Yetim haqqı

Bir yetimin başını oxşayan şəxs üçün əlinin toxunduğu hər saç telinin müqabilində savab vardır.
Məhəmməd peyğəmbər

Bu gün dünyamızda müharibə, terror, xəstəliklər, təbii fəlakətlər, yol qəzaları və sair səbəblərlə ata-analarını itirməsi üzündən yetim qalmış milyonlarca uşaq vardır. Belə uşaqların üz-gözündən tökülən göz yaşları, kədər hər kəsin qəlbini qəm-qüssəyə qərq edir. Əslində, o məsum gözlərdən axan kədər millətin, cəmiyyətin kədəridir. Г‡ünki yetimlər cəmiyyətə əmanətdirlər.
Dinimiz, dövlətimiz insana ana bətnində ikən dəyər vermiş, haqlarının ən üstün səviyyədə qoruması üçün xüsusi qayğı göstərmişlər. Bu qanunların içərisində cəmiyyətimizdə sevgi, şəfqət, qayğı və xidmətə ən çox möhtac olan, haqqı tapdalanan yetim və kimsəsizlər xüsusi yer tutur.
Yetim uşaqları tənha buraxmaq, sevgidən məhrum etmək olmaz. Onlar millətimizin isti yuvadan, şəfqət dolu qucaqdan məhrum olmuş balalarıdır. Onlar da atalı-analı uşaqlar kimi nəvazişə möhtacdırlar. Valideynlər öz uşaqlarının başına sığal çəkəndə bu balacalar nə qədər fərəhlənirlər. Bunu həmin hissi keçirənlər daha yaxşı başa düşürlər. Hər nə qədər xəbərdar ola bilməsək, yaxınlarda, bəlkə də elə yaşadığımız binada, ya da hər gün qapısının qarşısından keçdiyimiz qonşu məhəllədə isti, doğma qucağa həsrət qalan, ata-ana sevgisindən məhrum olan nə qədər yetimlər var.
Sevgili Məhəmməd peyğəmbərimiz (s.v. s.) belə buyurur: – Bir yetimin başını oxşayan şəxs üçün əlinin toxunduğu hər saç telinin müqabilində savab vardır.
Müqəddəs kitabımız Qurani-Kərimdə onlarca yerdə yetim haqlarından bəhs edilir. Müqəddəs hədislərdə də bu mövzuya geniş yer verilir. Qurani-Kərimdə belə buyurulur: (Ey Rəsulum!) səndən yetimlər haqqında sual edənlərə söylə: – Onların güzaranını yaxşılaşdırmaq, onları gözəl yetişdirmək (üzü üstə buraxmaqdan) daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa onlar sizin (din) qardaşlarınızdır.
Təbiətin qanunudur, bir gün yaranan, bir gün də dünyadan gedir. Belədə, uşaq valideynlərindən birini itirir və o yetim qalır. Bəs insanların bilərəkdən özlərini ölümün qucağına atmalarına nə ad verəsən. Bu gün mətbuat və televiziya ekranlarında haqqında geniş söhbət açılan avtomobil qəzalarına, savaşaraq bir-birilərinin canına qıymasına nə deyəsən. Valideynlərdən birinin, yaxud hər ikisinin belə qəzalarda vəfat etməsi xəbərləri hər kəsi sarsıdır. Bütün bunlar sürücülərin laqeydliyindən, məsuliyyətsizliyindən irəli gəlmirmi? Deyə bilərlər ki, bu da alın yazısıdır. Belə qəzalar hər dəfə də sürət həddinin, ötmə əməliyyatının düzgün seçilməməsi, sərxoş halda avtomaşının idarə edilməsi kimi səbəblərdən irəli gəlir. Şüurlu insan dərk etmirmi ki, bu sürətlə məsafələri deyil, öz ömrünü qısaldır, uşaqlarını, yaxud qarşı tərəfin balalarını yetim qoyur. Bu barədə çox danışmaq olar.
Hazırda dünyanın müxtəlif yerlərində lokal müharibələr gedir, terror hadisələri törədilir. Suriya, İraq, Əfqanıstan, Pakistan və digər ölkələrdə baş verən hadisələr dediyimizə misal ola bilər. Bu ölkələrin şəhər və kəndləri, fabrik və zavodları yerlə yeksan edilir. Nəticədə, minlərlə günahsız insan ölür, ömürlük şikəst olur. Bu gün həmin ölkələrdən olan insanlar –“ qadın və uşaqlar, qocalar qaçqın qismində Avropanın müxtəlif ölkələrini basıb. Onlar da həmin qaçqınları öz ölkələrinə buraxmır, başqa qonşularına ötürür. Hər cür məhrumiyyətlərlə, təhqirlərlə qarşılaşan bu qaçqınların əksəriyyəti uşaqlar və qocalardır. Ekrandan o məsum körpələrin gözlərindəki kədərə, göz yaşlarına diqqət yetirmisinizmi? Nədir bu binəvaların günahı? Gücsüzlüyümü? Öz ölkəsində dinc yaşamaq istəyən bu insanlar super dövlətlərin qəzəbinə niyə düçar olub? Həmin qaçqınların bir neçə gəncinin Almaniyada qeyri-etik hərəkət etməsi az qala bütün ölkəni ayağa qaldırmışdı. Bəs həmin adamların vətənində törədilən vəhşilikləri görən yoxmu? Niyə kimsə, bu vəhşiliyə son qoyun deyə səsini ucaltmır? Ona görə ki, bu vəhşilikləri törədənlərin hərənin öz marağı var. Ərəb qanının axıdılması onları narahat etmir.
Ey insanlar, rəhmə gəlin, bu gün qayğı göstərilən, təlim və təhsilinə dəstək verilən, sahib çıxılan bir yetim gələcəkdə insanlığa, cəmiyyətə təsəvvüredilməz töhfə və nailiyyətlər qazandıra bilər. Bununla da insanlığa böyük xeyir verə bilərik.

A.Əliyev

Şərh Yaz