Xalqa ziya verən insanlar

“Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
Heydər Əliyev

Sentyabr yayın isti nəfəsindən qopub ayrıldığımız, çoxsaylı müəllim ordusunun istirahətdən qayıdıb işə, şagirdlərin isə dərsə başladığı, həyatımıza, ictimai fəaliyyətimizə bir canlanma gətirdiyi aydır. Bu ay həm də yaşından asılı olmayaraq hər kəsin bildiyi, vərdiş etdiyi hadisəyə – yeni dərs ilinin başlanmasına həssaslıqla yanaşdığı aydır. Xüsusən, gənc valideynlər, eləcə də babalar, nənələr bu ayda ilk dəfə övladlarının, nəvələrinin əlindən tutub məktəbin qapısından yeni bir aləmə daxil olmasının sevincini yaşayırlar. Müəllimlər isə bu çətin və şərəfli peşənin sahibi olduqları üçün qürur duyurlar.
Xalqa ziya verən insanlar
5 oktyabr bütün insanların cəmiyyətin ləyaqətli təmsilçilərinə çevrilməsində böyük əməyi olan müəllimlərin peşə bayramıdır. Müəllim ta qədimdən həmişə cəmiyyətimizdə ən nüfuzlu, sözü keçən, xalqına ziya gətirən insanlardan olub və indi də belədir. Rayonumuzda ömrünü, gözünün nurunu şagirdlərin savadlanmasına həsr edən müəllimlər olmuşdur. Onlar dünyalarını dəyişsələr də adları bu gün də hörmət və ehtiramla çəkilir. İsrayıl Həsənov, Saleh Həsənov, Rəfi Əliyev və başqaları belə müəllimlərdən olublar. Bu gün də qabaqcıl müəllimlərimiz az deyil. Hər il “Ən yaxşı müəllim” müsabiqəsində qalib adını alan pedaqoqlarımız var. Yəni estafet bacarıqlı əllərdədir. Yola saldığımız tədris ilində altı nəfər müəllimimiz bu yüksək ada layiq görülmüşdür. Rayonumuzda belə başucalığı gətirən müəllimlərimiz çoxdur. Biz onlarla fəxr edirik.
Bugünkü məktəblər də əvvəlkilərdən xeyli fərqlənir. Hər il tikilib istifadəyə verilən müasir məktəblər, onların müasir avadanlıqlarla təchiz edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir edir. Bunu rayonumuzun timsalında da yaxşı görmək olar. Fəxr ediləsi haldır ki, övladlarımız belə məktəblərdə təhsil alırlar. Azərbaycan dövləti gələcəyimiz olan gənc nəslin təlim-tərbiyəsi üçün bütün imkanlardan istifadə edir.
Yeni dərs ilinə başlanıb. Qürur hissi ilə qeyd edə bilərik ki, bu ilki məzunlarımızdan 310 nəfəri tələbə adını qazanıb. Müstəqil düşüncəli, müasir təhsil texnologiyalarından bacarıqla istifadə etməyi bacaran gənclərimiz yetişir.
Bayramınız mübarək əziz müəllimlər. Sizə möhkəm can sağlığı, çətin və şərəfli işinizdə uğurlar diləyirik.
Abduləli Əliyev,
İsmayıllı şəhər sakini

Şərh Yaz