“Mənim peşəm mənim gələcəyimdir” layihəsi çərçivəsində açılış tədbiri və ilk maarifləndirici seminar keçirilib

10 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində icra edilən “Mənim peşəm mənim gələcəyimdir” layihəsi üzrə açılış tədbiri və ilk maarifləndirici seminar keçirilib.

Seminarda İsmayıllı rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə rəhbəri Vəfa Vahabova, layihə üzrə ekspert Ziba Məmmədova, təlimçi Elnarə Qasımova və İsmayıllı Rayon Yeniyol kənd tam orta məktəbində təhsil alan 30-a yaxın şagird iştirak edib.

Tədbiri giriş nitqi ilə İsmayıllı rayon Yeniyol kənd tam orta məktəbinin direktoru Rəşad Vahabov açıb.

Layihə rəhbəri, İsmayıllı rayon Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vəfa Vahabova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında, doğru və əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən edilib.

“Mənim peşəm mənim gələcəyimdir” adlı maarifləndirici flayerlər hazırlanıb və yaxın zamanlarda İsmayıllı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında yayılması nəzərdə tutulub.

Təlimçi Elnarə Qasımova, “Mənim peşəm mənim gələcəyimdir” layihəsi çərçivəsində məktəblilərin düzgün peşə seçimi baxımından layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, ölkədə insan rifahının inkişafı naminə peşə təhsilinə diqqətin artırılması məqsədi ilə təşkil olunan layihə çərçivəsində otra, orta ixtisas, peşə üzrə təhsil alanlar üçün peşənin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, peşə təhsilinin vacibliyi və. s kimi mövzuların müzakirəsi vacibdir.

Seminarda iştirak edən müəllimlər və şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici flayerlər paylanıb.

 

 

Şərh Yaz