Sivilizasiyaların bir araya gəldiyi məkan

Qədim Yunan filosofu Pulutarx qeyd etmişdir ki, Tanrısız insan cəmiyyəti mövcud deyildir. İnsanlar ta qədimdən fövqəltəbii qüvvələrə pərəstiş etmiş, müxtəlif etiqadlara iman gətirmiş, onlardan ruhi təskinlik, mənəvi qida almışdır. Dünyada 4 mindən çox din vardır.
Sivilizasiyaların bir araya gəldiyi məkan
Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olmuş, böyük tarixi yol keçmişdir. Siyasi quruluşdan asılı olmayaraq Azərbaycanda həmişə müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri birgə yaşamış, öz adət-ənənələrini, milli-mənəvi dəyərlərini inkişaf etdirmişlər.
Bu gün də Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər.
Bununla yanaşı qeyd etməliyik ki, bu gün dünyanın müxtəlif yerlərində, xüsusilə müsəlman ölkələrində baş verənlər dərin narahatlıq doğurur. Mənfi meyllər, soyqırımı, terrorizm, dini radikalizm, məzhəb, dini və milli ayrılıqlar zəminində baş verən toqquşmalar, müharibələr bəşəriyyət üçün böyük fəlakətə çevrilib.
Azərbaycan müsəlman dünyasına mənsub ölkədir. Müsəlman dünyasının ilk demokratik respublikası 1918-ci ildə Azərbaycanda yaradılıb. Əsrlər boyu biz öz milli-mənəvi dəyərlərimizi qoruya bilmişik. 25 ildir ki, öz müstəqilliyimizi bərpa etmişik, inkişaf etmiş dövlətə nail olmuşuq.
Müstəqillik mühiti cəmiyyətimizə, həqiqi mənada, dini azadlıq gətirmişdir. İnsanlar məscid, kilsə və sinaqoqlara axışaraq, uzun müddət məhrum olduqları dini tələbatlarını ödəməyə başladılar. İslam elmləri ilə tanış olmaq imkanları əldə edildi. Bu gün din xadimləri qorxmadan, çəkinmədən dini ayinləri yerinə yetirir, islami dəyərləri təbliğ edirlər. Ölkədə müxtəlif konfessiyalara məxsus çoxsaylı ibadət yerləri tikilir, yenidən qurulur.
Bununla yanaşı Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən, zəngin təbii resursları olan bu ölkənin sərvətlərinə sahiblənmək istəyənlər, təəssüflər olsun ki, hələ çoxdur. Bu mənada Azərbaycandakı sabitliyi pozmaq, onun inkişafına mane olmaq istəyən daxili və xarici qüvvələr terrordan, dini radikalizmin imkanlarından, milli və dini zəmində toqquşmalardan istifadəyə cəhd göstərirlər. Bütün bunların dövlət strukturları tərəfindən vaxtında qarşısı alınır. Mənfur erməni faşistlərinin törətdiyi Xocalı soyqırımını təkrarlamaq, terror, kütləvi qırğınlar törətmək istəyən qüvvələr vardır.
Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Din dövlətdən ayrı olsa da dövlət öz qayğısını bu sahədən əsirgəmir. Azərbaycanda 2166 məscid vardır. Bunlardan 1600-ü gündəlik ibadətə açıqdır. Son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə Məscidi, Gəncə İmamzadə məscidi və s. əsaslı təmir olunmuş, Heydər Məscidi kimi möhtəşəm bir dini kompleks tikilib dindarların istifadəsinə verilmişdir. Azərbaycanda 2001-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Təkcə son 11 il ərzində ölkəmizdə 250-dən çox məscid təmir edilmişdir. Bakıda, Qubada, Azərbaycanın digər ərazilərində kilsələr, sinaqoqlar təmir olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tez-tez din xadimləri ilə görüşür, onların problemlərinin həllinə yardımçı olur.
“Dini etiqad Azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdilər. Müstəqillik illərində Azərbaycan cəmiyyətinin dini həyatında yalnız müsbət hallar baş verməmişdir. Təəssüf ki, ateist keçmişdən miras qalmış dini savadsızlıq mənfi tendensiyalara da yol açmışdır. Cəmiyətin dini məlumatsızılığından istifadə edən və xaricdən maliyyələşən İslam və qeyri-islam yönümlü missioner təşkilatlar humanitar və yalançı dini şüarlar altında gizlənərək dövlətimizin dünyəvi xarakterini dəyişməyə, cəmiyyətdə dini ayrı-seçkilik yaratmağa, xaos və ixtişaş toxumu səpməyə, islamı müxtəlif təriqətlərə parçalamağa çalışırlar. Vəhhabilik, adventizim, krişnaçılıq, əllinçilik “Yehovanın şahidləri” xaricilik, nurçuluq, süleymançılıq, qadirlik, nəqşibəndlik, xarizmatlar, təfkirəçilik və s. radikal dini cərəyanların mövcudluğu cəmiyyət üçün ciddi problemlər yaradır. Dini radikal cəryanlar bu gün də aşkar və gizli şəkildə fəaliyyətdədirlər. Nardaranda baş vermiş hadisələr xaricdən maliyyələşən radikal qrupların fəaliyyətinin nəticəsi idi.
Ona görə də bu sahə üzrə ciddi nəzarətə, maarifləndirmə tədbirlərinə ehtiyac duyulur. Yeniyetmə və gənclərə hər şeylə maraqlanan, həssas və yeniliklərə açıq olmağı öyrətmək lazımdır. Ən erkən yaş dövrlərində gənclərə ümumtəhsil məktəblərində, universitetlərdə tarix, din və mülki biliklər obyektivlik, qərəzsizlik və açıqlıq prinsipləri ilə tədris edilməlidir. İnsanlar arasında mövcud olan müxtəliflik və fərqlilikləri qəbul etmək üçün yalnız bəşəriyyətin böyük problemlərini araşdırmaq və xalqa çatdırmaqla daha yaxşı nəticələr əldə etmək mümkündür.
Müasir Azərbaycan Respublikasının qurur mənbəyi hesab ediləcək çoxsaylı nailiyyətlərinin içərisində ölkəmizdə mövcud olan multikultural və tolerant mühit aparıcı yerlərdən birini tutur. Müxtəlif dini və milli mənsubiyyətə malik olan insanlarımızın dinc və sülh şəraitində yaşaması, bir-birinin adət və ənənələrinə, inam və əqidələrinə yüksək ehtiramla yanaşmaları xalqımızın əsrlər boyu yaratdığı ən böyük dəyərlərdən biri kimi dünyanın əksər dövlətləri tərəfindən qəbul edilir. Hal-hazırda multikulturalizmin və tolerantlığın Azərbaycan modeli bir çox xarici dövlətlərin müvafiq qurumları tərəfindən tədqiq edilir, öyrənilir. Təsadüfi deyil ki, ölkə rəhbəri 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etmişdir. Cənab İlham Əliyev qeyd edir ki, sivilizasiyalar və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək çox vacibdir. Yalnız dialoq və xoş məramla biz inamsızlıq və qarşıdurmanı ləğv edə bilərik.
İsmayıllı Respublikamızda tolerantlığın, mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin, dini dözümlülüyün, multikulturalizmin bərqərar olduğu bir məkandır. Burada azərbaycanlıların, ləzgilərin, tatların, kürdlərin və digər xalqların nümayəndələri qarşılıqlı hörmət, inam və etibar əsasında birgə yaşayırlar.
Milli və dini dözümlülük, ayrı-seçkiliyə yol verilməməsi İsmayıllıda daima mövcud olmuş, qorunub saxlanmışdır. Rayonda multikultural mədəniyyətlərin birliyi, həm də fərqliliyi həmişə gözlənilir. Milli azlıqlara etnik qruplara daha çox diqqət yetirilir, problemləri vaxtında və yetərincə həll olunur.
Mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqinin ən vacib elementlərindən biri təhsildir. Təhsil gələcəyin, inkişafın yoludur. Eyni zamanda təhsil ekstremizmə, radikalizmə, fundamentalizmə, terrorçuluğa qarşı təminatdır.
Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı 20 ildən çoxdur ki, davam edir. Biz işğaldan əziyyət çəkirik. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün öz vətənini, yurd-yuvasını itirmişdir. Bizə qarşı Xocalı soyqırımı törədilib. Təəssüf ki, dünyanın müxtəlif yerlərində aqressiv separatçılıq parçalanma siyasətini həyata keçirməyə çalışır. Biz işğal olunmuş torpaqlarımızın sülh yolu ilə həllinin tərəfdarıyıq, lakin əks tərəf bunu etmək istəmir, Azərbaycanı müharibəyə sürükləyir.
Bu arzuolunmaz müharibə və fəlakətləri Azərbaycan xalqı pisləyir. Xalqımız tolerantlığı, multikulturalizmi əsas götürərək ümumbəşəri dəyərlərə töhfəsini verməkdədir.
Bütün bunları nəzərə alaraq qeyd etmək istərdik ki, soyqırımı, terrorizm və dini radikalizm təzahürləri mövcuddur və bu sahədə maarifləndirmə tədbirlərinə ciddi ehtiyac vardır.
Murad Məhərrəmov
İsmayıllı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı

Şərh Yaz