Yaddas kitabcasi

Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub         

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Cənab Prezident keçirilən görüşdə bu qrupun fəaliyətindən danışarkən bu qrupun fəaliyətini ciddi surətdə tənqid edib. Məlumdur ki Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədi ilə yaranmışdı. Ancaq Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. 10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişdilər.

Bildiyimiz kimi, 28 ildə vasitəçilik missiyasının nədən ibarət olduğunu işğalçı Ermənistana dəstəyə görə dərk etmək istəməyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə, ardınca isə Ermənistana səfəri bütün reallıqları ortaya qoydu. Onlar bu səfərləri ilə ya mandatlarından imtina etmək, yaxud da tərkibinin dəyişdirilməsi təklifi ilə çıxış edəcəkləri halda, görünür vasitəçilik missiyalarının mahiyyətini və məqsədli şəkildə fəaliyyətsizliklərini hələ də dərk etməyiblər.

Beynəlxalq hüququn, ədalətin 28 ildə kobud şəkildə pozulduğunu, haqqın-ədalətin Azərbaycanın tərəfində olduğunu bildikləri halda münaqişənin həlli prosesini uzadaraq Ermənistana vaxt qazanmaq üçün köməklik göstərməyə çalışdılar. 28 ildir ki, “münaqişənin hərb yolu yoxdur” söyləyən həmsədr dövlətlər  44 gündə bunun mövcudluğunu nəinki gördülər, eyni zamanda, Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyinin şahidi oldular.  İşğala son qoyuldu, haqq-ədalət bərpa edildi, regionda yeni reallıqlar yarandı və  Azərbaycan dünyaya bu mesajı ünvanladı ki, hər kəs bu reallıqlarla barışmalıdır.

Prezident İlham Əliyev həmsədrləri ilə görüşərək bildirib ki, ““Hərbi variant yoxdur” deyənlər  sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.
Hazırda Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz fəaliyyətinə başlayıblar. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Vəziyyət müəyyən dərəcədə sabitdir.
Sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. “

Cənab Prezident İlham Əliyev görüşdə qeyd etmişdir: “Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim qoy gəlsinlər, etiraz etmirəm”. Cənab Prezident bununla nüfuzlu beynəlxalq müşahidəçilərə bildirdi ki, artıq onların vasitəçiliyinə ehtiyac qalmayıb. Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan dövlətinin iradəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirilən və həyata keçirilən balanslaşdırılmış, müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir. Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub.

Şərh Yaz