Yaddas kitabcasi

Qəzetlə söhbət

“İsmayıllı xəbərləri” qəzeti, onikinci ildir ki, aramızdasan. Bu illərin sürətlə ötüb keçdiyini deyərdim. Amma, yox, xoşbəxtlikdən bu illər asta-asta ötdü və mənə də “İsmayıllı xəbərləri”nin varlığını duymaq, mövcudluğunu hiss etmək, fəaliyyətini Milli Mətbuat günündə qiymətləndirmək imkanı verdi. Ötən müddət ərzində səni doğma yurdu sevən, tərənnüm edən gördük. Səni belə tanıdıq. Məqsədim haqqında bir neçə kəlmə söz demək, Milli Mətbuatımız sırasında öz yerini tutmuş, Mətbuat Şurasının üzvü –  “İsmayıllı xəbərləri” qəzetinin təəssübkeşlərini və yazarlarını bayram münasibətilə təbrik etməkdir.

Fikrimcə, insanın taleyi ilə qəzetin taleyi arasında oxşarlıqlar var. İnsan təkcə görünüşdən ibarət olmadığı kimi, qəzet də yalnız sözlər və cümlələrlə dolu səhifələrdən ibarət deyil. Məncə, qəzet də canlıdır. Onun da əziyyət, dərd çəkməsi, ədalətsiz hücümlara məruz qalması,  xəstələnməsi, hətta məhv ola bilməsi mümkündür. İnsanlar kimi qəzetlər də həyatda özünə həm dost, həm də düşmən qazanır. Nəhayət, qəzetlərin də ağıllısı, dəlisovu, güclüsü, zəifi, məntiqlisi və məntiqsizi olur.

Mənim sevimli “İsmayıllı xəbərləri” qəzetim! Sən hələ ilk addımlarını atandan hiss etmişdim ki, öz yolunu gedəcək, heç kəsə bənzəməyəcəksən. Həqiqətən də fərqlənə bildin. Əvvəla adına görə: Sən İsmayıllımızın adını uca tutur, onu vəsf edir, nömrədən-nömrəyə bu bölgənin Azərbaycanın mirvarisi olduğunu geniş oxucu kütləsinə çatdırırsan. Heç kəs səninlə darıxmır. Səni vərəqləyib oxumaq, oturduğun yerdən durmadan İsmayıllıya səyahətə çıxmaq kimi bir şeydir. Hər kəs axtardığını səndə tapa bilir.

Sən lap əvvəldən çoxsaylı rubrikalarınla siyasət, ictimaiyyət və iqtisadiyyatla yanaşı, kənd həyatı, incəsənət, idman, poeziya, ədəbiyyat, dil, musiqi aləmi və digər sahələrlə maraqlandın. Səhifələrində fəlsəfəyə, tarixə, səhiyyəyə, asudə vaxta yer ayırdın. Oxucularla ilk görüşdən bugünə qədər təkcə mən yox, ətrafımdakıların çoxu, səni sevimli qəzeti hesab edir. Sən illərdir fəaliyyət göstərən, yenilənən elektron saytın hesabına dünyanın hər yerində oxunan, xeyirxah insanları ətrafına cəmləməyi bacaran mətbuat orqanısan. Xeyir xəbərlərin carçısı olmağınla, bəzən dar düşüncəlilərin, gözü götürməyənlərin tənqid hədəfinə də çevrilmisən. Mövqeyinə, xeyirxahlığına həsəd aparanların haqsız hücümlarına da dözürsən.

Sən zaman keçdikcə böyüyəcək, çətinliklərə baxmayaraq, büdrəmədən yoluna davam edəcəksən. Çünki düz yoldasan və tək deyilsən. Səni İsmayıllını ürəkdən sevənlər dəstəkləyir. Səni sevənlər sırasında olduğumdan qürur duyuram. İlk nömrəndən bu günə qədər səninlə oldum, yoluna uğur dilədim. Hər nömrənin işıq üzü görməsinə sevindim. Səhifələrin həmişə maraqlı, oxunaqlı olsun, “İsmayıllı xəbərləri!” Bu kiçik yazını bayram təbriki kimi qəbul elə!

Hacıməmməd Məmmədov

Şərh Yaz