Yaddas kitabcasi

Tarix yazanlara qayğı göstərmək dövlətin əsas vəzifəsidir

30 ildir Azərbaycan torpaqlarını işğalda saxlayaraq beynəlxalq hüququ heçə sayan Ermənistan rəhbərliyi davranışı, təxribat xarakterli çıxışları və addımları bu münaqişənin həllinin sülh yolu ilə mümkün olmadığını göstərirdi. Bütün bunları gördükləri halda məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksək vəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Kimlərinsə maraqlarına uyğun idi ki, Azərbaycan xalqı belə vəziyyətdə yaşasın. Daim ölkəmizə ikili standartlarla yanaşan bəzi qeyri-hökumət təşkilatları və hökumətlər ədalətsizliyə göz yummaqla Ermənistana 30 il ərzində pulsuz silah verərək onları məqsədyönlü şəkildə bizə qarşı silahlandırırdılar. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistandan isə sadəcə olaraq, bir alət kimi istifadə edirdilər. Ona görə də biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq.

İşğalçılığa və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycan Ermənistanın təxribatlarından təngə gələrək ən sonunda genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Haqq-ədalət uğrunda müharibə aparan Azərbaycan qələbəyə, işğalçılıq müharibəsi aparan Ermənistan isə məğlubiyyətə məhkum idi. Haqq-ədalət bizim tərəfimizdə idi. Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət nümayiş etdirdilər. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad etdilər. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir, və bu tarixi Azərbaycan əsgəri yazdı. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi. Bu şanlı zəfər yolunda hərbçilərimiz Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucaldılar. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün, gənc nəsil üçün örnək olmalıdır və olacaq. Eyni zamanda ordu quruculuğu məsələləri bundan sonrada daim diqqət mərkəzində qalacaqdır. Azərbaycan ordusu bundan sonra da güclənəcək.

Şanlı qələbəmizlə yekunlaşan 44 günlük müharibədən sonra dövlətin əsas diqqət və qayğısı şəhid ailələrinin, eləcədə qazilərinin üzərindədir. Hər bir şəhid ailəsinin, qazinin qayğıları yaxından öyrənilir. Onlarla mütəmadi görüşlər keçirilir, problemləri öyrənilir və həlli istiqamətində tədbirlər görülür. Bu işlərin daha effektiv olması üçün YAŞAT fondu və yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. Həmçinin onların mənzil şəraitinin yaxşılaşdırılması üçün təxirə salınmaz tədbirlər görülür.

25 fevral 2021-ci ildə Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə yeni mənzillər təqdim olunub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Kompleksin açılış mərasimində ölkə rəhbəri şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüb. Görüş zaman Dövlətimizin başçısı bildirb ki, “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.”

Bu sahədə İsmayılıda da işlər görülüb və ardıcıl olaraq davam edir. Rayon rəhbərliyi daim şəhid ailələri və qazilər ilə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır. Qaldırılan məsələlərin, problemlərin icrası ilə bağlı dərhal təxirə salınmaz tədbirlər görülür. Məlumat üçün bildirək ki, 2003-cü ildən indiyə kimi rayonda 122 şəhid ailəsi və müharibə əlili evlə 70 müharibə əlili isə avtomobillə təmin olunub.

Rəşid Mirzəliyev

İsmayıllı Peşə Tədris Mərkəzinin Tİİ direktor müavini

Şərh Yaz