Yaddas kitabcasi

14 iyul –“ Böyük yolun başlanğıcı

İyul ayının 13-də Qalacıq kənd tam orta məktəbində ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 49 illiyi münasibəti ilə tədbir keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyəti aparatı əməkdaşlarının, məktəb kollektivinin, kənd sakinlərinin, ziyalıların iştirak etdiyi tədbir Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri məktəbin direktoru Rusan Qasımov açaraq müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və çoxsahəli fəaliyyətinə qısa nəzər salıb. Bildirib ki, əslində Ulu öndərin bu dövrdə ölkəmizə rəhbər seçilməsi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır.
Ümummilli liderin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük starateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Təranə Məmmədova çıxışında Ulu öndərin siyasi-mədəni irsinin öyrənilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövləti yaratmaqla yanaşı, bu dövlətin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirib. Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın sosial rifah halını təmin edən yeni neft strategiyasının hazırlanması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu kimi proseslər Ulu öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir.
İsmayıllı RİH-nin məsul əməkdaşı Gülnarə Mirzəliyeva tədbir iştirakçıları və qonaqları salamlayaraq Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətdə olduğu illəri Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələri adlandırıb. Dünya şöhrətli siyasətçinin Azərbaycanda siyasi hakimiyyətə gəlişi və şərəfli fəaliyyəti dövrünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin 1969-cu il iyul ayının 14-də Azərbaycana rəhbər seçilməsi ilə respublika həyatında yeni inkişaf mərhələsinin əsası qoyulub. İqtisadi və sosial həyatın bütün sahələrində dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar qısa zamanda ittifaq respublikaları içərisində Azərbaycanı inkişaf dinamikasına görə öncül mövqeyə yüksəldib, güclü sənaye-aqrar potensialı yaradılıb.
Məktəbin təşkilatçı müəllimi Bədir Bədirov, kənd sakini Bəxtiyar Rəhimov və digər çıxışçılar tədbirin əhəmiyyətini xüsusi qeyd edib, Ulu öndərin siyasi irsinin təbliği istiqamətində həyata keçirilən tədbirlərə görə, İsmayıllı Rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.
Sonda RİH aparatının məsul əməkdaşı Nəsimi Teymurov bu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha böyük uğurlar, nailiyyətlər gözlədiyini bildirib: – “Xalqımızın müdrik lideri olan ulu öndər Heydər Əliyevin adı müstəqil Azərbaycan dövləti durduqca əbədi yaşayacaqdır”.
Tədbir Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “14 iyul –“ “Böyük yolun başlanğıcı” filminin nümayişi ilə yekunlaşıb.
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh Yaz