“DAĞ ÇİÇƏKLƏRİ“

Gəl, altmış beşim

Üzümə gülmədi ötən illərim,
Barı, sən üzümə gül, altmış beşim.
Ömrümün son bağçasında, bağında
Ol açılan çiçək, gül, altmış beşim.

 

Uçan xəyalımı göylərdən endir,
Soyuq ocağımı yandır, isindir.
Gəl halımı soruş, qəlbimi dindir,
Uşaqtək könlümü al, altmış beşim.

 

…Ömrüm boyu mən dağ yolu çıxmışam,
Çox arzunun dalısınca baxmışam.
Öz evimi bəzən özüm yıxmışam,
Tökmüşəm başıma kül, altmış beşim.

 

Bilmək olmur daha nə var bəxtimdə,
Şahlıq elə, otur ömür taxtımda.
Bu solan, saralan, qoca vaxtımda
Ol mənə dürr, gövhər, ləl, altmış beşim.

 

Son arzunu sabahıma saxlayım,
Son ümidi Allahıma bağlayım.
Gəl, səni sevinclə qucum, ağlayım,
Gəl, ay canım, gözüm, gəl, altmış beşim.

Nazir Ziya Talıstanlı

 

Ona tay olmayıbdır

 

Vay salanlar üçün vay olmayıbdır,
Heç nə ədaləttək zay olmayıbdır.

 

Elə çaşdırılıb, aldadılıb ki,
Qardaşdan qardaşa hay olmayıbdır.

 

Səmamız gündüz də qalıb zülmətdə,
Orda Günəş, ulduz, Ay olmayıbdır.

 

Hər şeyə bir sərhəd, bir hədd qoyulub,
Bizləri qıranda say olmayıbdır.

 

Çaytək axıdılıb çox yerdə qanlar,
Burda ümman olub, çay olmayıbdır.

 

Bəxşiş verilibdir min-min kənd, şəhər,
Mənim yurdum kimi pay olmayıbdır.

 

Bizi qəhr elədi Şimal tufanı,
Bir fəlakət ona tay olmayıbdır.

Oqtay İsmayıllı

Ağ kəpənəklər kimi

 

Ağ kəpənəklər kimi,

Uçub gəlibsən hardan?

Qızılgül ləçəyindən,

Bənövşəli bahardan.

 

Sökülən dan yerisən,

Sübh çağı, nurlu sabah.

Çiçəkləyir gözümdə,

Lalə, nərgiz, gülsabah.

 

Ağ donunda mələksən,

Hurilər adasından.

Qəlbə hicran süzülür,

Könlümün yarasından.

 

Sanki dağlar başından,

Boylanır bəyaz bulud.

Gözlərim arxancadır,

Könlümdə şirin umud.

 

Necə mən dərim, Allah,

Qönçələnmiş ağ gülü?

Çəmən içində bitən,

Tək, işıqlı sünbülü?

 

Ay mənim ay işığım,

Gözə nur, könlümə qəm.

Mən bu ağ göyərçini,

Heç unuda bilmərəm!

Murad Məhərrəmov

                                                                                                                   

Alabaş və motal

 

Dəyişdi tam əhvalı,

Hisli-hirsli  alabaş

Didib tökdü motalı.

Sürüyüb yavaş-yavaş

Motalla böldü  bəkməz –

Atdı dərin dərəyə.

Dedi: “Ta geri gəlmə“.

Evə dönüncə birdən…

Belə oyun, belə hal

Görməmişdi yaşında.

Gördü motal  oturub

Süfrəsinin başında.

 

Unutqan əqrəb

 

Əqrəb də sancmağı unutdu daha,

Quyruq bulayırdı çayda timsaha.

 

Oğrunun hünəri

 

Oğru elə bağırdı,

Doğru bağrıyar oldu.

Əyri tərs-tərs qabardı,

Düzlər günahkar oldu.

Xalıq Yusifoğlu

 

Məndən uzaq dur

 

Bu dünyanın dərdi boyar damlasıyla üzümü,

Dağlarımı sel paralar, gün yandırar düzümü.

Yaranışdan uğursuzam, tanıyıram özümü –

Məndən uzaq dur, adam!

 

Dodağımda gülüş doğub, gözlərimsə məzarlıq,

Bütün varlıq məndə heçdir, mənəm yox içrə varlıq.

Yerlə göyün arasıyam, səni sıxar bu darlıq –

Məndən uzaq dur, adam!

 

Məndə qalsan əsarətsən, məndən getsən qurtuluş,

Sənə təslim olmamaqçün dayandığım son duruş.

İki dünyayla baş etdim, səndə bitdi bu vuruş –

Məndən uzaq dur, adam!

Turac Hilal

 

Birtəhər

 

Bu dünyada yola gedir,

Yaxşı yamanla birtəhər.

Sarı sümbül vələmirlə,

Dağlar dumanla birtəhər.

 

Uzunqulaq arpa yeyir,

Xumarlanır, mürgüləyir.

At günün axşam eyləyir,

Sarı samanla birtəhər.

 

Demirəm dahiyəm, pirəm,

Adidən adi şairəm.

Bu həyatı öyrənirəm,

Zənlə, gümanla birtəhər.

 

Bəlkə sonuncudur bu yaz,

Atmış ildir, nə çox, nə az.

Bir ömür yaşayır Ayaz

Ahla, amanla birtəhər.

Ayaz Şəfaqətov

 

Könlüm

 

Bir az səndən oldu, bir az da məndən,

Elə yavaş-yavaş incidi könlüm.

Əridi tənəli baxışdan, sözdən,

Dünyada ən zərif incidi könlüm.

 

Taleyi tikanlı gözəl çiçəyin,

Qəlbi qara olan üzdən göyçəyin.

İşi düz gəlməyən bir ağbirçəyin,

Halına alışdı, səngidi könlüm.

 

Yatan hisslərimi oyatmaq olmaz,

Ruhumu bir daha boyatmaq olmaz.

Sanma ki, ilişə, tor atmaq olmaz,

Düşmənin önündə süngüdü könlüm.

 

Yolu yol edənin yolun kəsmədi,

Xəfif mehə döndü, əyri əsmədi.

Gedəcək yerinə heç tələsmədi,

Vaxt vardı, toyuma ləngidi könlüm.

 

Nə vaxdı torpağım yad əldə əsir,

Qəzəbim böyüyüb səbrimi kəsir.

Qələbə əzmilə ora tələsir,

Döyüş meydanında cəngidi könlüm.

Nazilə Səfərova

 

Məni aramadın

 

Düşüb yaddaşından unudulmuşam,
Məni aramadın, gəzmədin belə.
Bizim məhəbbətin əzablarına,
Şirin cəfasına dözmədin belə.

 

Könlümün doğması, sevdiyi adam,
Bilmirdim mən sənə bu qədər yadam.
Qıymadın sevginin şərbətin dadam,
Sevinc badəsinə süzmədin belə.

 

Boğulur nəfəsim, kəsilir ünüm,
Bir ilə çevrilir, keçən hər günüm.
Mən necə yaşayım, başına dönüm,
Sən ki, ayrılıqdan bezmədin belə?!

Xatın

 

Neyləyim

 

Nə müddətdir uzaq düşüb nəğmə, söz,

Sanki düşüb bağrım üstə yanar köz.

Göz yorulub, ürək deyir hələ döz,

Dözəmməyim bu dərdlərə neyləyim?

 

Dəli könlüm seçmir ağı qaradan,

Dərd çəkməyə yaradıbmı Yaradan?

Böyük dərddir çıxıb getmək aradan,

Dözəmməyim bu dərdlərə neyləyim?

 

Qoymadı taleyim zər tac başıma,

Çəkmədi ömürüm sürmə qaşıma.

Yad əl dəydi torpağıma, daşıma,

Dözəmməyim bu dərdlərə neyləyim?

 

Dərdin gözü şəfəq saçır hər yana,

Düşüb qaldım həsrət adlı yarğana.

Eşqimi qıymadı fələk bu cana,

Dözəmməyim bu dərdlərə neyləyim?

 

Gözlərimə kölgə saldı bu dünya,

Elə bilir dilim laldı bu dünya.

Məni məndən axır aldı bu dünya,

Dözəmməyim bu dərdlərə neyləyim?

Gülxar Cəbiqızı

 

Hərdən

Seçmək çətin olur qaranı ağdan,
Qaraya boyanmış ağ olur hərdən.
Uzaq görünsə də güvənmək olar,
Alçaq təpələr də dağ olur hərdən.

 

Söyüd ağacının yan-yörəsində,
Kiçik ağaclar var düz, dərəsində.
Bəsləyib, böyütsən öz sırasında,
Yetişib, bar verir, bağ olur hərdən.

 

Kədərli ürəklər sevinməz, gülməz,
Sahibi dərdini kimsəylə bölməz.
Səbr etsə, sahibi dərdilə qalmaz,
Ömründə fərəhli çağ olur hərdən.

Mehriban İbrahimova

 

Müəllimdir

 

Günəş kimi nur saçan,

Ömürlərə yol açan.

Ürəkdən, candan keçən,

Müəllimdir, müəllim.

 

Gözündən nur  itirən,

Müdrikləri yetirən.

Özün şamtək bitirən,

Müəllimdir, müəllim.

 

Körpə ürəkdə yanan,

Hər an məğrur dayanan.

Dənizə oxşar, ümman,

Müəllimdir, müəllim.

 

Qalacaq hər an yadda,

Arzuları həyatda.

Bu peşədə, bu adda

Müəllimdir, müəllim.

Surə Cəbrayılova

 

Ayrılırıq söylədi

 

Gözün gözümə baxdı,

Fikrin gözündən axdı.

Məni yandırıb yaxdı,

Ayrılırıq söylədi.

 

Sığındın qucağıma,

Nəfəsin qulağıma.

Dodağın dodağıma

Ayrılırıq söylədi.

 

Qanım damarda coşdu,

Həsrət vüsala borcdu.

Dilim bir nəğmə qoşdu,

Ayrılırıq söylədi.

Vüqar Vaqifoğlu

 

Basqalı

 

İzin ver, Basqaldan deyim, danışım,

Bürüyüm dastana, sözə Basqalı.

Yandırım üstündə üzərliyi ki,

Gətirməsin bədxah gözə Basqalı.

 

Gülü gül çağırır, bülbülü gülşən,

Hava sabit keçir, deyil dəyişkən.

Könlünə qarmonun havası düşən,

Oynaya, rəqs edə, süzə “Basqalı”.

 

Olub kəlağayı əlvan gül-çiçək,

Qıza, gəlinlərə verib bər-bəzək.

İşvəsi, ədası çox ola gərək,

Öyrətmək olmayır aza Basqalı.

 

Ulduztək səmada sayrışaq deyə,

Daşı, torpağına qarışaq deyə.

Biz də gənc nəsilə tapşıraq deyə,

Tapşırıb babalar bizə Basqalı.

 

Qərinələr boyu yaraya işə,

Yazılan həkk ola  sinəyə, döşə.

Qələm sahibləri daim, həmişə,

Gözəl dəsti-xətlə yaza Basqalı.

Tamam Qarayeva (Nur Tağlabiyanlı)

 

Adam var

 

Adam var, yaş ötüb, keçib nə vaxtdır,

Qocalıb, canından cavanlıq keçir.

Adam var, heç kimə faydası yoxdur,

Elə hey fikrindən yamanlıq keçir.

 

Adam var, bir evə şam ola bilmir,

Adam var, nurundan el işıqlanır.

Adam var, heç kimə uymur, güvənmir,

Adam var, hər qədəm başı aldanır.

 

Adam var, adama istiqanlıdır,

Adam var, görəndə daşdır deyərsən.

Adam var, mülayim, adamcanlıdır,

Adam var, görməsən, xoşdur deyərsən.

 

Adam var, heç yerə dəvət olunmaz,

Adam var, hər yerdə sayılmalıdır.

Adam var, öləndə rəhmət oxunmaz,

Adam var, heykəli  qoyulmalıdır.

Xəyal Orucov

 

Bağışla anacan

 

Anamla görüşdüm, sübh, səhər tezdən,

Açdım qollarımı, sıxdım köksümə.

Anamdan elə bir xoş ətir gəldi,

O ətir əbədi qondu üstümə.

 

Baxdı gözlərimə, kövrəldi bir az,

Giley də eylədi cavanlığından.

Göstərdi əlinin cizgilərini,

Dedi: “Nə umum mən qocalığımdan?”

 

Telləri bəmbəyaz, əsalı anam,

Sənə çox əziyyət, əzab vermişəm.

Şirin gəncliyini həsr edib mənə,

Mən sənə qocalıq, qəm gətirmişəm.

 

Mənim böyüməyim, yaşa dolmağım,

Sənə fərəv verib, qürurlanmısan.

Əlimə bir tikan batanda belə,

Özünü müqəssir, aciz sanmısan.

 

İndi bel bükülüb, qamət əyilib,

Əlində çəlik də sözünə baxmaz.

Könlündən nə keçir, nə bilim ki, mən,

Mənim könlüm sənin qəlbindən axmaz.

 

Bağışla, anacan, günahlarımı,

Bağışla, nə qədər imkanın varsa.

Bu dünya amansız, ömür çox qısa,

O dünya çox uzun, məkan da darsa …

Rüstəm Məbudoğlu

 

 Elə

 

Sevəndə yalvarma, qurban ver canı,

Yara əzab vermə, mərhəmət elə.

Uç göyə saf baxış qanadlarında,

Gündəlik bəxşişi səadət elə.

 

Verdiyin vədəni eləmə inkar,

Sevdiyin gözləri güldür, şad elə.

O ala gözlərin işvəsinə bax,

Durub tamaşa et, az fəryad elə.

 

Qoyma sevgisini bir an cavabsız,

O sənə naz etsə, durub tab elə.

Sözünü ürəkdə saxlama, söylə,

Topla nə sözün var, bir kitab elə.

 

Sənə can deyəndən can əsirgəmə,

Nəyin var sən ona etibar elə.

Allah səndən ötrü yaradıb onu,

Kürdoğlu, sev onu, bəxtiyar elə.

Nizami Kürdoğlu (Cabbarov)

 

Çəkir

 

Baxıram rəsminə, canım qadasın canə çəkir,

Necə ki, şəm odunu canına pərvanə çəkir.

 

Gizlədir zülfü pərişanı ilə çöhrəsini,

Elə bil, badi-səba tellərinə şanə çəkir.

 

Nə bəladır, üz-üzə gəldiyim an dil dolaşır,

Sanıram göz danışar, yar gözünü yanə çəkir.

 

Dilbəra, zənn eləmə eşqi kənar eyləmişəm,

İnci öz eşqi ilə qəvvası ümmanə çəkir.

 

Romanam, qəlbimi dinlə, necə gör nəbzim atır?!

Duyasan bəlkə, gülüm, bülbülü-şeyda nə  çəkir.

Roman Səfərov

 

Olmuşam

 

Allahü əkbər, ey sənəm, hüsnündə heyran olmuşam…
N
əsimi

 

Şükür olsun Rəbbim, Sənə, bir gülə heyran olmuşam,
Sevgi məni çəkib önə, mən ona qurban olmuşam.

 

Əmanətdir canımda can, çəp baxmaram eşqə bir an,
Al canımı varsa fərman, cənginə meydan olmuşam.

 

Mən yolunda can verərəm, kimdi Məcnun, kimdi Kərəm?
Kor olunca yaş tökərəm, ağlar gözdə qan olmuşam.

 

Getsəm, bir də gəlməyəcəm, gəlsəm, heç nə bilməyəcəm,
Sən candasan, ölməyəcəm, qəribə bir can olmuşam.

 

Sevdim qışı, sevdim yazı, qismət bildim yoxu, azı,
Öz dərkindən hamı razı, hökmünlə dövran olmuşam.

 

Hər zər əhli verməz varın, təşnəsiyəm canda arın,
Bir zərrəyəm, milyonların dərdinə dərman olmuşam.

 

Ağır üzür, yüngül batır, ucuz alan baha satır,
Mənə bundan nə pay çatır, mən necə insan olmuşam?

 

Yüy-yüz saydım, mində durdum, düz yol bitdi, tində durdum,
Babam sevən dində durdum, demək, müsəlman olmuşam.

 

Dayanmışam yolunda mən, var bu yoldan hər cür ötən,
Dağlaroğlu, nədir Vətən? – Yer ilə yeksan olmuşam!

Şahməmməd Dağlaroğlu

 

Şərh Yaz