Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. İclasda ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısı videoformatda çıxış edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sayca altıncı idi. 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi bir daha  Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.

Prezident İlham Əliyev çıxışını iki hissədə – Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi edib.
Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilib. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürüb. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq sessiyanın əsas mövzusu olub.

Dövlət başçısı çıxış edərək bildirib ki,  “Bu çıxışımı Qoşulmama Hərəkatına üzv dövlətlərin adından etməyə şərəf duyuram.
Qoşulmama Hərəkatına üzv dövlətlər BMT Nizamnaməsinin imzalanmasının 75-ci ildönümünə həsr edilmiş bu Yüksək Səviyyəli İclasın keçirilməsini yüksək qiymətləndirirlər.
BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir”.

Azərbaycan adından çxış edən dövlət başçısı bildirib ki, “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir və Azərbaycan xalqının hər zaman azad və müstəqil dövlətdə yaşamaq ümidinin və istəyinin təzahürüdür. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 ildə ümumi daxili məhsul üç dəfə artmışdır. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir”.

Prezident İlham Əliyev çıxışında bildirib ki, “Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir.  Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”
İndi dünya dövlətləri birmənalı şəkildə Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır. BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla həll olunması üçün ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur. Lakin buna baxmayaraq Ermənistan hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmağa tələsmir, burada yaratdığı separatçı rejimə hərtərəfli dəstəyini davam etdirir, onun fəaliyyətinə hüquqi don geyindirməyə çalışır.
İşğalçı ölkə davamlı olaraq Azərbaycan ərazilərində təxribat və terror törətməyə davam edir. Və bu terror hadisələrində əsas hədəf Azərbaycan Ordusu ilə yanaşı, mülki əhali və onların şəxsi təsərrüfatı olur. Cənab Prezident Yüksək Səviyyəli İclasda çıxışından qeyd edib ki, “Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu”
Terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımın bir adı var: faşizm. Dünya ictimaiyyətinə də sirr deyil ki, Ermənistanda faşizm ideologiyası dövlət səviyyəsində təbliğ edilir.

Cənab Prezident çıxışında bildirib ki, “Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Şərh Yaz