Sona bir gün qalmışdı…                  

Novruz anadan olanda İsmayıllıya yaz gəlirdi və o gələn yazın müjdəçisi olan Novruz elə Novruzla bir gündə, bir saatda girdi Həmzəyevlər ailəsinə. İsmayıllıya yaz gəlirdi, İsmayıllıda yaz idi, bir neçə yüz kilometr aralıda – Qarabağda isə kimsənin yadına nə bahar düşürdü, nə də yaz – o torpaqlarda erməni vəhşiliyinə bürünmüş sərt bir qış var idi, bitib tükənməyən, hər anı qan, ölüm olan buz kimi şaxta var idi.

Novruzla bir gəldiyindən adını da özü ilə gətirib gələn balaca Novruz isə bütün bunlardan xəbərsiz gah atası Bəkirin, gah da anası Zemfiranın qucağında bəxtəvər körpəliyini yaşayırdı. O vaxtlar Həmzəyevlər ailəsi hələ bu həyətə yenicə köçmüşdülər, ev tikməyə belə nə vaxtları, nə maddi imkanları yetməmişdi. Hələ ki o dəmir qutu – vaqon evləri idi,  evləri dəmirdən olsa da içərisi isti idi, ata, ana 2 balaca balası ilə o qədər mehriban, o qədər xoşbəxt idilər ki… o mehribanlıq, o sevgi soyuq dəmiri belə “yumşaldırdı”, isidirdi.  Ancaq… qardaşından fərqli olaraq Novruz üşüyən idi, həmişə evdə olanda anasına  peçi gur  qaladar, kürəyini az qala peçə dayayıb oturardı. Atası gülüb  “isti qucaq səni pis öyrətdi” deyərdi.

Ancaq Novruz  heç “qucaq uşağı” olmadı. Bu balaca, sakit uşaq fikrən çox tez böyüdü, torpağa, Vətənə bağlı biri kimi yetişdi. Ağlı söz kəsəndən Qarabağ barədə eşitdiyi hər xəbərin, hər sözün dərininə gedərdi. Futbola baxmağı çox sevərdi, bir də balıq tutmağı. Bir dəfə yenə balıq tutmağa getmişdi, qayıdanda əlindəki bir neçə kiçik balığı qardaşı Şamoya göstərib dedi: ”deyirlər, Həkəri çayında balıq o qədər çoxdur ki, qıra, tora ehtiyac olmur, əlini at, tut”. Kənardan onların söhbətinə qulaq asan anası təəccüblə Həkəri çayının harada olduğunu soruşdu. Novruzun cavabı hamını şaşırtdı: Qubadlını ermənilər sən uşaq olanda işğal ediblər axı, ora necə gedərsən?  Novruz qətiyyətlə “gedəcəm, ana, hökmən gedəcəm, görəcəsiz” – dedi. Dedi və kişi kimi sözünə sahib çıxdı.

2010-2011-ci illərdə hərbi xidmətdə olan Novruz 2013-cü ildə yenidən orduda xidmətə başlayır – kəşfiyyatçı snayper kimi və az vaxtda özünü əsil hərbiçi kimi tanıdır. Və təkcə tanıtmır – 2016-cı il Aprel döyüşlərində bunu döyüşü ilə təsdiqləyir. Həmin il xidməti başa çatsa da, 2 il sonra təkrar orduya qayıdır və gizir rütbəsində xidmətini davam etdirir. Anası çox istəyir ki,  Novruz tərxis olunub geri qayıtsın, ancaq Novruzun bir cavabı olur: ”Həkəri çayına çatım, sonra”.

Vətən savaşı başlayanda Zemfira ananın da ürəyini dərd alır, yuxusuz gecələri, narahat gündüzləri başlayır. Novruzsa müzəffər ordumuzla kənd-kənd, şəhər-şəhər irəliləyir – Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilan, Suqovuşan və Talışın alınması uğrunda döyüşlərdə iştirak edir. Mərdliklə döyüşür, ZTR komandiri kimi vəzifəsinin öhdəsindən şərəflə gəlir. Döyüş meydanından 127 şəhid və yaralı

çıxarır. Noyabrın 7-də – sona bircə gün qalmış Şuşa uğrunda gedən döyüşdə qəlpə yaraları alır və … Qubadlıya – Həkəri çayına bir addım qalmış şəhid olur. Həkəri çayına çatmasa da torpaqlarımızın geri qaytarıldığı günü görür və nəinki görür, o qələbəni canı ilə, qanı ilə qazanıb adını qaliblər sırasına qanı ilə yazır.

Aprel və  II Qarabağ savaşında mərdliklə döyüşən igid İsmayıllı balası ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Vətən uğrunda” medalı ilə təltif olunur.

Atası: – Novruz arzusunu çin etdi, oğlum şəhidlik zirvəsinə ucaldı, – deyib təsəlli tapır, anası isə nigarandır, çox nigaran, Novruz soyuq aylarda məzuniyyətə gələndə hissədən çıxmamış təzə evə köçsələr də o soyuq vaqon evi yada salıb “ana, peçi gur qala, gəlirəm” – deyərdi. İndi o soyuq məzarda, üzü qışa…  Ancaq o da özünə təsəlli yeri tapır: ” torpaq da anadı, balamı qucağında isidər”.

Bu gün təsəllilər təsəlli yeri olub Həmzəyevlər ailəsinə…

Esmira Ağayeva,

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı

 

Şərh Yaz