Velosipedlə 8 min kilometr yol qət edən azərbaycanlı səyyah

“Nə qədər avropalı turistlə qarşılaşdımsa, Azərbaycanı hamı tanıyırdı”
İnsan həyatı boyunca müxtəlif ölkələrə səfər etmək, həmin ölkələrin adət-ənənələri, mədəniyyəti, tarixi ilə tanış olmağa çalışır. Əksər hallarda bu kimi səfərlər rahat bir şəkildə, təyyarə, qatar və ya gəmilərlə həyata keçirildiyi üçün bu kimi səfərlər yaddaşlarda o qədər də dərin izlər buraxmır. Ancaq bu səfərlərdən daha üstün mövqedə olanları isə velosipedlə, yaxud piyada səfər etməkdir. Müsahibimiz Tural Abbasov da məhz velosiped vasitəsilə dünya turuna çıxanlardan sayılır. Bu günə qədər 8 min kilometrə yaxın məsafə qət edən Tural Abbasov səfər etdiyi ölkələrdə bir sıra maraqlı hadisələr, situasiyalarla da qarşılaşıb. “OLAYLAR”a verdiyi müsahibədə Tural Abbasov səfər etdiyi ölkələrdə rast gəldiyi hadisələr, onun bu səyahətinə olan münasibət barədə danışıb. Tural Abbasov velosipedlə səyahətə çıxmağın özəllikləri, qarşısında duran yeni hədəflər barədə də məlumat verib.
Həyatımız təhlükə və risklə doludur.
Velosipedlə 8 min kilometr yol qət edən azərbaycanlı səyyah
– Tural bəy, velosipedlə səyahətə çıxmaq marağı sizdə nə vaxtdan yaranıb və belə bir qərarı anidən verdiniz, yoxsa uzun müddət düşündükdən sonra?
– Dünyanı dolaşmaq, uzaq diyarları görmək, digər irqlərdən və millətlərdən olan insanların yaşayış tərzi, adətləri, mətbəxləri ilə tanış olmaq, xülasə, yaşadığımız bu balaca planeti özüm üçün mümkün qədər çox kəşf etmək mənim çoxdankı, demək olar ki, uşaqlıq arzum olub. Və hardasa iki-üç il öncə dünya ətrafında uzunmüddətli səyahət üçün ciddi hazırlaşmağa başladım. İlkin planım sadəcə “bekpeker” stilində, yəni çiynimə böyük bir yol çantası atıb səfərə çıxmaq idi.
Günlərin bir günü isə Rob Liluoll adlı bir ingilis velosəyyah haqda televiziya proqramına baxdım. Г‡ox maraqla gördüm ki, işə gedib-gəlmək və gəzintiyə çıxmaq üçün istifadə etdiyim velosiped əməlli-başlı təkərli evə və uzunməsafəli səyahət vasitəsinə çevrilə bilər. Bundan sonra məhz velosəyahət haqda düşünməyə başladım. Məsələni hərtərəfli öyrəndikdən və Azərbaycan üzrə sınaq veloyürüş etdikdən sonra isə yola çıxmağa qəti qərar verdim.
-Siz kifayət qədər nüfuzlu bir qurumda, BMT-də çalışırdınız. İşinizdən imtina edib velosipedlə səyahətə çıxmaq qərarı yaxınlarınız, dostlarınız, hətta keçmiş iş yoldaşlarınız tərəfindən necə qarşılandı?
-Əlbəttə ki, hər bir valideyn kimi atam öncə bu qərarıma narahatlıq və şübhə ilə yanaşsa da, müəyyən zaman keçdikdən sonra münasibətini dəyişdi. Səfərə hazırlıq dövründə və indi də onun verdiyi mənəvi dəstək mənim üçün olduqca vacibdir. Digər yaxınlarım, dostlarım və iş yoldaşlarım isə ideyamı, necə deyərlər, bəh-bəhlə qarşıladılar. Hətta çoxları deyirdi ki, imkanları olsaydı, düşünmədən mənə qoşulardılar.
-Bu günə qədər velosipedlə nə qədər məsafə qət etmisiniz?
-Düşünürəm ki, bu müsahibə dərc olunan günə artıq 8000 kilometrə çatacam.
– Bəs səyahət qərarı verəndə yolda müxtəlif təhlükələrlə qarşılaşacağınızı düşünürdünüzmü?
– Səməd Vurğunun bir şerində deyildiyi kimi, ömrün hər dəqiqəsində bir ölüm yaşar. Həyatımız onsuz da təhlükə və risklə doludur. İstər yolda ol, istər Bakıda rahat ofisdə otur. Mən sadəcə bəd hadisə ehtimalını minimuma endirmək üçün müəyyən tədbirlər görə bilərəm, amma bütün təhlükələri tamamilə aradan qaldırmaq mümkün deyil. Ona görə bu barədə xüsusi düşünməməyə çalışıram.
Dünya KİV-in bizə təsvir etdiyindən daha təhlükəsizdir.
– Ümumiyyətlə, səyahət zamanı indiyə qədər hansısa ciddi təhülkələr, hətta ölüm təhlükəsi ilə üzləşmisinizmi?
– Xeyr, bu günə qədər heç bir ciddi təhlükə ilə qarşılaşmamışam. Ümidvaram ki, bundan sonra da belə olacaq. Ümumiyyətlə, dünya KİV-in və ya sığorta şirkətlərinin bizə təsvir etdiyindən daha təhlükəsizdir. Səyahət edəndə bunu daha yaxşı görürsən.
– Bəs səyahət etməyin hansısa çətinlikləri varmı?
– Əgər kifayət qədər boş vaxtın, pulun, baza sağlamlığın, macəraçılıq damarın, xarici dil biliyin və daxili nizam-intizamın varsa, velosipedlə səyahət etməyin heç bir ciddi çətinliyi yoxdur. Mənim kimi tək səyahət edəndə isə əsas məsələ fiziki deyil, psixoloji sınaqlara sinə gərməkdir, tənhalıqdan qorxmamaqdır. Bizim beynimiz elə işləyir ki, daim insanı komfort zonasına, sabitlik zolağına, istiyə, rahatlığa çəkir; üfüqdə bir çətinlik, riskli iş görəndə deyinməyə, həvəsdən düşürük. Ortaya min dənə bəhanə atır ki, fikrindən daşınasan və ya başladığın işi tez bitirib yenidən rahatlığa qayıdasan. Buna görə də bir çox insan uzaq səyahətlər haqda xəyal etsə də, ömürboyu əsas səyahət marşrutu elə “ev-iş-bağ evi-rayon yeri” qalır.
– Heç şübhəsiz ki, səyahət zamanı sizə müəyyən miqdarda maliyyə vəsaiti, texniki vasitələr lazım olur. Bununla bağlı sizə dəstək verən olurmu?
– Əlbəttə, səyahət pul tələb edir. Və mən maliyyə baxımından müstəqil olmasaydım dünya səyahəti kimi bir işə ümumiyyətlə başlamazdım. Mənim çox gözəl dostlarım var. Səfərim haqda eşidəndə mənə velosiped və özümlə yola götürdüyüm bəzi əşyaların alınmasında, necə deyərlər, sponsorluq etdilər. Buna görə onlara hədsiz minnətdaram. O ki qaldı yoldakı gündəlik xərclərimə, hamısını özüm qarşılayıram. Əlbəttə, hər hansı şəxs və ya təşkilat səfərimə sponsorluq etmək istəsə, bunu məmnuniyyətlə müzakirə etməyə hazıram. Qarşıda hələ uzun yol var.
-Ümumiyyətlə, velosipedlə səyahətdə əsas hədəfiniz nədir?
-Əsas hədəfim yolda yaşadığım bu həyat anlarından maksimum zövq almaqdır. Axı mən səyahət haqda arzumu həyata keçirirəm. Nə qədər ki, səfərdəyəm, azad, maraqlı, emosiyalarla dolu yaşamaq, dünyanı, insanları, elə özümü də daha yaxşı dərk etməyə çalışıram.
Əsl macəra Г‡indən sonra başlayır
– İndiyə qədər çox ölkədə olmusunuz. Hansısa ölkənin adət-ənənələri, mətbəxi, mədəniyyətində Azərbaycana oxşarlıq müşahidə etmisinizmi? Ümumiyyətlə, hansı ölkədə özünüzü doğma Vətəndəki kimi hissi etmisiniz?
– Sırf velosipedlə olan səyahətimi götürsək, hələlik yeddi ölkədə olmuşam. Ümumiyyətlə isə, bəli, bundan çox ölkələrə səfər etmişəm. Əlbəttə ki, türk dünyası ölkələri (Tacikistan da əlavə olunmaqla) sizin dediyiniz cəhətlər baxımından Azərbaycana daha yaxın və oxşar ölkələrdir. Ona görə də Orta Asiyada pedallayarkən özümü heç qürbətdə hiss etmirdim. Hər şey kifayət qədər tanış və asan gəlirdi. Yalnız Г‡inə keçəndən sonra gördüm ki, aha, deyəsən əsl macəra artıq burdan o tərəfə başlayacaq. Doğrudan da belə oldu. Г‡in tamam başqa planetdir. Eləcə də Hindistan, digər Г‡ənub-Şərqi Asiya ölkələri.
-Bəs səyahət etdiyiniz ölkələrdə Sizin bu addımınıza münasibət necə olur?
-Müxtəlif cür olur. Bəziləri 34 yaşlı hər şeyi atıb “çöllərə düşən” subay və işsiz adama, yəni mənə, dəli kimi baxır. Bunu niyə etdiyimi anlaya bilmirlər. Belə insanlarla ümumiyyətlə, söhbətdən yayınmağa, heç nəyi izah etməməyə çalışıram. Əgər kimsə hər şeyi maddi maraq və mənfəət baxımından ölçürsə, ona nəyi başa salım ki? Digərləri əksinə, məni xoşbəxt adam sanır, azad və maraqlı həyat yaşamağıma yaxşı mənada həsəd apardıqlarını deyirlər. Amma səyahətimə münasibətindən asılı olmayaraq, əksər rast gəldiyim insanlar köməkcil olmağa çalışır. Məni evinə dəvət edən, yeməyə qonaq edən, yolda maşını saxlayıb su verən, bir-iki dəfə isə hətta cibimə pul qoymaq istəyən insanlar olub. Bütün bunlar səfərin maraqlı və yadda qalan məqamlarıdır.
Velosipedlə 8 min kilometr yol qət edən azərbaycanlı səyyah
– Müxtəlif ölkələrə səfər zamanı həmin ölkənin ictimaiyyətinə Azərbaycan haqqında, ölkəmizin həqiqətləri barədə məlumat veririsinizmi?
– Məqsədyönlü şəkildə xeyr. Mən yol adamı olduğumdan, rast gəldiyim insanlar əsasən, necə deyərlər, sadə zəhmətkeşlərdir. Bəli, Orta Asiyada Azərbaycan haqda onsuz da kifayət qədər məlumatlıdırlar, ona görə bir şey deməyə də ehtiyac yox idi. Amma yox, bir şeydə onları düzəldirdim ki, Azərbaycanda heç də hamının həyətində neft fontan vurmur. Yoxsa bəziləri elə bilirdilər ki, bizdə hamı yağ-bal içində üzür və pul xərcləməyə yer tapmırıq. O ki qaldı Г‡in, Cənub-Şərqi Asiya və s. burada sadə insanlar çox vaxt heç qonşu ölkəni, lap elə öz ölkələrinin coğrafiyasını yaxşı tanımırlar, o ki qaldı Azərbaycan haqda bilsinlər. Onlara nəsə başa salmaq üçün gərək mühazirə açasan. Əlbəttə, suallar veriləndə, ölkəmiz haqda danışıram, şəkillər, videolar göstərirəm. Amma görürəm ki, sabah bütün bu dediklərim soruşanların yadından çıxacaq. Bu da başa düşüləndir. Hər yerdə insanların özlərinin o qədər işi-gücü, dərdi-səri var ki. Amma bir cəhəti də qeyd edə bilərəm ki, bütün bu aylar ərzində nə qədər avropalı turistlə qarşılaşdımsa, Azərbaycanı hamı tanıyırdı. “Azərbaycan” deyəndə “o hardadır?” sualını verən olmamışdı. Qarabağ münaqişəsi, iqtisadi problemlər haqda da gözəl bilirdilər. Bəziləri isə viza almağın başağrılı proses olması və turizm sektorundakı yüksək qiymətlər haqda şikayətlənirdilər.
Süleyman

Şərh Yaz