Yaddas kitabcasi

İsmayıllıda Yaşıl Ticarət Mərkəzinin açılışı olub

İsmayıllı şəhərində “İsgəndər ASA Holdinq Şirkətlər Qrupu” MMC-nin nəzdində yeni fəaliyyətə başlayan Yaşıl Ticarət Mərkəzi  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, peşəkar sahibkarlığın çoxşaxəli inkişafı üçün yaradılan əlverişli imkanların bariz nümunəsidir. Ticarət mərkəzi 5 hektar ərazini əhatə edir. Ərazinin 3 hektarı kənd təsərrüfatı və  sənaye mallarının satış bazarından ibarətdir. Burada, habelə tikinti materiallarının satış bazarı, avtomobillər üçün 2 dayanacaq,  namaz otağı, 22 yerlik otel, 3 yeməkxana,  ilkin tibbi xidmət otağı  vardır.

Yaşıl ticarət mərkəzində kənd təsərrüfatı məhsulları digər ticarət obyektlərindən 30-40 faiz, ət məhsulları 10-20 faiz, geyim əşyaları 30 faiz, məktəb ləvazimatları isə 40 faiz ucuz satılır. İdarəetmədə satış qiymətlərinə, habelə sanitar-gigiyenik qaydalara ciddi nəzarət mexanizmi qurulub. Ət kəsmi sexləri və məhsulların saxlanılması qida təhlükəsizliyi qaydalarına tam uyğundur. Hazırda 70 tonluq soyuducu istifadədədir. Daha 2 min tonluq soyuducu qurulacaq.

Ticarət mərkəzinin bazasında kənd təsərrüfatı və tikinti sahələrində vətəndaşlara, eləcə də sahibkarlara ucuz və keyfiyyətli xidmət üçün müxtəlif adda xeyli texnika cəmlənib. Burada ilin bütün fəsillərində sifarişlər qəbul edilir.

Bu məlumatlar sentyabrın 6-da İsmayıllıda “İsgəndər ASA Holdinq Şirkətlər Qrupu” MMC-nin Yaşıl Ticarət Mərkəzinin minlərlə insanın iştirakı ilə keçirilən açılış mərasimində səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkəmizdə keçirilən davamlı iqtisadi inkişafdan danışıb, ticarət mərkəzində əhaliyə xidmətin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. Ticarət mərkəzinin  daim qonaqlı-qaralı olan İsmayıllıda səliqəsizlik yaradan küçə ticarətinin yığışmasına təsir göstərəcəyini qeyd edib.

“İsgəndər ASA Holdinq Şirkətlər Qrupu” MMC-nin vitse-prezidenti Zərifə Quliyeva mərasimdə çıxış edib. Yaşıl Ticarət Mərkəzinin əhaliyə yüksək səviyyədə xidmət üçün yaradılan obyekt olduğunu diqqətə çatdıran natiq bu gün Azərbaycanda Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial layihələrdən, insanların həyat səviyyəsinin günü-gündən yüksəldilməsi  istiqamətində görülən işlərdən danışıb. Minimum əmək haqqının, pensiyaların, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən digər kateqoriyadan olan işçilərin əmək haqqının artırılmasının məhz ölkəmizdə insana göstərilən qayğının nümunəsi olduğunu vurğulayıb.

Zenfira Quliyeva ticarət mərkəzində xidmətin yüksək səviyyədə təşkil edildiyini,  insanların rahatlığı üçün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Vurğulayıb ki, burada yaşlı, xəstə insanlar  elekton xidmətdən də yararlana biləcəklər. Belə ki, sifariş verdikləri məhsullar onlara evlərində çatdırılacaq, daşınma pulsuz həyata keçiriləcək. Ayrılan 3 avtobus şəhərin müxtəlif istiqamətlərindən ticarət mərkəzinə gəliş-gedişi pulsuz həyata keçirəcək. Bazar günləri müxtəlif istiqamətlərdən kənd sakinləri də bu cür xidmətlərdən yararlanacaq.

Z.Quliyeva açılan obyektin sakinlərin işlə təminatına da böyük köməyini qeyd edib. Vurğulayıb ki, hazırda ticarət mərkəzində 400 nəfərdən çox işçi çalışır. Daha 60 nəfərə ehtiyac olacaq.

Açılış mərasimində AMEA-nın şöbə müdiri professor Rəna Mirzəzadə, Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayeva, Ekologiya Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev çıxış edərək mərkəzin kollektivini, eləcə də ismayıllıları təbrik edib, Azərbaycanın davamlı inkişaf yolunda olduğunu, insanlara xidmətin səviyəsinin günü-gündən yaxşılaşdığını vurğulayıblar.

Sonda musiqiçilərin ifasında rəngarəng konsert proqramı verilib.

Namiq Kərimov

 

Şərh Yaz