İsmayıllıda “Zəfər parkı” salınır

Şanlı Girdiman dövlətinin sərkərdəsi Cavanşirin ruhunun dolaşdığı İsmayıllı torpağı bütün vaxtlarda öz qəhrəmanlıq salnaməsini yazmış igid oğulları, qəhrəman övladları ilə fəxr etmişdir.

Ən yaxın tarixə nəzər yetirsək belə bunun aydın nümunələrini görmüş olarıq. Alman faşizminə qarşı mübarizədə, Qarabağ uğrunda gedən döyüşlərdə vətən oğullarının rəşadəti, öz canı və qanı bahasına yazdığı qəhrəmanlıq səhifələri gözümüz önündədir.

Mənfur qonşumuz olan ermənilər zaman-zaman topraqlarımıza göz dikdi, tarixi Azərbaycan torpaqlarında özünə dövlət yaratdı, xalqımıza qarşı soyqırımı həyata keçirdi, bizi müharibəyə sürüklədi, öz düşmənçilik mövqeyindən əl çəkmədi. Ötən əsrin 80-ci illərindən yenidən baş qaldıraraq Azərbaycan torpaqlarının 20  faizini işğal etdi. Bir milyondan artıq Azərbaycanlı öz doğma ata-baba yurdundan didərgin düşdü, qaçqın və köçkün olmaq məcburiyyətində qaldı.

Qarabağ uğrunda gedən döyüşlərdə minlərlə igidimiz şəhid oldu. Lakin, “Dədə Qorqud” dastanında deyildiyi kimi, qurtarmadıq, tükənmədik. Özümüzü toplayıb, düşmənə layiqli cavablar verməyə nail olduq. Əlbəttə, ümummilli lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, tükənməz əzmi və iradəsi sayəsində həm diplomatiya sahəsində, həm də cəbhə xəttində üstünlüyü əldə etdik.

Zəfər yürüşü Aprel döyüşlərindən başladı. 2000 kvadrat kilometrdən çox torpaqlarımız erməni işğalından azad edildi. 2016-cı ilin aprelin 2-dən 5-nə kimi davam edən bu döyüşlərdə Azərbaycan Ordusunun bölmələri əks-həmlə ilə erməni işğalçılarının təxribatlarının qarşısını aldı, vətən oğulları misilsiz qəhrəmanlıq nümunələri göstərdilər. İşğalçı erməni qüvvələri Azərbaycan Ordusunun gücü, Azərbaycan övladlarının əzmi qarşısında tab gətirə bilməyərək qaçmağa, yalvarmağa başladılar, öz himayədarlarından kömək istədilər. Azərbaycan Bayrağı Lələtəpə yüksəkliyində dalğalandı.

Ordumuz 2016-cı ilin aprel ayında döyüş qüdrətini, işğalçıya layiqli cavab verməyə qadirliyini, cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın azad ediləcəyini tamamilə sübuta yetirdi. 2-5 aprel döyüşləri ilə Qarabağa qayıdışın əsası qoyuldu.

Dörd günlük müharibə kimi tarixə düşən Aprel döyüşlərindən üç il keçib. Lakin o günlərin qəhrəmanlıq salnaməsi hər gün xatırlanır, unudulmur, yaddaşlara köçür, gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm yer tutur.

Döyüşlərdə iştirak edən hərbi hissələrdə rayonumuzdan olan zabit və əsgərlər də şücaət göstərmiş, vətənin müdafiəsi, torpaqlarımızın azadlığı yolunda şəhid və qazi olmuşlar.

Bu tarixi hadisəni, bu zəfər yürüşünü əbədiləşdirmək tapşırığını da cənab Prezident elə özü verdi. Döyüşlərdə həlak olanlar, iştirak edib yaralananlar orden və medallarla təltif edildilər, dövlət qayğısı ilə əhatə olundular. Qələbəyə dönüş başlandı. Cocuq Mərcanlıya yeni həyat verildi, kənd yenidən tikilib-quruldu, doğma vətənlərindən didərgin düşmüş məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdılar. Bütün bunlar ermənilərə göz dağı oldu, xalqımızın qələbə əzminin nümayişinə çevrildi.

Şəhid ailələrinə və qazilərə hər yerdə dövlət qayğısı göstərilir. Bu vacib sahəni həmişə diqqətdə saxlayan İsmayıllı Rayon İcra Hakimiyyəti Aprel döyüşlərinin Zəfər yürüşünü əbədiləşdirmək üçün şəhərin yuxarı hissəsində, 15-ci kvartaldakı Koroğlu  küçəsi istiqamətində, 5 hektarda Aprel döyüşlərinə həsr olunmuş park salmağa başlamışdır. Parkın adı da döyüşlərin ruhuna uyğun olaraq “Zəfər parkı” adlandırılmışdır. Artıq burada genişmiqyaslı işlərə, parkın inşasına başlanılıb. Ərazi hamarlanıb, ağac əkini üçün yararlı hala salınıb, ətraf təmizlənib, abadlaşdırılıb. Aprelin 6-da keçirilən kütləvi iməclik zamanı burada 2 mindən çox küknar, cökə, akasiya, göyrüş, ağcaqayın ağacları əkilib.

Parkın tikintisi davam etdirilir. Burada Aprel döyüşlərini əks etdirən abidə ucaldılacaq, üzərinə  xatirə lövhəsi vurulacaq. Döyüşlərdə qəhrəmanlıqla həlak olmuş şəhid Mikayıl Vahabzadəyə həsr olunmuş guşə yaradılacaq. ”Zəfər parkı” gənclərin, hərbi xidmətə yola salınanların, yeni ailə quranların and yerinə çevriləcəkdir. Park rayona gələn xarici qonaqlara, əcnəbi və yerli turistlərə Azərbaycan xalqının vətənpərvərlik ruhunu, qələbə əzmini, torpaq, Vətən, yurd sevgisini göstərən abad bir məkana çevriləcək. Cavanşir qalasından görünən bu park qəhrəmanlıq tariximizin daha bir şanlı səhifəsini əks etdirəcək, xalq məhəbbətinə, körpə gülüşünə bələnəcək. Zəfər yürüşünün başlanğıcı olan Aprel döyüşlərinin izi, sorağı İsmayıllıda da əbədiləşəcək.

Murad Məhərrəmov,

İsmayıllı RİH başçısı aparatının siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini

Şərh Yaz