30 ilin xoş xatirələri

İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində 30 il öncə məktəbi bitirmiş məzunlarla görüş keçirilib. Görüşdə həmin illərdə məktəbin direktoru olmuş Gülsurə Şəfaqətova, sinif rəhbəri olmuş Mirvari Musayeva, direktor müavini olmuş Vidadi Soltanov, fənn müəllimləri olmuş Səlahət Əmirova, Göyçək Əliyeva, ibtidai sinif müəllimləri Minayə Nəbiyeva, Zöhrab Vahabov, məzunlar və məktəb rəhbərliyi iştirak edib. 30 ilin xoş xatirələri
30 ilin xoş xatirələri      Məktəbin 1988-ci il məzunları onlara “Əlifba”nı öyrədən müəllimləri ilə görüşüb, sinif otağında vaxtilə oturduqları partalarda əyləşiblər. Zəngin sədaları altında sinif otağına daxil olan sinif rəhbərləri Mirvari müəlllim 30 il əvvəl olduğu kimi, dərsin başlandığını elan edib. Budəfəki dərs həmişəkindən daha maraqlı, daha çox yaddaqalan olub. Bu dərs müddətində uzun illərdən bəri ilk dəfə görüşən məzunlar sevimli müəllimlərinə həyatda qazandıqları uğurlardan, seçdikləri peşələrindən və hər bir uğurda əziz müəllimlərinin əvəzsiz zəhmətinin olduğunu qeyd ediblər. Səmimi ünsiyyət prosesində məlum olub ki, 30 il əvvəl bir sinifdə təhsil alan 26 məzundan 23-ü ali təhsil alıb. Sevindirici haldır ki, həmin məzunların sevimlisi olan müəllimlərinin yolunu davam etdirən, müəllimlik peşəsini seçən məzunlar digərlərinə nisbətən daha çoxluq təşkil edir. Sinfin yetirmələrinin həkim, müəllim, mühəndis və digər sənət sahibləri olması onlara dərs deyən müəllimlərin əvəzsiz əməyinin səmərəli nəticəsidir. Məzunlar məktəb illərinin xoş xatirələrini bölüşüb, qazandıqları uğurlara görə müəllimlərinə borclu olduqlarını bildiriblər. Mirvari müəllimə şagirdlərinin qazandıqları uğurlara, Vətən üçün gördükləri işlərə görə sevincini ifadə edib, bu günün onun üçün ən fərəhli bir gün olduğunu deyib.
Dərs prosesindən sonra məktəbin akt zalında görüşün şirin xatirələri, nostalji məqamları müzakirə olunub.
Sonda məzunlar adından sinif rəhbərləri Mirvari Musayevaya Təşəkkürnamə təqdim edilib, xatirə şəkilləri çəkilib.
Elnarə Günəş

Şərh Yaz