Yaddas kitabcasi

Zamanı dəyərləndirən insan

Yaxşı keyfiyyətləri olan adam barədə yazmaq arzusunda həmişə olursan. Arzu edirsən ki, onun kimi olasan. Təşkilatçılıq bacarığı, uzaqgörənliyi,sadəliyi, humanistliyi, sərtliyi, işgüzarlığı, torpağa, dövlətə, el-obaya bağlılığı, vətənpərvərliyi, insana məhəbbəti, zəiflərə kömək etməyi bacaran adama necə qibtə etməyəsən, yaxşı mənada həsəd aparmayasan?Zamanı  dəyərləndirən insanHəyat bəzən insana qarşı amansız olur. Əzablı ömür yolu qayğısız uşaqlıq illərini onun əlindən alır, özünü fırtınalı dənizdə dalğalarla çarpışan tənha qayıq kimi hiss etməyə başlayır. Kimi həyatla elə ilk savaşda məğlub olur, xəzan yarpaqları kimi sovrulub gedir, kimi də bu mübarizədən qalib ayrılır və öz taleyinin ağasına çevrilir. Belələri nə qədər çətin də olsa, həyatdan istədiyini alır və gec-tez zəhmətinin bəhrəsini görür.
Bizim yazının qəhrəmanı da ikincilərdəndir. Yəni zəhməti, istedadı və mübarizliyi sayəsində həyatdan istədiyini almağı bacaran insanlardandır.
Kimlərisə nəyin xatirinə və kimə görəsə tərifləməyi xoşlamıram. Doğru, inamlı, işini bilən, şərəfini qoruyub saxlamağı bacaran, əqidəsi bütöv insanlara həmişə hörmətlə yanaşıram. Eldar Abdulla oğlu Əliyev də belələrindəndir. Qüdrətli yaradanın ona bəxş etdiyi işıqdan umanlara səxavətlə paylaya-paylaya kamil insanların sırasında inamla addımlayır. Ağlı, savadı, mədəniyyəti, ünsiyyəti ilə təmasda olduğu, oturub-durduğu insanları da kamilliyə, müdrikliyə gedən yola çağıra-çağıra, haraylaya-haraylaya irəliləyir.
Eldar Abdulla oğlu Əliyev 1958-ci ildə dekabr ayının 16-da gözəlliklər məkanı Dvoryan kəndində dünyaya göz açıb. Uşaqlığı güllərin, çiçəklərin qoynunda, Böyük Qafqaz sıra dağlarının ətəklərində, Baba dağına yaxın yerlərdə keçib. Anasının laylaları susanda qıjıltıyla axan dağ çaylarının səsini dinləyib, səhəri bülbüllərin xoş avazı ilə açıb. İlkin təhsilini Dvoryan kənd ibtidai məktəbində, Həftəsov kənd səkkizillik məktəbində və Lahıc qəsəbə orta məktəbində almış, 1976-cı ildə həmin orta məktəbi bitirmişdir. Sonrakı illərdə Bakı Yüngül Sənaye Texnikumunda, Daşkənd Kadrlar məktəbinin Aşqabad şəhərindəki filialında təhsil almışdır.
Haqqında hamı ağız dolusu danışır. Ömür kitabını vərəqlədikcə, məna dolu bir həyat görürsən. Elə bir həyat ki, başqalarının səadəti, xoşbəxtliyi və dövlətçiliyimizin inkişafı üçün yaranmışdır. Onun taleyinə məsuliyyətli, çətin və şərəfli işlər düşmüşdür.
Əmək fəaliyyətinə Türkmənistan SSR-nin Marı şəhərindəki “Gön-dəri və qalantereya” zavodunda texniki nəzarət şöbəsinin mühəndisi kimi başlayıb. 1982-83-cü illərdə İsmayıllı Məişət Xidməti Kombinatında sex rəisi, sonrakı illərdə 63 saylı İsmayıllı MSD-də briqadir, komsomol təşkilat katibi, vəzifələrində çalışmışdır.
1992-96 cı illərdə “Aqrokoop” İsmayıllı Rayon Birliyində Kommersiya ticarəti üzrə əmtəəşünas vəzifəsində işləmişdir.
1994-cü illərdə “Babadag” Xeyriyyə Cəmiyyətini təsis edərək, 2002-ci ilədək QHT sektorunda fəaliyyət göstərmişdir. Həmin ildən 2006-cı ilədək İsmayıllı Kommunaı Müəssisələri Kombinatının rəisi olmuşdur.
“Dvoryan kəndinin içməli su probleminin həlli” layihəsinin (BMT-nin İnkişaf proqramı) “Dağlıq Şirvan ərazisində minadan zərərçəkmiş şəxslərin aşkarlanması” layihəsinin (ANAMA), “Zarat kəndinin içməli su probleminin həlli” layihəsinin (Prezident yanında QHT forumu) rəhbəri və icraçısı olmuş, İsmayıllı şəhidlərinə həsr olunmuş “Əbədi yaşayanlar”, şəhid həmyerlimiz polkovnik-leytenant Ağahüseyn Aslanova həsr olunmuş “Eldən gedən oğul” kitablarınını təsisçisidir. Şəhər 3 nömrəli tam orta məktəbinin “Şəhidlər” momerialının yaradıcılarından biridir.
Eldar Əliyevin malik olduğu gözəl, heç də hamıya nəsib olmayan bir xüsusiyyəti də ədalətsizliyə qarşı barışmazlığı, cəsarətli, haqq sözü deməkdən çəkinməməsidir. Özünə məxsus hazırcavablığı var. O, az danışan daha ,çox qulaq asmağı sevənlərdəndir. Müstəqil düşüncəyə malik maraqlı insandır. Ən çətin və mürəkkəb məqamlarda düzgün qərar qəbul etməyi bacarır. Bənzərsiz fərdi üslubu, yazı və danışıq tərzi var. Bir qədər də çılğındır.
Eldar Əliyev 2003- cü ildən 86 saylı İsmayıllı DSK-nın üzvü və 2007-ci ildən DSK-nın baş məsləhətçisidir. O, Azərbaycanın beynəlxalq aləmdə formalaşmış demokratik imicini qorumaq üçün Mərkəzi Seçki Komissiyasının bütün tapşırıq və tövsiyələrinə məsuliyyətlə əməl etməyə çalışır. Dairə üzrə seçki siyahılarının dəqiqləşdirilməsinə, ilk dəfə səs verəcək gənc seçicilərlə, DSK və məntəqə seçki komissiyası üzvlərinin maarifləndirmə işinin aparılmasını daim diqqət mərkəzində saxlayır. Odur ki, görülən işlər nəticəsində DSK-da seçki prosesləri daim uğurla həyata keçirilir. İti zəkaya malik Eldar həmişə zamanın , vaxtın qədrini bilir. Vaxtdan səmərəli istifadə edir.
Söhbət zamanı dedi:
– Zamanı dəyərləndirmək lazımdır. Bu günümüzü yaşaya-yaşaya sabahı düşünməliyik. Sabah üçün ən yaxşı hazırlıq bu günün işini bu gün görməkdir. Vaxtsızlıqdan şikayətlənməyək. Unutmayaq ki, hamı üçün gün 24 saatdan ibarətdir. Zamanı istəklərimizin reallaşması üçün xərcləsək ,daxili rahatlıq tapacağıq, mütləq nə isə əldə edəcəyik. O zaman özümüzə, öz gücümüzə də inanacayıq. İşin də öhdəsindən tam gəlmiş olacayıq. Həyat uzunluğuna görə deyil, mənasına görə qiymətlidir. Hər bir insan ömrünü mənalı etməlidir. Məna, xoşbəxtlik nisbi anlayış olub zaman, məkan insandan asılı olaraq, dəyişir. Odur ki, yaradaraq, yaşadaraq, gələcək üçün xoş əməllər sahibi olaq. Dövlət və dövlətçiliyə sadiq olaq. Elimizi , obamızı sevək, böyüklərə həmişə hörmət edək .
Gözəl ailə başçısı, istəkli baba, sevimli, mehriban həmkar olan Eldar Əliyev haqqında deyəcəklərimiz bu qədər… ona çox sevdiyi işində uğurlar, ailə həyatında bir-birindən gözəl , sevinc dolu günlər arzulayıram.
Hacıməmməd Məmmədov

Şərh Yaz