İsmayıllıda 28 May – Respublika Günü qeyd olunub

Xalqımızın həyatına, tarixinə böyük və əlamətdar hadisə kimi daxil olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 101-ci  ili tamam olur. 28 May günü hər il Respublika Günü kimi qeyd olunur.
Azərbaycan Demokratik Respublikasının 101-ci ildönümünə bölgəmiz bütün əvvəlki ildönümlərdən fərqli olaraq iqtisadiyyatın, kənd təsərrüfatının, sosial həyatın bütün istiqamətlərində qazandığı yüksək nailiyyətlərlə gəlib. Hər yerdə yenilik, ümummilli  liderimiz Heydər Əliyevin siyasətinə əməli sadiqlik, tikmək, qurmaq, yaratmaq meylləri görünməkdədir.
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Rayonda cümhuriyyətin yaranmasının 101-ci ildönümünü əlamətdar edən hadisələrdən biri də Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə  istedadlı şair, həmyerlimiz  Musa Yaquba Xalq şairi fəxri adı və şair Maarif Soltana “Tərəqqi” medalı verilməsi olub.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Respublika günü ilə əlaqədar ismayıllıları, bütövlükdə Azərbaycan xalqını təbrik edib, yaradıcı şəxslər olan həmyerlilərimizə göstərdiyi qayğı və diqqətə görə ölkə rəhbərinə ismayıllılar  adından minnətdarlıq ifadə edib.
Respublika gününə həsr olunmuş tədbir rayon Mədəniyyət Mərkəzində keçirilib. Tədbirdə rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev məruzə ilə çıxış edib. Qiraətçi Pünhan İsmayıllı Musa Yaqub yaradıcılığına toxunub, onun şeirlərindən nümunələr söyləyib.
Şair Maarif Soltan aldığı mükafatla əlaqədar ölkə rəhbərinə minnətdarlığını bildirib, bunun həyatında yüksək hadisə olduğunu diqqətə çatdırıb. Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov Musa Yaqub poeziyası haqqında danışıb, şairin günümüzün reallıqları ilə səsləşən şeirlərindən parçalar söyləyib.
Tədbir bayram konserti ilə yekunlaşıb.

Murad Məhərrəmov

 

Şərh Yaz