Boz atlı Gülalı

Olanlardan-keçənlərdən

 

(Əvvəli qəzetimizin ötən nömrəsində)

 

Onun dostları – çörək qazanmaqda həmişə əlindən tutanlar, köməyinə gələnlər: Kəlfərəcdən dayı Əlabbas, Lahıcdan xalça sexinin rəisi, səfər dostu Əsgər Quliyev, vergi nəzarətçisi Məhəmmədyusif, istehlak artelinin sədri Tacı Salmanov, baytar həkimi Ağaməmməd Haqverdiyev, nalbənd Əbil kişi, yaxın qohumu Əlicəfər Kərimov, Tağlabiyandan aşıq Şamil, Namazgahdan Məhərrəm (Babadayının qardaşı), Vaşaqan Gülalı (adaşı), Mulux kəndindən Bahana xala, Yuxarı Cülyandan Qarakişi, Qaraqayadan xalası oğlu Fərəc Dəmirov, Zərnavadan Xasay Ağayev, Gəndodan Seyidrəzi, Sərdahardan Mirzəmməd kişi, Basqaldan Tərlan, Əliheybət (qəssablar), Qafar kişi, Nağı, Tircandan Uzun Kərim, Pirəbilqasımdan Səfəralı, Nəzər, Şükür (bacanağı) Bəkirovlar, Nurandan (Ağsu rayonu) Yəhya, Xankəndindən Alı, Diyallıdan Umbay kişi (ata-baba dost idilər), Aşağı Cülyandan Sədri, Məcid, Həmid (çoban qardaşlar), Girkdən Yaşar (ferma müdiri), Şəbyandan Bığlı Məhəmməd, Minkədən Ağaməmməd, Mücüdən Şəfa, Qubaxəlillidən Carulla kişi, Sərfi, Mərziyyə (ləzgi ailələri), Kürdəmirdən lahıc Qulam, Qalaqayından (Sabirabad) Hüseyn, Şamaxıdan Məşədi Həcər, Təzəkənddən Ötərxan və başqaları.

Boz atlı Gülalı 50-ci illərdə Niyal yaylağının sağ tərəfində – Səfi yurdu deyilən yerdə – kənddən 15-20 kilometrlik məsafədə tənbəki əkərdi. Dediyim kimi, kolxozda işləmədiyindən kənd ərazisindən ona əkin-biçin üçün heç 1 metr də torpaq vermirdilər. Ona görə də o, bağ-bostan üçün lazımi yeri kənarlarda arayıb axtarırdı. Niyaldakı Səfi yurdu Gülalı kişi üçün bir də ona görə əlverişli idi ki, burada hər il onun gözaltısı… olan ləzgi – şux qamətli, mina gərdənli, maral baxışlı Sərfi xanımgilin qoyun sürüsü burada lövbər salardı. Gülalı kişi də bundan istifadə edərək burada tənbəki bostanı əkməklə həm acı tənbəkiyə, həm də şirin Sərfiyə əlindən gələn xidməti göstərir, birinin acılığının, digərinin isə şirinliyinin artmasından xüsusi zövq alardı. Axırda da tənbəki ilə yaylaq mövsümü elə eyni vaxtda bitərdi.

Onu da deyək ki, yaz-yay vaxtı Boz atlı Gülalı hərdən bostana gedəndə həyat yoldaşı Balabacı xanımı da özü ilə ata mindirib Niyala aparardı. Onlar bostana birlikdə qulluq edərdilər. Əkər, dibini doldurar, alağını edər və s. Həftədə bir dəfə də suvarardılar.

Bir gün də adəti üzrə ər-arvad yenə onlar Niyala yollanırlar ki, tənbəkinin dibini boşaltsınlar. Sonra çay içmək məqsədilə Sərfigilin obasına gəlirlər. Sərfi xanım onları görən kimi əl-ayaqdan gedir… Çay-çörək hazırlayır. Amma nə qədər edirlərsə Balabacı xanım nə çay içir, nə də çörək yeyir.

Bir azdan Sərfi xanımla Gülalı kişi meşəyə yollanırlar. Guya ki, kişi meşədə arı yuvası görüb və onlar gedirlər ki, ağacın gövdəsindəki balı götürüb gətirsinlər. Aradan bir az keçmiş onlar əliboş qayıdanda Balabacı xanım dilini dinc qoymayaraq deyir: “Deyəsən arınız eşşək arısı çıxıb?”. Bu söz Gülalı kişiyə bərk toxunur. Amma özünü büruzə vermir.

Bir azdan yola düşürlər. Elə ki, gəlib Gərdəninin dibinə çatırlar, boz atlı Gülalı bel kəmərini çıxarıb düşür arvadının üstünə. Nə yemisən, turşulu plov. Onu o ki, var əzişdirir. Vurduqca deyir: “Hirsindən çay-çörək yemədin, arıdan sonra bizə şəbədə qoşdun, al, bu da sənin payın…”. Qadın yalvar-yaxar edərək birtəhər onun əlindən qurtarır.

Sonralar bu hadisəni Balabacı xala çox yerdə danışardı.

Dediyimiz kimi, Gülalı kişinin yaz-yay aylarında gün-güzəranı, alış-verişi ancaq yaylaqlarda, çobanların arasında keçərdi. Bir gün də o, uşaqlarından birini götürüb Qaranohur deyilən yerdən Köhnədəxər kəndinə tərəf meşə yolu ilə Səlim Soltan yaylağına gedərkən qabaqda atın noxtasını çəkən oğlu yuxarıdan xəzəli xışıldada-xışıldada aşıb gələn, yoğun qolları, tüklü sifəti olan bir nəfərin onlara sarı gəldiyini görəndə birdən qışqırır: “Ay dadaş, ayı”.

Gülalı kişi bu dəm həmin adama yaxınlaşıb deyir: “Xoni (lahıclılar Xanıya Xoni deyirlər), salam!”

Uşaq öz-özünə deyir: “A balam, ayı da dil bilir?”. Sonra atasından öyrənir ki, bu şəxs Müdrili Baladadaş kişinin böyük oğlu, kənd soveti sədrinin katibi, hamının hörmətini qazanmış Xanı Məcidovdur. Onu da deyim ki, məcidovlar İsmayıllıda tanınmış nəsildir. Böyük qardaş (Xanıdan sonra) Bəhman müəllim uzun müddət Mican məktəbində direktor işləmiş, Teymur və Aslan isə Sumqayıt şəhərində tikinti-qurucu işlərində çalışmışlar. İndi onlardan ancaq Aslan qalmışdır.

Boz atlı Gülalı at belində haraları gəzməmişdir?! Baba dağından tutmuş Kür qırağınadək. O, ildə bir neçə dəfə gəzintiyə, alış-verişə gedərdi. Bu başdan meşin, tumac, Lahıc çustu (ayaqqabı), mis qab-qacaq aparar, o başdan balıq, mal-heyvan, pal-paltar alıb gətirərdi. Bir dəfə də o, Qalaqayından (Sabirabad) gələndə bir yanı balalı camış alıb gətirir. Əvvəldən dediyimiz kimi, kənddə onların malına örüş yeri verilmədiyinə görə camışın özünü böyük oğlu, balasını isə kiçik oğlu otararmış. Bir gün günortadan sonra balaca qardaş xötəyi (camışın balası) Zırxana deyilən yerdə dərənin qırağında otararkən birdən xötək Basqal yerindəki Səkinə bağından anasının anqırtısını (səsini) eşidir. Birdən balağ götürülür. O qaçır, uşaq qaçır, nə qədər edirsə yaxınlaşıb xötəyi qaytara bilmir. Bir də baxır ki, onlar Basqal üstündəki Məmməd bağındadırlar. Salamın pirinə çatanda axır uşaqcığaz dözməyib bərkdən deyir: “Səni alıb gətirənin atası belə-belə olsun”. Bu dəm nə görsə yaxşıdır: səhərdən alver məqsədilə Basqala yollanan atası Gülalı kişi at belində peyda oldu qabağında. O, tamam sarılığını udur. Elə ağzını açmaq istəyir ki, göydə qırmacı fırladan atasının səsi götürür aləmi: “Ayə, sən mənim atamı söyürsən”, – deyib qırmacı ona tərəf çalarkən uşaq qorxudan götürülür, nə götürülür…

Düz üç gün onu tapan olmayır. Deməmiş, qorxudan gedib, qalıb xalasıgildə.

Həmin gün camış balasını əmizdirdiyindən uşaqlar nəinki südə, hətta çay-çörəyə də tamarzı qaldılar. Axı, onlar ailə qayda-qanunlarını pozmuşdular.

Yeri gəlmişkən, Gülalı kişinin sərgüzəştlərindən birini də danışım. Adətən, yaylaq vaxtı Carulla kişigilin sürüsü gələndə onlar Tircan bağlarından keçib, İşqından aşıb, Abasyan meşəsini keçib Tahir bağına yollanır, oradan da otlaya-otlaya gəlib Kəlfərəcin Qoşabulağından su içib, üz tutardılar yuxarılara doğru. Bu dəmlərdə Gülalı kişi də bəzən onlarla bir yerdə olar, Carulla kişiyə, Sərfiyə, kiçik yaşlı Kəskinə (Sərfinin oğlu) yol göstərər, lazımi məsləhətlər verərdi.

Bir gün necə oldusa, sürü Niyala yollananda Boz atlı Gülalı 9-10 yaşlı oğlunu da bunlara qoşub yaylağa yola salmalı oldu. Tağlabiyan kəndinin Pirüzü deyilən yerində o, oğlunu Sərfinin arxasına mindirdi ki, yol uzaqdır, qoy uşaq bir az da atla getsin. Bir az getmiş yol üzüaşağı olduğundan uşaq görür ki, yıxılacaq, başlayır atasına yalvarmağa: ata, sən Allah, məni düşür, qorxuram ki, yıxılam. Atası başlayır uşağa göstəriş verməyə: ayə, nədən qorxursan, qabağında o cür yup-yumşaq qadın əyləşib, yapış onun harasından gəldi, möhkəm tut. Uşaq utandığından yenə deyir: “Ay ata, yıxılıram axı”. Ayə, sənə demirəm, tut onun döşlərindən! Oğlan məcbur olub başlayır bərk-bərk Sərfinin döşlərindən tutmağa. Bir azdan atası görəndə ki, oğlunun daha səsi çıxmır, bu dəfə də o, özü soruşur: “Hə, necədir, yerin rahatdır?” – Bəli dadaş, rahatdır. Bax, görürsən, mən də əvvəllər Sərfi xalanla at belində bu yolu düşəndə narahat olurdum. Elə ki, səni kimi etdim, yıxılmaqdan qorxmadım. Daha demirdi ki, ay oğul, hər dəfə sən o döşlərdən tutanda elə bil ürəyimdən tikan çıxardırsan. Uşaq nə bilsin ki, at belində döş tutmaq nə deməkdir.

Həmin uşaq sonralar Sərfi xanımın ona olan hörmət və məhəbbətini belə açıqlayardı:

– 9 gün Sərfi xalagildə qaldım. Allah-Təala ömrümə elə o günləri yazsın. Bilirsiniz, nə mehriban, nə qayğıkeş qadın idi. Hər səhər məni südə, qaymağa, yağa, bala qonaq edər, nahara qoyun-quzu ətindən qızartma, axşamlar isə toyuq-cücədən çığırtma edərdi. Elə deyərdi… Can bala, yaxşı-yaxşı ye. Bura da sizin evinizdir, nə istəyirsən de, bişirim. Mən də sənin anan. Könlündən keçəni məndən gizlətmə. Axırda belə bir şəraitdə ondan ayrılarkən Sərfi xala məni qoynuna basaraq, bilirsiniz necə ağladı?..

Gülalı Şiralı oğlunun alış-verişi təkcə öz respublikamızda deyil, bəzən başqa ölkələrdə, dövlətlərdə də olurdu. Arabir onun sorağı Dağıstandan, Türkmənistandan, Tatarstandan və başqa respublikalardan gələrdi.

Bir dəfə, adəti üzrə, Kazan şəhərinə lavaşna, alça-alma qurusu apararkən yay vaxtı olduğundan, Bakıda universitetdə II kursda oxuyan, istehsalat təcrübəsini Kazan Dövlət Universitetinə keçirməyə göndəriş alan oğlunu da özü ilə Tatarstana aparır. İşləri sahmana saldıqdan sonra gündüzlər o, bazarda lavaşnanın bir kiloqramını 10 manata satır (bazarda alver şıdırğı gedirdi), oğlu da günortaya kimi universitetdə təcrübə keçir, sonra bazara gəlib atasına kömək edirdi. Kişi arabir günorta üstü ya nahara, ya da çay içməyə gedirdi. O anlarda bazarda tərəzinin arxasına oğlu keçib atasını əvəz edərdi.

Bir gün ata-bala onlar yenə tərəzinin arxasında alver edərkən cavan bir milisioner onlara yaxınlaşıb 250 qram lavaşna istəyir. O, lavaşnanı çəkdirərkən onun nədən hazırlanması, haradan gətirilməsi, hansı ağacda əmələ gəlməsi barədə xeyli sual verir. Bu, Gülalı kişini lap hövsələdən çıxarır. Birincisi, o, daşıdığı vəzifə və rütbədən asılı olmayaraq qırmızı şapkalılardan yaman qorxurdu. İkincisi də axı, alver ləngiyirdi, müştərilər deyinirdi. Amma bu, oğlunun ürəyindən idi. Axı, ertədən o, atasına demişdi ki, bu gün restoranda tələbə yoldaşları ilə birlikdə banket quracaqlar. Ona pul lazımdır. Atası isə əsəbiləşərək demişdi:

– Ayə, sən bura oxumağa gəlmisən, yoxsa restoranda dəmlənməyə? Get, hara gedirsən, mənim pulum yoxdur.

Odur ki, bu milisin gəlməsi elə bil Allahdan oldu. Gülalı kişi rus dili bilmədiyindən axırda soruşdu ki, ay oğul, bu nə çərənləyir, malını alıb getsin də. Oğlu dedi:

– Dadaş, o, deyir ki, bu lavaşnanı haradan gətirmisiniz, mal kimindir, arayışınız varmı, həkimdən razılıq almısınızmı və s.

Gülalı kişi gördü ki, bu söz-söhbət çox çəkəcək. Odur ki, oğluna dedi:

– Oğul, öyrən gör bunu pulla həll etmək olarmı? Əgər olarsa, onda 5-10 manat verib onu yola salaq.

Oğlu müxtəlif suallar verməklə guya onunla razılaşırdı. Milis də da… da… deyirdi. O, aşağıda əllərini bir-birinə vurub dedi:

– Dadaş, razılaşdı. Dedi ki, 25 manat verin bu işi xətm edim.

Kişi sevincək bir göyqulaq  25-lik çıxarıb oğluna verdi və dedi:

– Olmasın 2,5 kiloqram lavaşnamız.

Bu dəm oğlu milislə nə danışdısa, bu barədə atasına məlumat verdi: – Dadaş, deyir ki, pulu burada camaatın gözü qarşısında vermək olmaz. Gəl çıxaq çölə, orada verərsiniz.

Milis 250 qram lavaşnanı çəkdirib pulunu verəndə Gülalı kişi o qədər qorxmuşdu ki, hörmət əlaməti olaraq o, milisdən heç pul da götürmək istəmirdi. Milisin xeyli təkidindən sonra, o, məcbur olub iki manat əlli qəpiyi götürdü.

Onlar çölə çıxanda milis öz işinin ardınca, tələbə oğlan isə restorana – yoldaşlarının yanına yollandı.

(ardı var)

İldırım Dəmirli

Şərh Yaz