Müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd olunub

“Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır”. Ümummilli liderimizin söylədiyi bu fikirlər Azərbaycanın siyasi-ideoloji, iqtisadi, sosial, daxili və xarici siyasətinin təməlinə çevrilib. Sürətli inkişafımız, insan amilinə verilən dəyər, əhalinin sosial həyat şəraitinin ilbəil yaxşılaşdırılması müstəqilliyimizin bizə verdiyi töhfələrdir.
İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü yüksək səviyyədə qeyd olunub. Rayon İcra Hakimiyyətinin, YAP İsmayıllı rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı, ümumtəhsil məktəblərində, kollec və İsmayıllı Peşə Tədris Mərkəzində keçirilən tədbirlər müstəqilliyimizin şanlı və şərəfli yolunu bir daha gənc nəslə çatdırıb. “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi də müstəqilliyimizin ildönümünə həsr olunub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzi meydandakı abidəsi ziyarət olunub, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar ulu öndərin abidəsi önünə tər çiçəklər düzüblər. Tədbir Ulu öndərin adını daşıyan Mərkəzdə davam etdirilib.
Məşğələni rayon Ağsaqqallar Şurasının sədri, dövlət qulluğu veteranı Valeh Salehov açıb. Müstəqilliyimizin keçdiyi şərəfli yol barədə  qısa məlumat verib. İsmayıllı rayon məhkəməsinin hakimi Rəfayel Şirinov bayrama çevrilən tarixi gün barədə məruzə edib.
Milli Məclisin deputatı Novruzəli Aslanov, Qalacıq kənd tam orta məktəbinin tarix müəllimi Bədir Bədirov, şəhər 3 nömrəli məktəb-liseyin müəllimi Vasif Cabbarov, gənc tarix müəllimi İsmayıl Faxtıyev çıxış edərək Azərbaycanın müstəqillik və inkişaf tarixinin vacib məqamlarını diqqətə çatdırıblar.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi, “Heydər Əliyev İdarəetmə Məktəbi”nin  təsisçisi Mirdaməd Sadıqov çıxış edib. Azərbaycanın keçdiyi şərəfli müstəqillik tarixi, ölkəmizin bugünkü inkişafı, ölkə Prezidentinin apardığı uğurlu siyasət barədə ətraflı danışıb. Gənclərimizi dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyə etməyin vacibliyini, keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Məşğələnin rəsmi hissəsindən sonra Mərkəzin foyesində bədii proqrama yer verilib. Dövlətçiliyimizə və müstəqilliyimizə həsr olunmuş şeir və mahnılar, bağça yaşlı uşaqların çıxışları alqışlarla qarşılanıb.

Gün ərzində Mərkəzi Meydandakı monitorda Azərbaycanın müstəqillik tarixi ilə bağlı filmlər, məlumatlar nümayiş olunub.

Murad Məhərrəmov

Şərh Yaz