Yaddas kitabcasi

10 milyonuncu Azərbaycan vətəndaşı dünyaya gəldi

Dövlət bayramlarının, sevinc-fərəh gətirən tarixi günlərin sırasına biri də əlavə olundu. Ümummilli liderimiz Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik məsuliyyətini götürdüyü gündən başlayaraq tədricən hər günümüz bayrama çevrilməkdə davam edir. Bu gün isə xüsusi bir bayramın, milli tariximiz üçün çox önəmli olan bir günün sevincini yaşayırıq. Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşı dünyaya gəlib. Bu münasibətlə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda təntənəli tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov 10 milyon vətəndaşı olan bir ölkənin rəhbəri olduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, Azərbaycan analarının ən yaxın və böyük qayğıkeşi, Heydər Əliyev Fondunun Prezidenti, Birinci xanım Mehriban Əliyevanı təbrik edib.

İqtisadi, sosial, siyasi, say tərkibi baxımından böyüyən, yüksələn xalqımıza İsmayıllı ictimaiyyətinin ən xoş arzularını bildirib. 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsi gününün bayramlar sırasına daxil olduğunu qeyd edib.
İsmayıllı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Mail Səftərov və şəhər 3 nömrəli məktəb-liseyin coğrafiya müəllimi Əminə Ağayeva bu mövzuda çıxış edib,  10 milyonuncu vətəndaşa möhkəm can sağlığı, səadət, ailəsinə rifah, ölkəmizə əmin-amanlıq, torpaqlarımıza bütövlük, qüdrətli ordumuza qələbə arzulayıblar.
Sonda böyük bayram konserti olub, Vətənə, yüksəlişə, xalqa, analara həsr olunmuş mahnılar ifa edilib, şeirlər söylənib.
10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Əbülhəsən Ələkbərzadə küçəsində kiçik park üçün ərazi ayrılıb, burada ağaclar əkilib, yaşıllıqlar salınıb.

Şərh Yaz