ana, peçi gur qala, gəlirəm” – deyərdi. İndi o soyuq məzardadır… Ancaq Zenfira ana burada da özünə təsəlli yeri tapır: “Torpaq da anadır, balamı qucağında isidər” – deyir…

… Qəhrəman ananın igid oğlu, məkanın cənnət olsun!

Lətifə Əliyeva,

 İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Şərh Yaz