Sürülər yaylaqlara qalxır

Yay fəsli yaxınlaşan ərəfədə çobanlar təsərrüfatlarında olan qoyun-quzunu, mal-qaranı yaylaqlara qaldırmaq qərarına gəlir. İsmayıllı yaylaqlarında da ilin bu vaxtında əsl canlanma olur. Dağlara doğru sanki bir yürüş başlayır.

Ağcabədidən İsmayıllı yaylaqlarına üz tutan Elman Yusubovun təsərrüfatında  55 baş iri, 335 baş xırda buynuzlu heyvan var. Çoban yoldaşları ilə bərabər o, sürüsünü İsmayıllının Mulux kəndi ərazisindəki “Qırxbulaq” yaylağına qaldırmaq fikrindədir.  İsmayıllı təbiətinin gözəlliklərindən söz açan çoban yeddi gündür yolda olduqlarını söyləyir. Yol boyu çöllərdə qarşılaşdıqları maraqlı hadisələr, İsmayıllının gözəl təbiətə malik olmasından  danışır. Sentyabrın sonlarınadək yaylaqda qalıb bu əzrarəngiz gözəlliklərdən zövq alacağını deyir.

İmişlidən 600 baş xırdabuynuzlu heyvan, 70 baş mal-qara ilə İsmayıllıya təşrif gətirən İsgəndər Xəlilovun həmçinin 8 dəvəsi var. Çoban və köməkçiləri on gündür İmişlidən çıxdıqlarını deyirlər. Düşərgələri İsmayıllının “Kəkal” yaylağı olacaq. Digər köç sahibləri kimi onlar da İsmayıllı torpağının gözəl, xeyirli, bərəkətli olmasından söz açdılar.

Hacıqabul, Şirvan, Kürdəmir, Zərdab və yuxarıda adını çəkdiyimiz rayonlardan mövsüm zamanı İsmayıllı yaylaqlarına qaldırılan sürülərin sayı 110-a çatır. Bu sürülərdə ümumilikdə 150-180 min davar, 10 minə yaxın iri buynuzlu mal-qara, 50-dən çox dəvə bəslənilir.

Sürülərin rayon ərazisində hərəkəti heç də diqqətdən kənarda qalmır. Rayon icra hakimiyyəti, digər aidiyyəti qurumlar tərəfindən sürülərdə zoobaytarlıq tədbirlərinin aparılması və heyvanların zoogigiyenik baxımdan təhlükəsiz şəraitdə yay otlaqlarına çıxarılmasına nəzarət olunur.

Ş.Soltanov

Şərh Yaz