BMT-də yüksək vəzifə – təbrik edir, uğurlar diləyirik

Hüseynov Rəşad Əşrəf oğlu 1977-ci ildə, sentyabr ayının 27-də İsmayıllı şəhərində anadan olub. Orta təhsilini İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində alıb. İsmayıllı şəhər Uşaq incəsənət məktəbinin tar bölməsini fərqlənmə diplomu ilə bitirib. Rayonda təhsil aldığı zaman ictimai tədbirlərdə, müsabiqə və mahnı bayramlarında fəal iştirak edib. Bir neçə dəfə rayon və zona olimpiadalarının birincisi olub.
BMT-də yüksək vəzifə - təbrik edir, uğurlar diləyirik
R.Hüseynov ali təhsilini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında alıb. 1998-ci ildə bakalavr, 2000-ci ildə magistr dərəcəsinə yiyələnib. Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda 2005-ci ildə aspiranturaya qəbul olunub və 2007-ci ildə elmi işini müvəffəqiyyətlə müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülüb.
Əmək fəaliyyətinə kütləvi informasiya vasitələrində başlayıb. “Sara” televiziyasında “Xəbərlər” proqramının aparıcısı, “Paritet” və “Teleskop” qəzetlərində müxbir, eləcə də ATV kanalının “Son xəbər” verilişinin redaktoru vəzifələrində çalışıb. Prezident Administrasiyasına akkreditə olunmuş jurnalist kimi, xarici ölkələrə bir sıra rəsmi səfərləri zamanı dövlət başçısını müşayiət edib.
2005-ci ilin fevral ayında Rəşad Hüseynov İsrailin Azərbaycandakı Səfirliyində Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru vəzifəsinə təyin olunub. 2007-ci ilin sentyabr ayından isə ATƏT-in Bakı ofisində Mətbuat və İnformasiya Xidmətinin rəhbəri kimi fəaliyyətə başlayıb. Burada səkkiz il çalışdıqdan sonra, 2015-ci ilin avqust ayında ATƏT-in Vyanadakı (Avstriya) baş qərargahında çalışmağa dəvət olunub. Əvvəlcə ATƏT-in Baş Katibinin ofisində media məsələləri üzrə mütəxəssis (Mərkəzi Asiya və Şərqi Avropa ölkələri), sonra isə ATƏT-in İllik Hesabatının redaktoru vəzifələrində çalışıb. 2017-ci ilin avqust ayından isə Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi təyin olunub.
Rəşad Hüseynov akademik fəaliyyətini də davam etdirir. 2007-ci ildən etibarən o, Xəzər Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında baş müəllim kimi çalışır. “Azərbaycanın milli təhlükəsizliyinin əsasları” və “Beynəlxalq təşkilatlar” fənləri üzrə bakalavr və magistr tələbələrinə mühazirələr oxuyur. Bundan başqa o, “Erasmus Musndus” və “Tempus” kimi bir sıra beynəlxalq akademik layihələrində kurikulumun hazırlanması mütəxəssisi kimi iştirak edir. R.Hüseynov Almaniya, Avstriya, Gürcüstan, İspaniya, Yunanıstan, Portuqaliya, Rusiya, Türkiyə və digər ölkələrdə keçirilən elmi konfranslarda dəfələrlə iştirak edərək, ixtisasına uyğun müxtəlif mövzularda məruzələrlə çıxış edib.
Həmyerlimiz – Rəşad Əşrəf oğlu Hüseynov evlidir və üç qız övladı var. Ömür-gün yoldaşı Xatirə Hüseynova Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı Sektorunun müdiridir. O da alimdir –“ filologiya elmləri üzrə fəlsəfə doktorudur. Hazırda, Bilik Fondundakı işi ilə yanaşı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyir.
Fəxrimiz olan həmyerlimizi yeni təyinat münasibəti ilə təbrik edir, ona işdə və həyatda yeni-yeni uğurlar diləyirik.
Ş.Soltanov

Şərh Yaz