Şahməmməd Dağlaroğlunun 60 illiyi qeyd olunub

Bir neçə ildir ki, İsmayıllının görkəmli ziyalılarının, tanınmış elm adamlarının, yaradıcı qələm sahiblərinin yubileyləri, xatirə günləri rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun ideya müəllifliyi ilə yüksək səviyyədə qeyd olunur. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd (Dağlaroğlu) Soltanovun 60 illik yubileyi də bu sıradan maraqlı tədbirlərdən biri olub.
Şahməmməd Dağlaroğlunun 60 illiyi qeyd olunub
Şahməmməd Dağlaroğlunun 60 illiyi qeyd olunub
İsmayıllı şəhər Mədəniyyət Mərkəzinin foyesində düzənlənən ədəbi-bədii gecəni aparıcı Famil Əhmədov açaraq sözü təşkilat komitəsinin sədri, veteran jurnalist Valeh Salehova verib. O, Şahməmməd Dağlaroğlunun həyatından, bədii yaradıcılığından, jurnalistlik fəaliyyətindən, ictimai fəallığından, əsil mənada zəhmətkeş bir insan olduğundan danışıb, onu yubileyi münasibətilə təbrik edib.
“Dağ çiçəkləri” ədəbi məclisinin sədri Nazir Qasımov, qələm dostu Hacıməmməd Məmmədov, şair Maarif Soltan, bədii qiraətçi Pünhan İsmayıllı, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvü Murad Məhərrəmov, Əməkdar müəllim Şəfaqət Rəsulov, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, yaradıcılıq uğurları ilə çoxlarından fərqlənən filoloq Oqtay İsmayıllı, Sumqayıt “Poeziya evi”nin nümayəndələri Süleyman Hüseynov və Elvin Əlizadə, şair Bəhruz Məmmədov və başqaları yubilyara təbriklər ünvanlayıb, şair-publisist kimi yaradıcılıq nailiyyətləri və xüsusiyyətlərindən danışıb hədiyyələrini təqdim ediblər.
Ana Vətən Partiyası təşkilat şöbəsinin müdiri Azər Quluzadə partiyanın Fəxri fərmanını və qiymətli hədiyyəsini rayon təşkilatının sədri Ş.Soltanova təqdim edib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsi və Sumqayıt “Poeziya evi” şairin xidmətlərini Fəxri fərmanla qiymətləndirib.
Şagirdlər Ş.Dağlaroğlunun şeirlərini söyləyiblər. Yubilyarın nəvəsi də babasından misralar səsləndirməklə onlara qoşulub. Mədəniyyət mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblı tədbirin musiqi bəzəyini verməklə tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Şahməmməd Dağlaroğlunun 60 illiyinə həsr olunmuş ədəbi-bədii gecənin ideya müəllifi Mirdaməd Sadıqov çıxış edərək şairin bədii-publisistik yaradıcılığından, ideoloji mühitin yaxşılaşdırılmasında fəal iştirakından, redaktoru olduğu “İsmayıllı xəbərləri” qəzetinin rayonun müasir tarixinin salnaməsinə çevrilməsindən danışıb. Qeyd edib ki, bundan sonra da ədəbiyyat, elm, təhsil, mədəniyyət sahəsində xidmətləri olan ziyalıların, el ağsaqqallarının yubleyləri, dünyasını dəyişənlərin xatirə və anım günləri, bədii və elmi kitabların təqdimatı keçiriləcək. Sonra Ş.Dağlaroğluna RİH başçısının Fəxri fərmanı və mükafatı verilib.
Yekunda çıxış edən Şahməmməd (Dağlaroğlu) Soltanov İsmayıllının bu günü üçün, bir ziyalı kimi şərəfə çatdığına və ölkədəki saf yaradıcılıq mühitinə görə cənab Prezidentə minnətdarlıq edib. Mənəvi quruculuğu fəaliyyətinin ön yerində görən RİH-nin başçısı Mirdaməd Sadıqova, barəsində xoş söz deyən hər kəsə, tədbirə gələn qələm dostlarına və ictimaiyyət nümayəndələrinə təşəkkür edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz