Yaddas kitabcasi

İsmayıllı yazarlarının yeni şeirləri

Arasında
64 yaşıma
Gəlib çatdı atmış dördüm…
Nə yaşadım, eh, nə gördüm?
Calandıqca dərdə dərdim,
Qaldım hey dərd arasında.

Heç ürəkdən gülmədim mən,
Sevinc nədir, bilmədim mən.
Nə yaxşı ki, ölmədim mən
Neçə namərd arasında.

Dedi sözün zaman, vədə,
Lal, kar oldum gedə-gedə.
Dolandım bir çərçivədə
Sərhədlə hədd arasında.

Öyünüm, Allah, haramla?
Yaşadım bəzən haramla.
Qaldım kəsilmiş çaramla
Namərdlə mərd arasında.

… Payızdayam, qışım qalır,
Ürək vurur, başım qalır.
Nə yaxşı ki, beşim qalır
Altıyla dörd arasında.
Nazir Ziya Talıstanlı
22.09.2018

Nəyimə gərəkdir
Yəqin hər kəs bircə nəfər də olsa belə “firon” tanıyar…

Var olsun, varım ki var,
ar nəyimə gərəkdir.
Onsuz da uca dağam,
qar nəyimə gərəkdir.

Yaxşı saxlayın yadda,
mən mənəm bir “mən” adda.
Burda mənəm…Bağdadda
kor nəyimə gərəkdir.

Qohum-qardaş bilməzəm,
hər yetənə gülməzəm.
Ölməyəcəm…ölməzəm…
gor nəyimə gərəkdir.
Tərlan Saleh

Tapşırma

Dağın bir üzü görünməz,
Dərdin tüstüsü görünməz,
Kimsən, a özü görünməz,
Şahın taxtına tapşırma.

Yetər bunca sınadığın,
Г‡ək üstümə qanadını.
Ta arzumu inadımın
Ölən vaxtına tapşırma.

Sən Vüqarı dərdə tapşır,
Bu yiyəsiz yurda tapşır.
İtə tapşır, qurda tapşır,
Məni baxtıma tapşırma.
Vüqar Vaqifoğlu

Xəbəri yoxdur

Bu özünə tay axtarır,
Başı çıxmır, say axtarır.
İmkanlı day-day axtarır,
Bezindən xəbəri yoxdu.

Başı yastı bağa kimi,
Burun çıxıb qarğa kimi.
Yerişı var yorğa kimi,
İzindən xəbəri yoxdu.

Sağa-sola, birnəfəsə
İttək hürər o hər səsə.
Lağ eyləyir o hər kəsə,
Özündən xəbəri yoxdu.
Nailə Yırğançaylı

Müdri

(Doğulduğum Müdri kəndinə)

Qədimdən qədimdir, uludan ulu,
Dağların qoynunda nağıldı Müdri.
Qışı ağ çalmalı, baharı gülşən,
Qafqaz tək anadan doğuldu Müdri.

Müdrik insanların Vətəni, yurdu,
Min illik tarixi geridə qoydu,
Alınmaz qaladır, basılmaz ordu,
Qılınclı, qalxanlı oğuldu Müdri.

Cana can verəndi, ürəyə təpər,
Al günəş hər sabah üzündən öpər,
Müqəddəs ocaqdı, gülümsər səhər,
Ağızda şipşirin noğuldu Müdri.

Min dərdin dərmanı çiçək, gülündə,
Dil açar dərəsi yağış selində,
Г‡ayların nəğməsi bitib dilində,
Qonağa: “Xoş gəldin”, “Sağ ol”du Müdri.

Əsrlər hörülüb qayaya, daşa,
Г‡əmənlər bürünüb yaşıl qumaşa,
Boylanıb arxadan, edib tamaşa,
Gedəni geriyə çağırdı Müdri.

Tarixlər yaşayır daş-divarında,
Dindirsən sözü var hər məzarın da,
Alimin, şairin, çox yazarın da,
Dilində kəlam tək yoğruldu Müdri.

Gözümü açmışam burda dünyaya,
Borcluyam sevimli, əziz anaya,
Qoşulub nəğməmlə Girdiman çaya,
Səpildi ruhuma, dağıldı Müdri.
Murad Məhərrəmov

Bacım

Bacımın 50 illik yubileyinə

Atamın, anamın yadigarısan,
Ata ocağının xoş baharısan.
Könlümün sirdaşı, etibarısan,
Yaxşını, yamanı qananım –“ bacım.

Göz yaşım axanda silən sən oldun,
Dərdimi ovudan, bölən sən oldun.
Dar gündə arxamca gələn sən oldun,
Oduma, halıma yananım –“ bacım.

Ətirli bağçasan, gülsən, önümdə,
Mehrin nəfəsimdə, adın ünümdə.
Narahat anımda, qəmli günümdə,
Yanağı saralıb, solanım –“ bacım.

Olsun xoş diləklər könül hakimi,
Səni sevən qədər, sevdim mən kimi?
Gecə də, gündüz də pərvanə kimi,
Dolanım başına, dolanım, bacım!
Xuraman Baxış

Yuxusuz gecələrim

Əzizlərimə

İşdən evə tələsdim, hər gün, adətim üzrə,
Bağlandım öz evimə təmiz məhəbbət ilə.
Eşqimlə, zəhmətimlə bəzədim öz evimi,
Beləcə səadətə qovuşduq ildən-ilə.

Dövlətim, varım bilib, sevdim od-ocağımı,
Oğulları böyüdüb, vətəndaş edə bildim.
İllər keçdikcə mən də oldum sevimli nənə,
Şeir yazdım fərəhdən, sizsiz heç kim deyildim.

Göydəki ulduzların Arizdir bir guşəsi,
Balalarım oxşadı dayıları Murada.
Gül-çiçək içindədir bütün arzu-diləyim,
Sanıram, xoşbəxtlərin xoşbəxtiyəm dünyada.

Görməyəsiz qan-qada, həyat yar olsun sizə,
Adınız olan yerdə can verməyə hazıram.
Sizsiz qolum-qanadım, şair olmasam da mən,
Ən şirin sözlərimi adınıza yazıram.
Şərqiyyə Balacanlı

Şərh Yaz