Click here to move
Gənclərimizin kitab oxumamasının səbəbləri -

Gənclərimizin kitab oxumamasının səbəbləri

Niyə kitab oxumuruq? Səbəb kitablardadır, yoxsa özümüzdə?
İngilis filosofu Herbert Spenserin dediyi fikrə görə: “Bir insanın dəyəri yalnız onun oxuduğu kitablarla ölçülür”. Bu fikirdən aydın olur ki, cəmiyyət əxlaqının mənbəyində kitab mühüm rol oynayır. Biz insanlar da həyatı həm yaşayaraq dərk edir, həm də oxuyaraq kamilləşirik.
Gənclərimizin kitab oxumamasının səbəbləri
Zəngin mədəniyyətə, güclü intelektual potensial imkanlara malik Azərbaycan xalqı qədim zamanlardan bu günə qədər maddi mədəniyyət nümunələri ilə bərabər, milli-mənəvi tərəqqisi ilə də dünya birliyi içərisində özünəməxsus yer tutub. Müasir gənclərə nəzər saldıqda, təkcə Azərbaycanda deyil, digər qonşu ölkələrdə də kitaba olan tələbat və marağın nisbətən azaldığını müşahidə edirik.
Bunun bir sıra obyektiv, ictimai səbəbləri var. Belə bir fikir irəli sürülür ki, cəmiyyətdə yeni texnoloji imkanların mövcudluğu, kompyuter və digər informasiya texnologiyalarının yüksək səviyyədə inkişafı istər-istəməz kitablara olan tələbatı və diqqəti ikinci plana keçirir. Bununla da gənclərdə yeni ideyalar və soraq məlumatları formalaşmağa başlayır, kitaba, mütaliəyə tələbat zəifləyir. Lakin bir şey unudulur ki, kitab, onun mahiyyəti, faydası və vacibliyi heç bir vaxt öz aktuallığını itirmir. Bəs elə isə müasir gənclər niyə kitaba həvəs göstərmirlər?
Birincisi, müasir gənc kitab oxumağın insanın intelektual səviyyəsinin yüksəlməsinə və dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərdiyini lazımı səviyyədə dərk etmir. Görkəmli mütəfəkkir, dahi şairimiz Nizami Gəncəvi hələ XII əsrdə qeyd edib:
“Bilik öyrənməyi ar bilən hər kəs,
Dünyada mərifət qazana bilməz”.
Bu hikmətli kəlamdan aydın olur ki, kitab – elm və mərifət dünyasına açılan əsas qapıdır.
Kitab oxumağın müsbət cəhəti isə ondan ibrətdir ki, kitab oxumaq insan psixologiyasına və səhhətinə müsbət təsir göstərir. Ümumiyyətlə, mütaliənin insan orqanizminə faydasını araşdıran Böyük Britaniya alimləri maraqlı nəticələr əldə edirlər. Onların gəldikləri elmi nəticəyə əsasən, belə bir fikir irəli sürüblər ki, 20 dəqiqə kitab oxumaq insanda mənfi analoji faktorları və stresin səviyyəsini 3 dəfəyə qədər azaldır. Göstərilən faktlardan belə bir nəticəyə gəlmək olar ki, cəmiyyətin kitabdan ayrı düşməsi, efirdən tutmuş adi ictimai nəqliyyatda davranışımıza qədər hər şeydə özünü göstərir.
Kitab oxumaq, cəmiyyətin barometridir. İnsanlar mənəviyyatlarını kitabla qidalandıra bilməyəndə əxlaq və düşüncə tərzləri zəifləyir, mənfi faktorlara qarşı müqaviməti azalır. Kitaba ehtiyac hiss etməyən cəmiyyət, yalnız geriyə gedə bilər. Görünən odur ki, biz kitabın səviyyəsini, mahiyyətini lazımı qədər qiymətləndirə bilmirik, yaxud da vaxtın azlığını bəhanə gətirərək, kitab oxumaq istəmirik. Lakin məhşur avropa alimi S.İ.Povarminin tətbiq etdiyi “Kitabı necə oxumalıyıq?” qaydalarından birində deyilir ki, mütaliəyə sərf etdiyin vaxta və zamana heyfsilənmə, çünki bu zaman artıqlaması ilə ödəniləcək.
Biz gənclər mütaliəni həyat tərzimizin ayrılmaz parçasına çevirməliyik.
Hacı Qasımlı,
BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin II kurs tələbəsi, Diyallı kənd tam orta məktəbinin məzunu

Şərh Yaz