Yaddas kitabcasi

Dövlət qayğısı ilə əhatə olunmuş kənd

Təzəkənd inzibati ərazi dairəsinə daxil olan Gəndov kəndi son illər yeni həyata qovuşması ilə diqqəti cəlb edir. Buraya asfalt yol, qaz kəməri çəkilib, ümumi orta məktəb üçün modul tipli bina tikilib, sakinlər son bir neçə il ərzində 24 fərdi ev inşa ediblər. Enerji təchizatı sabitləşib, dayanıqlığı artıb. İçməli və suvarma su problemi də çoxdan həll olunub.
Gəndov kənd sakinləri ilə görüş-qəbul keçirən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bütün bunları cənab Prezident İlham Əliyevin qayğısının və diqqətinin bariz təzahürü olduğunu bildirib. Qeyd edib ki, olanlarla kifayətlənmək olmaz. Ölkə rəhbərinin, dövlətimizin qayğısı hər kəsi daha səmərəli işləməyə, fəaliyyətini yeni düşüncə əsasında qoymağa sövq edir. Torpaqlardan səmərəli, düşünərək istifadə olunmalıdır. Evlər məsləhətdir ki, əkinə yararlı olmayan torpaqlarda tikilsin.
Gəndov kənd sakinləri keçmiş illərdən fərqli olaraq fərdi məsələləri yox, ümumi xarakter daşıyan istəklərini dilə gətiriblər. Deyiblər ki, yeni məktəbin su çəni quraşdırılmalı, isitmə sistemi işə salınmalı, tibb məntəqəsi üçün otaq ayrılmalı, yeni çəkilmiş və sayğac qoyulmuş xətlərlə bütün evlərə qazın verilişi tezləşdirilməli, İsmayıllı-Lahıc marşrutu ilə işləyən avtobus daha tutumlusu ilə əvəz edilməlidir.
Aid xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi görüş-qəbulda hər bir məsələnin icrası ilə əlaqədar RİH-nin başçısı M.Sadıqov tərəfindən konkret tapşırıqlar verilib.
V.Salehov

Şərh Yaz