Yaxşı iş razılığa və rahatlığa səbəb olur

Bir neçə gün əvvəl İsmayıllı RİH başçısı Mirdaməd Sadıqov Hacıhətəmli kəndinin sakinləri ilə görüş-qəbul keçirib.
Qeyd edək ki, Hacıhətəmli İsmayıllının böyük kəndlərindəndir. 2740 nəfər sakini olan bu kənddə evlərin sayı 371, əsərrüfatların sayı isə 623-dir. Qeydiyyatda olanların cəmi 29 nəfəri qaib əhali siyahısındadır. Bu da onu göstərir ki, kənddə doğulub, boya-başa çatanlar doğma yurdda yaşamağa üstünlük verir.
Yaxşı iş razılığa və rahatlığa səbəb olur
Kənddə fəaliyyət göstərən tam orta məktəbdə 343 nəfər şagird təhsil alır. Sevindirici haldır ki, burada təhsildə, eləcə də idmanda qazanılan uğurlar artmaqdadır. Keçən il 13 yaşlı qızlardan ibarət futbolçuların respublika birinciliyində bu kəndin məktəbli qızları ölkə çempionu olmuşdular. Builki çempionatda isə onlar ikinci yerlə kifayətlənməli olublar. Kəndin futbol komandası da rayon birinciliyinin ikincisi olub.
Bir neçə il əvvəl dövlət vəsaiti hesabına kəndə çəkilən asfalt yol kənd sakinlərinin, bu yoldan istifadə edən ətraf kəndlərin böyük razılığına və rahatlığına səbəb olub. Görülən işlərə görə minnətdarlıqlarını bildirən sakinlər çıxışlarında kənddə 60 ədəd istismar müddəti başa çatmış elektrik dirəyinin dəyişdirilməsinin vacibliyindən söz açıblar. İçməli suya görə atezian quyusunun qazılması, yerli icra nümayəndəliyi, uşaq bağçası, mədəniyyət evi, kitabxana üçün binaların tikilməsinin zəruriliyi də çıxışlarda əksini tapıb.
RİH başçısı M.Sadıqov açıqlanan sosial problemlərin aradan qaldırılması üçün aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz