Ana dilimiz milli-mədəni varlığımızın uca dəyəridir

Ana dilimiz və bu dildə ünsiyyət bacarıqları milli-mədəni varlığımızın ən uca dəyəridir. 2006-cı ildə AŞ tərəfindən qəbul edilən ən mühüm kompetensiyalardan biri Ana dilində ünsiyyətdir. Dövlət dili haqqında qanunda deyilir: “3.0.4. dövlət dilinin saflığının qorunması, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi” dövlətin əsas vəzifələrindəndir.

Təhsil sahəsində bu istiqamətdə müxtəlif işlər görülür. Tam orta təhsil müəssisələrinin təmayül siniflərinin bəzilərində “Nitq mədəniyyəti” fakültativ kursu tədris olunur. Layihəni tətbiq etmək istədiyim Zərnava kənd tam orta məktəbində şagird sayının azlığı təmayül siniflərin yaradılmasına icazə vermirdi. Həmçinin digər məktəb H.Abbasov adına Qaraqaya kənd ümumi orta məktəbi olduğundan təmayül siniflər yaradıla bilməzdi. Ümumtəhsil məktəblərində tədris edilən fənlərdə bu istiqamətdə praktiki tapşırıqlar və məlumatlar məhduddur. Eyni zamanda bölgələrimizdə, ucqar dağ kəndlərində ləhcə elementləri şagirdlərin nitqində bariz şəkildə hiss edilir. Ünsiyyətdə olduqları insanların böyük hissəsi də eyni tərzdə danışdıqları üçün nitqlərində problem olduğunu ya bilmir, ya da bunu necə aradan qaldıraraq səlis nitqə yiyələnə biləcəklərini bilmirlər.

Ötən ilin yanvar ayı ərzində “Düşünən oxucu” müsabiqəsinin məktəb mərhələsi təşkil edildi. Müsabiqənin bölgə və ölkə mərhələlərində şagirdlərimizin uğur payını azaldan ən vacib nüansın məhz nitqləri olduğunu gördüm. Şagirdlərimiz biliklərini və oxuduqları əsərin əsas ideyasını çatırmaqda çətinlik çəkirlər, parazit səs və ifadələri (“ıııııı” “yəni ” və s.) davamlı şəkildə təkrar edirlər, həyəcanlanırlar. Nəticədə nitqlərində rabitəlilik itir, nəfəslərini nitqdə doğru istifadə etməyi bacarmır, intonasiyadan, jest və mimikalardan yerində isifadə olunmur…

Ümumtəhsil məktəblərində müxtəlif inşa, esse və s. yazı bacarıqları tələb edən müsabiqələr mütəmadi olaraq keçirilir. Həmçinin tədris ili boyunca kifayət qədər tədbirlər, şənliklər keçirilir. Həmin tədbirlərdə düzgün diksiya ilə şeir, mahnı, müxtəlif mətnlərin və rollu oyunların təqdim olunması tələb olunur. Belə tədbirlərdə çıxış edən şagirdlərdə həyəcan hissi yaranır, təqdimatları müəyyən səbəblərdən uğurlu alınmır.

Ümumiyyətlə, insanların kütlə önündə çıxış qorxusu olduqca böyükdür. 2015-ci ildə aparılan araşdırmaların birində bu fobiyadan insanların 25 faizdən çoxunun əziyyət çəkdiyi məlum olmuşdur. Hətta bir çox tədqiqatlarda bu qorxunun ölüm qorxusundan üstün olduğu müəyyən edilmişdir. Bu fobiya insanlarda ciddi fiziki dəyişikliklər yaradaraq axıcı nitq prosesinə mane olur. Bu zaman insanlarda bədən əsməsi, həyəcan, ürək ritminin artması ağızda quruluq, səs batması, səs tonunda dəyişiklik, səsin incəlməsi kimi hallar baş verir. Belə insanlar cəmiyyət qarşısında pis vəziyyətə düşməmək, utanmamaq üçün kütlə önündə nitq deməkdən çəkinirlər. Nəticədə özünəinam hissi azalır, özlərini düzgün ifadə edə bilmədiklərindən arzu etdikləri uğurlu həyata nail ola bilmirlər.

Yazdığım layihənin əhatə etdiyi əsas problem şagirdlərin şifahi və yazılı nitqindəki qüsurlar, həmçinin ictimai nitq fobiyasıdır. Bu problemlər də həmçinin müxtəlif problemlərə səbəb olur: kəkələmə, pəltəklik, pauzanın, tonlamanın düzgün olmaması, yazı xətaları, dil sürüşmələri. Zamanla sadalanan problemlərdən əziyyət çəkən şəxslərdə özünəgüvən azalır və sosial fobiya yaranır. Belə insanlar nitq bacarığı tələb edən peşələrdən yayınırlar.

Layihəmin icrası zamanı adları qeyd edilən ümumtəhsil məktəblərində klublar yaradaraq, müxtəlif təlimlər keçirərək, praktiki tapşırıqlarla sadalanan problemlərin həllinə nail olacağıma inanırdım. Məhz bu səbəblə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi“ üçün “Diksiya – uğurlu gələcəyin açarı“ layihəsini yazaraq təqdim etdim və qalib oldum.

15 sentyabr və 16 sentyabr tarixlərində uyğun olaraq İsmayıllı rayon Zərnava kənd tam orta məktəbi və H.Abbasov adına Qaraqaya kənd ümumi orta məktəblərində şagird və müəllim kollektivinin iştirakı ilə layihənin açılış tədbirlərini təşkil etdim. Tədbirdə iştirakçılara layihə haqqında ətraflı məlumatlar verərək yaranan sualları cavablandırdım. Çıxış edənlər layihədə iştirak edəcək şagirdlərə uğurlar dilədi. İcra müddətində layihə ilə bağlı müxtəlif çap materialları (banner, buklet, təqvim, köynək və s.) dizayn edib çap etmiş, könüllülük prinsipi əsasında hər məktəbdən 20 şagird olmaqla ümumilikdə 40 şagirdi layihəyə cəlb etdim. Məktəblərdə həmin şagirdlərdən ibarət “Gənc natiqlər“ klubu yaradaraq müvafiq məktəblərin Azərbaycan dili və ədəbiyyat müəllimlərini klub rəhbəri olaraq təyin etdim.

5 Oktyabr – Müəllimlər Günü münasibətilə Bank of Baku korporativ sosial məsuliyyət proqramı çərçivəsində İsmayıllı rayonunun 5 kəndindəİstisu, Topçu, Gəndov, Tircan və Zərnava kəndlərində fəaliyyət göstərən orta təhsil müəssisələrinə innovativ təhsilə dəstək olmaq məqsədilə proyektor (tam dəst), 100-dən çox aztəminatlı ailələrin övladlarına isə məktəbli ləvazimatları hədiyyə olunub. Bu layihədə iştirak edən məktəblər Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində uğur qazanmış məktəblərdir. Zərnava kənd tam orta məktəbinin adından bizə və şagirdlərimizə göstərilən diqqət üçün “Bank of Baku”ya təşəkkürümü bildirirəm .

Layihə çərçivəsində ilkin qiymətləndirmə keçirilmiş, təlim tarixləri və proqramları dəqiqləşdirilmişdir. “Diksiya Akademiyası”nın nitq təlimçisi, İTV-nin müxbiri Nuranə Abıyeva şagirdlərə onlayn təlimlər vasitəsilə praktik tapşırıqlar vermiş, səlis nitqin sirlərini öyrətmişdir. İsmayıllı rayon təhsil sektorunun Psixoloji – tibbi-pedaqoji komissiyasının sədri, təlimçi-psixoloq Ruslan Kamilov şagirdlərlə onlayn və əyani görüşlərdə müxtəlif nitq problemləri və onların yaranma səbəblərinə toxunaraq praktiki üsullarla həlli qaydası haqqında tövsiyyələr vermişdir. Davamlı praktiki məşqlərlə müxtəlif nitq qüsurlarını aradan qaldırmağın mümkünlüyünə şagirdlərdə inam yaranmışdır. Təlimlərdə şagirdlərin məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənlərindən əldə etdikləri biliklər təkrar edilib, həmçinin yeni nəzəri məlumatlar əldə etmişdirlər. Bədən dilindən, jest və mimikalardan düzgün istifadə şagirdlərdə psixomotor fəaliyyəti inkişaf etdirmişdir. Düzgün nəfəsalma texnikalarını öyrənən şagirdlər həyəcanlananda sakitləşə biləcək, həmçinin səs tellərini yaxşı titrədərək intonasiyalı nitqə malik olacaqlar. Kənd məktəblərindəki şagirdlərin nitqində olan ləhcə elementləri, yad ünsürlər (varvarizmlər, dialekt sözlər) şifahi və yazılı nitqdə istifadə olunmayacaq. Layihənin icrası müvafiq kəndlərin məktəb icmalarına müsbət təsir etmişdir. İki kənd məktəbinin birgə əməkdaşlığı şagirdlərə faydalı olmaqla bərabər müəllimlər arasında bilik və təcrübə mübadiləsinə səbəb olmuşdur. Vaxtaşırı şagirdlərin bir yerə toplanması şagirdlər arasında fikirlərin, bilik və bacarıqların mübadiləsinə zəmin yaratmışdır. Təlimlərdə şagirdlərin müxtəlif təqdimatlarla çıxış etməsi onlarda təqdimat bacarıqlarını inkişaf etdirmiş və birgə fəaliyyət şagirdlərin sosiallaşmasına xidmət etmişdir. Sosial çarxın çəkilib nümayiş olunması layihənin ictimaiyyətdə hədəf qrupunu genişləndirəcəkdir. Layihənin gedişatında valideynlərə və müəllimlərə müvafiq istiqamətdə məlumatların verilməsi onları da maarifləndirəcək və nəticədə özləri də daha səlis danışmağa çalışaraq şagirdlər üçün şəxsi nümunəyə çevriləcəklər.

Layihə çərçivəsində 07 yanvar 2023-cü il tarixində H.Abbasov adına Qarqaya ümumi orta məktəbində “Diksiya“ müsabiqəsi təşkil edilmişdir. Müsabiqə üç nominasiya üzrə keçirilmiş, şagirdlər şifahi və yazılı nitq bacarıqlarını müxtəlif şeir təqdimatları, inşa mövzuları ilə nümayiş etdirmişdir. Qaliblər diplom və hədiyyələrlə təltif edilmişdir.

Beləliklə, layihə sayəsində “uğurlu gələcəyin açarı”nı əldə etmiş şagirdlər təlimlərdən əldə etdikləri bilik və bacarıqları müxtəlif tədbirlərdə, şənliklərdə, müsabiqələrdə nümayiş etdirəcəklər. Şagirdlərdə ünsiyyət bacarıqları formalaşacaq, ana dilimizin saflığını qorumağa çalışan nümunəvi fərdlərə çevriləcəklər. İctimai nitq bacarıqlarına yiyələnməklə dövlətin və cəmiyyətin tələblərinə cavab verəcək şəxslərə çevriləcəklər. Müstəqil həyatda seçəcəkləri peşə sahəsində uğurlu əmək fəaliyyətinə yiyələnəcəklər. Ədəbi dilin normalarına əməl etməklə və çıxış fobiyasına qalib gəlməklə səlis nitqə malik olacaqlar. Ucqar dağ kəndlərindən olan şagirdlərimiz gələcək həyatlarında cəmiyyətə daha rahat adaptasiya olacaqlar .

Lətafət Səfərli,

Zərnava kənd tam orta məktəbinin coğrafiya müəllimi

Şərh Yaz