Gözəllik və humanist ideyalar bayramı

Mart ayının 12-də İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbində “Xonçalı Novruz gəlir”, adlı bayram tədbiri təşkil edilib. Məktəbdə Novruz bayramı münasibətilə divar qəzetləri, stend və guşələr, bülletenlər hazırlanıb.

Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin metodistləri Rəna Mirzəliyeva və Ülviyyə Zeynalova, şair, Prezident təqaüdçüsü Şahməmməd Dağlaroğlu, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak edib.

Tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Şəbnəm Osmanlı xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, atributları barədə məlumat verib. İştirakçıları bayram münasibəti ilə təbrik edib.

Daha sonra edilən çıxışlarda da Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyətindən söz açılıb. Bildirilib ki, zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var. Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin göstəricisidir. Tədbirdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi diqqətə çatdırılıb.

Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Bayram şənliyində şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə xüsusi rəng qatıb.

Elnarənəş

Şərh Yaz