Vətən yolunda canını fəda edənlər unudulmur

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Məmməd Araz
2016-cı il aprelində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatı nəticəsində baş verən döyüşdə Azərbaycan silahlı qüvvələrinin düşmənə qarşı əks-həmlə əməliyyatları aparılmış, erməni silahlı qüvvələrinə ağır zərbə endirilmiş, nəticədə torpaqlarımızın bir hissəsi işğalçı qüvvələrdən azad olunmuşdur.
Vətən yolunda canını fəda edənlər unudulmur
Böyük qələbənin ilk müjdəsi, sevindirici uğurlar əldə edilmişdi. Cəbhə xəbərləri –“ düşmənə endirilən ağır zərbələrlə bağlı məlumatlar ildırım sürəti ilə ölkəni bürüdü. Düşmən böyük itki verərək geri çəkildi.
Lakin müharibənin öz amansız qanunları var. Qurban vermədən qələbəyə sahib olmaq mümkün olmur…
Məkrli düşmənlə döyüşdə qəhrəmanlıqla həlak olan soydaşlarımızdan biri də İsmayıllı rayonunun yetirməsi, Maçaxı kəndində doğulub boya-başa çatmış, Vətən, torpaq, yurd sevgisini qəlbində son nəfəsinə qədər yaşadan, özünü bu yolda qurban verən Vahabzadə Mikayıl Yaqub oğlu oldu…
Tarixi qələbənin ildönümündə M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbində aprel ayının 6-da tədbir keçirildi. Tədbirdə 3 iyul 1993-cü ildə İsmayıllı rayonunun Maçaxı kəndində dünyaya göz açmış, Tərtər istiqamətində gedən döyüşlərdə erməni təxribatının qarşısını alarkən, qəhrəmancasına şəhid olmuş Vahabzadə Mikayıl Yaqub oğlu xatirəsi anıldı.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Elxan Bədəlov açdı. O, şəhidin tərcümeyi-halını tədbirdə iştirak edənlərin diqqətinə çatdırdı. O, Mikayılın orta və ali məktəbdə təhsil illərindən, əldə etdiyi nailiyyətlərdən, Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergetika fakültəsinin məzunu olmasından, oxuduğu illərdə müəllim və tələbələr arasında böyük nüfuz qazanmasından, ictimaiyyətçi tələbə kimi tanınmasından, Vətən torpaqlarını azad görmək arzuları ilə yaşamasından ətraflı söhbət açdı.
Vətən yolunda canını fəda edənlər unudulmur
Məktəbin hərbi rəhbəri, pokovnik-leytenant Eynulla Bağırov Aprel döyüşlərinin gedişi barədə məlumat verdi. O bildirdi ki, 2016-cı ilin 1-5 aprel günlərində tarixi düşmənlərimiz cəbhə boyu yenidən təxribata əl atdılar, atəşkəsi pozdular, hücuma keçdilər. Lakin Vətənin qəhrəman oğulları işğalçılara layiqli cavab verdi. Azərbaycanın, ordumuzun qüdrətini dünyaya bəyan oldu. İşğal altında olan strateji yüksəkliklər təmizləndi. Torpaqlarımızın bir hissəsi azad edildi. Şəhidlər verdik. Belə qəhrəman oğullardan biri də Mikayıl Vahabzadə oldu. Onun əziz xatirəsi gələcək nəsillərin də qəlbində daima yaşayacaqdır.
Şəhidin tələbə yoldaşı, Təzəkənd kənd tam orta məktəbinin məzunu Nübar Nağılı çıxış etdi. O, çıxışında Mikayıl Vahabzadənin dərs əlaçısı olmağından, təmkinli, səmimi və xarakterində olan bir çox müsbət xüsusiyyətlərindən söhbət açdı. Onun vətənə olan məhəbbətindən, gələcək arzularından söhbət açdı.
Məktəbin tarix müəllimi Hacalı Səlimov Aprel döyüşlərində əldə edilən qələbənin əhəmiyyətindən danışdı.
Şəhidin kimya müəllimi olmuş Lümunə Qasımova çıxışında Mikayıl Vahabzadəyə 2 il dərs deməsindən danışdı. Onun savadlı, intizamlı, səmimi keyfiyyətlərindən söz açdı.
Bundan sonra məktəb uşaq birliyi rəhbəri Gülnar Səmədovanın hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Kompozisiyada vətənpərvərlik ruhlu şeirlər, dialoqlar səsləndirildi, Mikayıl Vahabzadənin həyatını əks etdirən video-çarx nümayiş etdirildi. Г‡ıxışların tədbir iştirakçılarını kövrəltməsi diqqət çəkdi.
Rayon Təhsil Şöbəsinin əməkdaşları Nəriman Qəniyev və Xalid Allahverdiyev, şəhidin yaxınları da tədbirdə iştirak edirdi.
RTŞ-nin əməkdaşı N.Qəniyev çıxış etdi. O, şəhidin xatirəsinə hazırlanmış tədbiri yüksək qiymətləndirdi.
Sonra şəhidin dayısı Nəriman Şərifov belə bir tədbirin keçirilməsinə görə məktəbin müəllim və şagird kollektivinə dərin minnətdarlığını bildirdi.
Məktəbin direktoru sonda Vətən yolunda canını fəda edənlərin heç zaman unudulmayacağını söylədi.
Ağalar Bədəlov,
M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin direktor müavini

Şərh Yaz