Müasir texnologiyaların cəmiyyətin inkişafına təsiri

Cəmiyyətdə yeni ictimai münasibətlərin formalaşması hər bir sahədə inteqrasiya –“ o cümlədən, dünya təhsil sisteminə inteqrasiya, informasiya bolluğu, virtual ünsiyyətin genişlənməsi, elm və texnikanın sürətli inkişafı XXI əsrin əsas ünsiyyətləridir.
Müasir texnologiyaların cəmiyyətin inkişafına təsiri
Elmin və müasir texnologiyaların bu cür dinamik inkişafını məişətimizdən tutmuş, başqa sahələrdə də görə bilərik. Məhz buna görə də XXI əsri müasir texnologiyalar dövrü adlandırırlar.
Yeni texnologiyalar geniş və dar mənalarda anlaşılır. Dar mənada müasir texnologiya dedikdə sürətli internet və məişətdə istifadə etdiyimiz elektron cihazlar nəzərdə tutulur. Geniş mənada isə cəmiyyətin bütün sahələrinə öz təsirini göstərən inqilabi inkişaf nəzərdə tutulur. Sivil texnologiyalar insan əməyini azaldan, insan beynini əvəz etmək qabiliyyəti olan texnologiyalardır. Bu texnologiyaları məktəblərdə, universitetlərdə, banklarda, səhiyyə ocaqlarında və s. yerlərdə görə bilərik.
Məktəblərdə elektron lövhələrin quraşdırılması, distant təhsil şəbəkəsinin yaradılması, universitetlərdə elektron imtahanların keçirilməsi –“ bütün bunlar müasir texnologiyalar vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.
Səhiyyə ocaqlarında yeni avadanlıqların quraşdırılması əvvəllər sağalmayan, müalicə olunmayan xəstəliklər üzrə unikal cərrahiyyə əməliyyatlarının keçirilməsində böyük rol oynayır.
Hətta, müasir texnologiyalar həyatımıza o dərəcədə daxil olub ki, onlarsız böyük bir boşluq hiss edirik. Bu cür texniki vasitələrdən biri də kompyuterdir. Kompyuter vasitəsilə çoxlu informasiya əldə edirik, öz hiss və düşüncələrimizi, duyğularımızı paylaşırıq. Hətta, ən ucqar kənddə yaşayan insan belə bugünkü gündə kompyuter və telefondan istifadə edir.
Bu da o deməkdir ki, texnologiyalar kənd və şəhər arasında olan fərqi aradan qaldırır, məsafəni yaxınlaşdırır, yəni –“ ucqar kənd insanı da kompyuter vasitəsilə dünyanın müxtəlif coğrafi məkanlarında yerləşən qohumları, tanışları ilə əlaqə saxlayır, şəhər insanı da.
İnqilabi texniki avadanlıqların gördüyü iş səmərəli və çətindir. Onların idarə olunması isə daha çətindir. Onların idarə olunmasında kiçicik bir səhv böyük fəlakətlərə səbəb ola bilər. Buna misal olaraq hərbi sahədəki müasir texnikaları göstərmək olar. Bir sözlə, texnoloji yeniliklər özləri ilə birlikdə insanların həyatına yeni davranışlar, yeni həyat tərzi və yeni standartlar gətirib. Ömür boyu oxumaq, öyrənmək, müxtəlif kompetensiyalara malik olmaq müasir texnologiyaların insanlardan tələb etdikləri əsas xüsusiyyətlərdir. Elm və texnikanın inkişafı sahəsində yeni texnologiyalara yiyələnmiş insanlar yerin dərinliklərindən ulduzlara qədər hər yerə nüfuz edə bilir.
Texnologiyalar hər zaman müxtəlif elm sahələrinin nümayəndələri tərəfindən tədqiq edilmişdir. Sosioloqlar texniki determinizm və sosial determinizm cərəyanlarına ayrılaraq iki müxtəlif fərqli fikirlər söyləyirlər. Texnoloji determinizm cərəyanının nümayəndələri belə hesab edirlər ki, texnoloji inkişaf cəmiyyəti formalaşdırır və onun inkişaf istiqamətini müəyyən edir. Sosial deterministlərin fikrincə isə texnoloji sənaye bütünlüklə cəmiyyətin ehtiyaclarına görə çalışır.
Bütün bu sadaladıqlarımı ümumiləşdirərək, müasir texnologiyaların cəmiyyətin inkişafına həm mənfi, həm də müsbət təsirini bir daha nəzərdən keçirmiş olduq. İstənilən bir yeniliyin cəmiyyət üçün, insanların tələbatlarının ödənilməsinə yönəlmiş olduğunu nəzərə alsaq, hər bir texniki ixtiranın müsbət və yaxud da mənfi yöndə istifadə edilməsi hər kəsin şəxsi iradəsindən asılı olduğunu da vurğulamalıyıq. Bütün bunlar bizlərə əsas verir ki yaşadığımız kompyuter əsri hər bir insana şəxsi və azad seçim təklif edir, onu necə istifadə edəcəyimiz və ondan necə yararlanacağımız isə öz əlimizdədir.
Zarema Əliyeva

Şərh Yaz