Yaddas kitabcasi

Təhsil uğurları gələcək inkişafın təməlidir

Dövlət təhsil siyasətinin həyata keçirilməsində uğurlarını ilbəil artıran, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” deyiminə və illər öncədən formalaşmağa başlanmış ənənələrə əsaslanan İsmayıllı rayonunun təhsil sistemi bu il də tam orta məktəb məzunlarının ali məktəblərə qəbulu zamanı diqqətəlayiq nəticələr əldə edib. Bu nəticələr 28 avqust 2019-cu il tarixdə ənənəvi “Təhsil bayramı”nda qeyd edilib, yüksək nailiyyətlərə çatmaq yollarına bayram əhval-ruhiyyəsi ilə nəzər salınıb.
Universitetlərə qəbul zamanı İsmayıllı tam orta məktəb məzunları Respublika miqyasında fərqli nəticələrə çatmaq üçün hansı yolları qət ediblər? İlk olaraq qeyd olunmalıdır ki, həyat fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, təhsil siyasətində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncam, tapşırıq, göstəriş və tövsiyələri rayonda məsuliyyətlə icra olunur. Məktəblərin maddi bazası möhkəmləndirilir, müəllimlərin iş şəraiti yaxşılaşdırılır, hər bir pedaqoji işçinin uğuru təqdir olunur, mükafatlandırılır, daha fərqliləri fəxri adlara və təltiflərə təqdim olunur. İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi ayda bir dəfə ümumtəhsil məktəblərində tədris şəraitini, yanacaqla təchizatı, zamanı gələndə yeni dərs ilinə hazırlığın, qış mövsümünün gedişinin mövcud durumunu öyrənir, təhlillər aparır və növbəti vəzifələri müəyyənləşdirir. Məktəblərin tikintisi və təmiri, dərsliklərlə, yanacaqla təminat xüsusi diqqətdə saxlanılır.

Ötən illərdə rayonda çoxsaylı məktəblər tikilib. Onlar barədə yox, yalnız bu ilə istinadən qeyd edirəm ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Basqal qəsəbəsində 432 şagird yerlik, Heydər Əliyev Fondu tərəfindən Gəraybəyli kəndində 320 şagird yerlik, Uştalqışlaq və Girk kəndlərində  modul tipli  məktəblər tikilir. Məktəblərin 4-ü də yeni tədris ilinin başlanğıcına qədər hazır olacaqdır.

26 avqust 2018-ci il tarixdə Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva orjinal layihə əsasında tikilmiş Lahıc qəsəbə tam orta məktəbinin açılışını ediblər. Burada ölkə rəhbərinin dediyi fikirlər icra hakimiyyəti və təhsil işçiləri tərəfindən fəaliyyət proqramı kimi qəbul edilmiş və  ardıcıl, sistemli olaraq icrası təmin olunmaqda davam edir. İsmayıllı təhsilinin ümumilikdə əldə etdiyi nailiyyətləri növbəti təhlili yazılar üçün saxlayıb, ali məktəblərə builki qəbulun nəticələrinə diqqəti cəlb etmək istərdim.
İsmayıllı rayonunda 46 tam, 23 ümumi orta və 10 ibtidai məktəb fəaliyyət göstərir. 2019-cu ildə tam orta məktəbləri 765 nəfər bitirib. Onların 546 nəfəri qəbul imtahanları üçün sənəd verib.75 nəfər sənəd verən isə keçən illərin tam orta məktəb məzunlarıdır. 400 nəfər imtahanlardan uğurla çıxaraq tələbə adını qazanıb. 16 nəfər 600-dən çox, 65 nəfəri 500-600 arası bal toplayıb. 2017-2018-ci illərdə ali məktəblərə qəbulun nəticələrinə görə İsmayıllı rayonu kənd rayonları arasında ikinci yerdə olub. Rəsmi nəticələr elan olunana qədər yalnız onu demək istərdim ki, sıralamada bu il də geriləmə olmayacaq.
Haqlı olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon təhsil şöbəsinin iştirakı ilə “Təhsil bayramı” keçirmək bu il də qərara alınıb. İsmayıllı şəhərinin Mərkəzi meydanı 28 avqustda hamının sevincinə səbəb olan “Təhsil bayramı” üçün məkan seçilib. Ali məktəblərə yeni qəbul olunan tələbələr, valideynlər, pedaqoji kollektivlər, ictimaiyyət nümayəndələri, gənclər, əvvəlki illərdə yüksək bal toplamış tələbələr, müxtəlif təşkilatlardan olan qonaqlar, Belorus Respublikasının Nesvij şəhərindən gələn nümayəndə heyətinin üzvləri bu məkana toplaşmışdılar.
İştirakçılardan bir qrupu əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.
Bayram tədbirini giriş nitqi ilə təhsil veteranı, rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov açıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək çoxsaylı qonaqlarla birlikdə tədbir iştirakçılarını salamlayıb, daha sonra dövlət təhsil siyasətinin rayonda yüksək səviyyədə həyata keçirilməsindən, bu sahənin arzuolunan nəticələrə gətirib çıxarmasından, ümumi təhsil məktəblərində, İsmayıllı Peşə Tədris Mərkəzində, İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecində çalışan müəllimlərin səmərəli işindən danışıb. Minnətdarlıqla bildirib ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq və Dövlət maraqları üzərində qurulan, vətəndaş məmnunluğu yaradan siyasətinin, gələcəyimiz olan təhsilə hərtərəfli qayğısının nəticəsidir.
Çıxışının sonunda Mirdaməd Sadıqov “Təhsil bayramı” münasibətilə hamını təbrik edib.
Millət vəkili Novruzəli Aslanov “Təhsil bayramı”nın təşkilatçılarına, məhsuldar əməyinə görə müəllimlərə, yüksək bilik nümayiş etdirən tam orta məktəb məzunlarına təşəkkürünü bildirib. Bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov ilin təhsil nəticələrinə həsr olunmuş çıxış edib.  Xalq şairi Musa Yaqubun tədbirdə iştirakı, onun özünə və yaradıcılığına sevgisi olanların sevincinə səbəb olub.
Ağlın, ayıq düşüncənin, yeni təfəkkürün, biliyin təntənəsi olan “Təhsil bayramı”nda yüksək bal toplayan məzunlar, valideynlər, ictimaiyyət nümayəndələri, uğurları ilə daha çox diqqət cəlb edən məktəblərin nümayəndələri çıxışları ilə bayram sevincinə sevinc qatıblar. Mərkəzi meydandakı bayram şənliyi mahnılar, rəqslər, folklor qruplarının çıxışları ilə müşaiyət olunub. Rayonun təhsil, kənd təsərrüfatı istehsalı, mədəniyyət və incəsənətini əks etdirən sərgiyə iştirakçılar maraqla tamaşa ediblər.
Rayon Mədəniyyət Mərkəzinin iclas zalında yenicə tələbə adı qazananlarla “Azercell” Telekom MMC-nin prezidenti, həmyerlimiz Vahid Mürsəliyevin görüşü olub. Görüş zamanı o gənclərə öz ömür tarixçəsini danışıb. Bildirib ki, yüksək savad, usanmadan çəkilən zəhmət həmişə, hər yerdə gözəl bəhrəsini vermiş və verəcəkdir. Gənclərə həyat yollarında uğur diləyən hörmətli həmyerlimiz onlara həm də doğma yurdu, Vətəni qəlbən sevməyi tövsiyə edib.

Bayram şənliyi “Qala” şadlıq sarayında davam etdirilib. Buraya rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, veteran müəllimlər, pedaqoji fəaliyyətdə daha çox nailiyyətləri olan müəllimlər, məktəb direktorları, qonaqlar, 500-dən yuxarı  bal toplayan 81 nəfər məzun – cəmi 300 nəfər dəvət olunub.
Tədbiri giriş nitqi ilə  Əməkdar müəllimlər Şəfaqət Rəsulov və Mirvari Musayeva açıblar. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yenicə tələbə adını qazanmış gəncləri, onların valideynlərini, müəllimlərini təbrik edib. Kamil mütəxəssis kimi yetişməkdə onlara uğurlar arzulayıb. Belorusdan gələn nümayəndə heyətinin rəhbəri Valeriy Vazyuk dostluq və qardaşlıq əlaqələrində təhsilin əhəmiyyətindən danışıb, uğurlarımıza sevindiyini bildirib, tələbə həyatına qədəm qoyanları təbrik edib.

Təntənəli tədbirdə iştirak edən Xalq şairi Musa Yaqub tələbə-gənclərə ürək sözlərini – əslində, çoxumuzun əzbər bildiyimiz, həyata çağırış kimi səslənən və “… Bir kimsənin çırağını yandırmadan söndünsə, heç” misrası ilə bitən şeiri ilə çatdırıb.

ATİAHİ Respublika Komitəsinin sədr müavini  Mirzə Cəfərzadə da öz növbəsində İsmayıllıda keçirilən “Təhsil bayramı” təntənəsini alqışlayıb. Qazanılan uğurlarda zəhmət payı olanlara, Azərbaycan təhsilinə ucalıq gətirənlərə minnətdarlıq və təşəkkür edib. Nailiyyətləri daha yüksək olan bir qrup tələbəyə ATİAHİ İsmayıllı Rayon Komitəsinin Fəxri fərmanları və mükafatları təqdim edib

Təntənəli tədbirin gedişi zamanı 81 nəfər yüksək bal toplamış tələbə-gəncə RİH-nin hədiyyəsi və təbrik mətni təqdim olunub. Universitetlərə qəbulda məzunları daha çox fərqlənən məktəblərin direktorları, sinif rəhbərləri və aparıcı fənn müəllimləri mükafatlandırlanlar sırasında olublar.

Şəhər 7 saylı məktəbin məzunu, 661 bal toplayan Ayla Yusifli və 651 bal toplayan Sevinc Babazadə, şəhər 1 saylı məktəbin məzunu, 652 bal toplayan Nərmin Nemətli rayon üzrə ən yüksək bal topladıqlarına görə xüsusi mükafata layiq görülüblər.
Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad İsrəfilov, Əməkdar incəsənət xadimi Rasim Ələsgərov , III Muğam müsabiqəsi qalibi Kamilə Nəbiyeva, VII Muğam müsabiqəsinin birincisi İlahə Rüstəmova, “Tərəqqi” medallı müğənni Sahibə Abdullayeva, Rövşən Teyyubov və əslən həmyerlimiz olan Bakı  məktəblisi İsmayıl Xəlillinin ifaları – oxunan mahnı və nümayiş olunan rəqslər bayram təntənəsini daha da rövnəqləndirib.
“Təhsil bayramı” axşam saat 17: 00-da Heydər Əliyev Parkında möhtəşəm konsertlə yekunlaşıb. Uğurları ilə valideynlərinə, müəllimlərinə sevinc gətirən məzunlar İsmayıllı sakinlərinə daha bir bayram gününün fərəhini yaşadıblar.

V.Salehov

Şərh Yaz