Yaddas kitabcasi

İsmayıllıda içməli su təminatının perspektivləri araşdırılır

Bu il İsmayıllı rayonunun 7 inzibati ərazisində 10 subartezian quyusunun qazılması təklif olunub.

İçməli su və suvarma təchizatının yaxşılaşdırılmasını davam etdirmək məqsədi ilə İsmayıllı şəhərinin, Qalınçaq, Hacıhətəmli, Qubaxəlilli, Talıstan, Cülyan və digər kəndlərin adları Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təqdim edilib.

Əhalinin suya olan tələbatının vəziyyəti ilə tanış olmaq üçün rayonun müvafiq təşkilatlarının məsul şəxsləri əvvəlcə Tircan kəndinə baş çəkiblər. İcra Hakimiyyətinin yerli nümayəndəliyi, Suvarma Sistemləri İdarəsinin əməkdaşları, Tircan bələdiyyəsinin üzvləri, həmçinin sahə üzrə mütəxəssislər ərasidə su təchizatının vəziyyəti ilə maraqlanıblar.
Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Quşencə, Tircan, İvanovka, Xəlilli, Hapıtlı və digər kəndlərdə subartezian quyularının qazılması sənəddə yer alır.
Tircan kəndində məsələ ilə bağlı mövcud vəziyyətdən bəlli olub ki, XVII əsrdə salınmış Tircan kəndində su çatışmazlığı ötən onilliklərdən qalmadır. Əvvəllər əhali suyu kəndin yuxarıbaşındakı bulaqdan daşıyırdısa, 8 il əvvəl paylayıcı boru şəbəkəsi qurulub. Su xüsusi tutumu olan anbardan evlərə borularla paylanır. Təəssüf ki, məsələ bununla həllini tapmır.

İçməli suya olan tələbatı ödəyəcək subartezian quyusunun qazılması üçün kəndin coğrafi relyefinin əlverişli olmamasını nəzərə alaraq digər mənbələrin araşdırılmasının zəruriliyi qeyd olunub. Bildirilib ki, kəndin “Soltanlıq” adlı yüksəkliyində mövcud olan və Tircan əhalisinə yetişməyən bulaq sakinlərin ehtiyacını ödəyə biləcək qədər bol suya malikdir. Suyun bir hissəsinin kəndin anbarına yönləndirilməsi təklif olunub, bu məqsədlə mühəndis araşdırmaları aparılacaq.
Dövlət nümayəndələri Kürdmaşı kəndində 2019-cu ildə qazılmış və içməli su təminatı üçün istifadəyə verilmiş subartezian quyusuna da baxış keçiriblər. Diqqətə çatdırılıb ki, quyu saatda 16 ton su verir və 70-ə yaxın ailəni təmin edir. Ötən il rayonun 6 inzibati ərazidə qazılmış 7 subatezian quyusundan biridir.
Gələcəkdə də yaşayış məntəqələrində su təchizatı üzrə perspektivlərin araşdırılması davam etdiriləcək
İsmayıllı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru

Şərh Yaz