SEVİNCİMİZƏ SEVİNƏNLƏRDƏN:  Şəhla Qasımova,                 Özbəkistan

SEVİNCİMİZƏ SEVİNƏNLƏRDƏN:

 Şəhla Qasımova,                   

Özbəkistan

***

 Məcburi köçkünlər, qaçqınlar üçün inşa edilən

 Cocuq Mərcanlı qəsəbəsində könlümdən keçənlər:

 

Qəlbindən tükənməz azərbaycanlının

Uzun illər boyu ağrılı yara.

Torpaq parça-parça, viranə hər yan,

İnsanlar dərbədər, yazıq, biçara.

 

Sızlayır yad ayaq altında torpaq,

Anaların ahı tutar dünyanı.

Nə qədər gözləsin Şuşa, Qarabağ…

Varmı bu dərdlərin sonu, bəs hanı?!

 

Cocuq Mərcanlıya yol aldıq – belə,

Evlər, məktəb, bağça – hamısı yeni.

Amma ata yurdu səsləyir hələ

Sönük baxışlarda var hüzn rəngi.

 

Dindaşım, qardaşım, qandaşım, dostlar,

Gözlərinizdə gördüm nalə, ələmi.

Belə baxışlardan dözümüm sınar,

Var ikən unutmam bu dərdli dəmi.

 

Çəkdi diqqətimi bir məyus uşaq,

Dedim: “Yaxına gəl, de, nədir arzun?”

Sözləri yaddaşa möhür vururaq –

“Yurda sülh istərəm, çörək bol olsun!”

 

Yaşıdları kimi demədi ancaq,

Olacam kosmonavt, müəllim, memar.

Yaşından çox erkən böyümüş uşaq,

Sadə arzusunda böyük məna var.

 

Bala can, ürəkdən dilərəm sənə,

Kiçik qəlbin dinclik, sevinclə dolsun!

Yetiş bütün ümid, arzularına,

Çörəyin, torpağın tam, bütöv olsun!

 

***

2017-ci il, iyul. Azərbaycanda Vətən üçün

döyüşlərdə şəhid olanların xatirəsinə

 

Üçrəngli bayrağa büründü tabut,

Ah çəkib diz çökdü mat qalmış ana.

Vətən! – deyə, daha bir oğul şəhid,

Daha bir ev-ocaq indi qəmxana.

 

Otuz il… Qəlbləri doğradı hicran,

Otuz il durmadı matəm karvanı.

Balam! – deyə, bağrı qan Azərbaycan,

Torpağı suvarır şəhidlər qanı.

 

Dağılmış Füzuli, Şuşa, Zəngilan,

Dinməz dul gəlinlər, yetimlər dadı.

Cəbrayılla Laçın, Xankəndi viran,

Qəlbdə əks-səda, yerin fəryadı.

 

Səbirlər tükəndi, yurda and içib,

Hücumda yağıya vermədin aman.

Ər kimi döyüşdün, canından keçib,

Cəsarətin oldu aləmdə dastan.

 

Hayqırdın: “Qarabağ Azərbaycandır!

Vətənim torpağı olar tam, bütün!”

Bu yolda can verən – mərd, qəhrəmandır,

Sən ana torpağa çevrildin bu gün.

 

Bir bax səmalardan qardaşım, oğlum,

Yurdunda Qələbə, ruhun şad olsun!

Ey qəhrəman oğul, sənə yad ölüm,

Adın dildə ölməz bir həyat olsun!

                           2020-ci il, noyabr

 

***

Azərbaycan Qələbə qazandı! – xəbərini eşidəndə

 

Cəfakeş Azərbaycan torpağında bayram…

Otuz illik arzu yetişdi bu gün,

Bu qələbə hamıya çox baha başa gəldi

Növcavan igidlər, gözəl qızlar qanı ilə,

Gəncəli, bərdəli nənələrin, babaların,

günahsız körpələrin canı ilə,

Bakı hadisələrindən bəri qəm-qüssə rəmzi olan,

Qəbirlər üstündə əbədi alovtək yanan

Qırmızı qərənfillərlə gəldi bu qələbə.

Qanlı göz yaşları ürəyinə axan

oğlunun tabutunu başı üzərinə qaldıran şəhid anası,

ərini son mənzilə çiynində yola salan şəhidin ömür yoldaşı,

atam! – deyə çığıra-çığıra qalan balanın məyus baxışı ilə,

əkiz oğullarını bir gündə torpağa basdıran ananın ahı ilə,

qaçqınlıq, köçkünlük, dərbədərlik əzabından bezar,

dəyərli qapısının açarını qoruyan,

bir gün qayıtmağa ümidvar, şuşalı, füzulili, laçınlı,

cəbrayıllıların duası ilə,

yağı tapdayan yerlərin iniltili sədası ilə,

Vətən sözündən qəlbi riqqətə gələn,

Xocalı deyəndə bağrı deşilən,

düşmən əlində diri-diri dərisi soyunanların dadı,

bir gecədə xanimanından ayrı düşənlərin,

gecə boyu ayaqyalın qarlardan keçib can saxlyanların fəryadı

dağlarda vəhşicəsinə, işgəncələrlə öldürülənlərin,

Şəhidlər xiyabanında əbədi mənzil tapan

Çingizlərin, İlhamların, Fərizələrin ruhunu şad edib,

Hiyləgər düşmən planlarını bərbad edib,

“Qarabağ Azərbaycandır!” nidası ilə

İnsanların Allaha duası ilə gəldi bu Qələbə…

İşğaldan azad olan yerlərdəki təhqir edilmiş məscidlərdən

yenidən ucalan “Allahu əkbər!” azan sədası ilə

Sevinclə dolan könüllərin göyə qanadlanması ilə gəldi bu Qələbə…

Dost olanlar, dindaş, qardaş və qandaşlar,

Qələbəniz mübarək!

Bu böyük, misli-bərabəri olmayan Qələbəni qoruyun,

Onu başa tac bilin, yüksək tutun.

Qəhrəman şəhidləri unutmayın, yadda saxlayın,

Quran ayələri ilə xatırlayın,

Qapılarını unutmayın,

gedib ürək-dirək verin, kömək eləyin…

                                                   2020-ci il, noyabr

Şeirləri Azərbaycan dilinə çevirən:  Şahməmməd Dağlaroğlu

 

Şərh Yaz