Ümummilli liderin hüquqi dövlət quruculuğu və milli prokurorluq orqanlarının formalaşması istiqamətində fəaliyyəti

Hər il 10 may tarixində Azərbaycan xalqı ən görkəmli dövlət xadimlərindən biri, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini hörmətlə yad edir. Ümummilli liderin 95-ci doğum gününün yad edilməsi, özündən sonra böyük mənəvi irs qoymuş bu dahi şəxsiyyətin fəaliyyətinə nəzər salmağa imkan verir.Ümummilli liderin hüquqi dövlət quruculuğu və milli prokurorluq orqanlarının formalaşması istiqamətində fəaliyyəti     Azərbaycan xalqı 1993-cü ilin may-iyununda ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Daxili sabitliyin əldə edilməsi və qorunması istiqamətində yorulmadan çalışan Heydər Əliyev, 1993-95-ci illər ərzində daxili birliyi təmin edərək, ölkənin çiçəklənməsi prosesinin əsasını qoydu.
1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı. Г‡ox çətin tarixi və geosiyasi təlatümlər dövründə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasını və beləliklə də, gələcək nəsillər üçün təhlükəsiz neft siyasətinin aparılmasını təmin edən Heydər Əliyev, həm də çox istiqamətli tarazlaşdırılmış xarici siyasət konsepsiyasını formalaşdırdı. O, qonşu ölkələr olan Rusiya və İranla mehriban qonşuluq münasibətlərini inkişaf etdirməklə yanaşı, Qərb ölkələri ilə də bütün sahələrdə münasibətlərin dərinləşdirilməsi istiqamətində fəal siyasət yürütmüşdür.
1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, “Bələdiyyə seçkiləri haqqında qanun”un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Г‡oxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.
Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.
Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi bir dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə orada da kəskin fərqlənmişdir. Heydər Əliyev görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi ən yüksək vəzifəyə çəkilməyə layiq bilinirdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur.
Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.
Məhz belə bir mürəkkəb vəziyyətdə 1993-cü ilin yayında Ulu öndər xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.
Təsadüfi deyil ki, 1993-cü ildə Ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan Ulu öndər 1997-ci ildə deyəcək: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.
Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. “Dövlət – dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarzəyə başlanıldı.
Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu.
Müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi.
Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı.
Demokratik hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi.
Cəmiyyətin siyasi sistemi və konstitusion idarəetmə üsulu barədə üç əsr bundan əvvəl siyasi filosoflar Lokk, Humbolt, Monteskyö fikirlər söyləmişlər. Müasir konstitusiyalar yaranana qədər – hələ XVIII əsrin axırlarından Avropa və Amerikada ilk konstitusiya sənədləri meydana çıxmışdı.
Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.
Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi Öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir.
“Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma, eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” – deyən ulu öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosofların elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.
Heydər Əliyevin hüquqi dövlət quruculuğunda zəngin irsinə nəzər salarkən Uinston Г‡erçilin sözlərini xatırlatmaq olar: “Dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür”. Bu sözlər sanki Azərbaycanın sabahını, xalqımızın rifahını daim düşünən ümummilli liderimiz Heydər Əliyev haqqında deyilmişdi.
Bu gün tam əminliklə söyləyə bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995–“ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır. Əsas Qanunda respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.
Ümummilli liderin hüquqi dövlət quruculuğu və milli prokurorluq orqanlarının formalaşması istiqamətində fəaliyyəti
Ulu öndər dövlət başçısı kimi daim inandığı, güvəndiyi və arxalandığı prokurorluq orqanlarına, bu orqanlarda şərəflə çalışanlara qayğısını heç vaxt əsrgəməmişdir. Prokuror peşəsinə dərin hörmət və ehtiramının bariz təzahürü kimi o, hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamış, həmçinin prokurorluq işçilərini dövlət təltiflərinə layiq görmüşdür. Fərəh və qürur hissi ilə qeyd etməliyik ki, MDB-də prokurorluğun peşə bayramı gününün təsis edildiyi ilk ölkə Azərbaycan olmuşdur. Ulu öndərimiz prokurorluq işçilərinin peşə fəaliyyətini yüksək qiymətləndirirək demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılan islahatlar nəticəsində prokurorluq orqanlarının səlahiyyətləri beynəlxalq standartlara uyğunlaşdırılmış, ölkədə qanunçuluğun möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə bu orqanların rolu artırılmış, kadrların peşəkarlıq səviyyəsi yüksəldilmişdir.
Ulu öndərin müstəqil dövlətimizə rəhbərliyi dövründə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin beynəlxalq standartlara və demokratik prinsiplərə əsaslanan, milli dövlətçilik ənənələrindən qaynaqlanan möhkəm hüquqi bazasının yaradılması ardıcıl xarakter kəsb etmişdir. Belə ki, “Prokurorluq haqqında” Qanunun tələbləri əsas götürülərək, digər qanunvericilik aktları – “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi embleminin təsviri” haqqında, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri” haqqında aktlar qəbul edilmiş, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, habelə “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” əsasnamələr təsdiqlənmiş, eləcə də prokurorluğun qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işinin düzgün təşkili üçün zəruri olan təşkilati-normativ tədbirlər həyata keçirilmişdir. Bütün bunlar Azərbaycan prokurorluğunun demokratik dəyərlərə uyğun səmərəli və məqsədyönlü fəaliyyəti üçün möhkəm zəmin yaratmışdır.
Ölkəmizdə dövlət quruculuğu prosesinin dərinləşməsi prokurorluğun cəmiyyətdə və idarəçilik sistemində rolunu daha da artırmaq zərurəti yaratmış, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Ulu öndər Heydər Əliyevin Baş Prokurorluğa və onun dövlətçiliyimizin möhkəmləndirilməsindəki roluna verdiyi yüksək dəyərin təzahürü olan bu hüquq ictimai həyatın ayrı-ayrı sahələrinin hüquqi tənzimlənməsindəki çatışmazlıqlar haqqında Milli Məclisə məlumatların verilməsi, habelə müvafiq qanun layihələrinin ali qanunverici orqana təqdim edilməsi ilə gerçəkləşdirilir. Ulu öndərin müstəqil, müasir dövlət quruculuğu konsepsiyasının tərkib hissəsi olan məhkəmə-hüquq islahatları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son 10 ildə böyük uğurla davam etdirilmişdir. Bu baxımdan, dövlətimizin başçısının prokurorluq orqanlarına inam və etmadının təzahürü olan qərarları da bu orqanların fəaliyyətininin təkmilləşdirilməsində və müasirləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, ölkə Prezidentinin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır. “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması, korrupsiyaya qarşı ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin tamamilə yeni müstəviyə qaldırılmaqla, strukturunun və iş metodlarının təkmilləşdirilməsi və bu quruma əməliyyat–“axtarış tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin verilməsi möhtərəm Prezidentimizin prokurorluq orqanlarının dövlət idarəçiliyəndəki roluna verdiyi dəyərin bariz göstəricisidir.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun 90 illiyi münasibətilə bu orqanın əməkdaşlarına ünvanladığı təbrik məktubunda deyilmişdir: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Prokurorluq orqanlarında – yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir”.
Biz prokurorluq orqanları əməkdaşları Ulu öndərimiz tərəfindən əsası qoyulmuş ənənənin sadiq davamçısı olan möhtərəm Prezident İlham Əliyevin diqqətini, qayğısını və dəstəyini daim görür və hiss edir, Baş Prokurorluğun rəhbərliyinin əmr və göstərişlərinə dürüst əməl etməklə öz xidməti vəzifələrimizin icrasında bu etimadı doğrultmağa çalışırıq.
Demokratik cəmiyyətdə öz funksiyalarını yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirməklə, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin olunmasında, bütövlükdə hüquq sisteminin inkişafında fəal və əhəmiyyətli rol oynamaqla ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanın daha da çiçəklənməsi naminə bundan sonra da qətiyyət və əzmlə işləmək, insan hüquq və azadlıqlarının müdafiəsinə, ictimai-siyasi sabitliyin, əmin-amanlığın və dövlətçiliyimizin layiqincə qorunmasına xidmət etmək prokurorluğun hər bir əməkdaşının şərəfli borcudur.
Ümummilli liderin hüquqi dövlət quruculuğu və milli prokurorluq orqanlarının formalaşması istiqamətində fəaliyyəti
Ülvi Abbasov,
İsmayıllı rayon prokuroru, ədliyyə müşaviri

Şərh Yaz