Yaddas kitabcasi

İsmayıllıda Milli Mətbuat Gününə həsr olunan görüş keçirilib

Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan Milli Mətbuatının əsası qoyulub.
Azərbaycanın maarifçilik hərəkatının formalaşmasında mühüm rol oynamış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq olub. Qəzetin cəmi 56 nömrəsi işıq üzü görüb və bütün Qafqazda əks-səda doğurub.
İsmayıllıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyi rayonun aparıcı mətbuat nümayəndələrinin iştirakı ilə qeyd olunub.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb.  Bildirib ki, Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 144  ildə inkişaf edərək bugünkü səviyyəyə gəlib çatıb. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.
Rayon rəhbəri qeyd edib ki, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyev mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Hazırda Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı ulu öndər Heydər Əliyevin milli mətbuatın inkişafı istiqamətində həyata keçirdiyi dəyərli işlərə əsaslanır. Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri söz və mətbuat azadlığının təmin olunması, bundan irəli gələrək demokratik və azad mətbuatın formalaşdırılması olub. Jurnalistlərə verilən mənzillər, mətbuata ayrılan maliyyə yardımları Prezidentin mətbuat işçilərinə göstərdiyi yüksək diqqətin bariz nümunəsidir. Çıxışının sonunda M.Sadıqov müstəqil Azərbaycanımızın inkişafı naminə şərəfli və çətin fəaliyyətlərində jurnalistlərə  müvəffəqiyyətlər arzulayıb.
Çıxış edən veteran jurnalistlər – Valeh Salehov, Məmmədmirzə Rzayev, Bəybala Babayev, “Respublika” qəzetinin zona müxbiri Rasim Amanov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov bildiriblər ki, Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, gənc nəslin tərbiyəsi işində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas məqsədlərindəndir. Çıxışlarda ulu öndər Heydər Əliyevin reallaşdırdığı islahatlar nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst inkişafına əlverişli şəraitin yaradıldığı da qeyd olunub. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən jurnalistlərin sosial həyat şəraitinin yaxşılaşdırılması  bu şərəfli işdə çalışanların məsuliyyətini artırır.

Tədbirin sonunda bir qrup mətbuat işçisi səmərəli fəaliyyətlərinə görə rayon İcra Hakimiyyətinin Təşəkkürnamələri ilə təltif edilib.

Murad Məhərrəmov

Şərh Yaz