Ətrindən doymadığımız çiçək

Diyallı kənd tam orta məktəbinin IV sinif şagirdi Xədicə Şabanovanın ölümünə elegiya

Vətən bağçasında körpə bir fidan böyüyürdü; vaxtsız əsən xəzan yeli onu soldurub məhv etdi. Rəngarəng güllü bağçamızda bir çiçək açmışdı; Gözəlliyindən zərifliyindən, ətrindən doymaq olmurdu. Səmanın yelləri qara nəfəsi ilə qısa və mənalı ömrünə son qoydu.
Zümrüd çəmənlikdə cəh-cəhindən doya bilmədiyimiz bir bülbül ötürdü. Bənzərsiz nəğmələri ötənləri heyran edir, ötüb-keçənləri ayaq saxlamağa vadar edirdi.
Ətrindən doymadığımız çiçək
Bu körpə fidan, çiçək, bülbül təkcə bir nəslin, bir ailənin sevinci, fərəhi deyildi. O, neçə-neçə məclisimizin bəzəyi, tədbirimizin gözü, neçə-neçə insanın fərəhi idi.
Hər məclisin nəbzini tutmağı, insanların ürəyinə yol tapmağı bacarırdı, ruhunu oxşayırdı.
Ona özünü səhnədə necə aparmağı, şeiri necə söyləməyi demək, öyrətmək artıq idi. Hər sözün, hər misranın mənasına varmağı, onun dinləyiciyə, tamaşaçıya necə çatdıracağını, onu necə sevdirəcəyini çox gözəl anlayır və bunu sənətkarlıqla bacarırdı. Təbii ki, hər tədbirdəki ən gurultulu alqışlar da ilk andan tamaşaçının ürəyinə yol tapmağı bacaran, bu körpə bülbülün ünvanına səslənirdi.
Gələcəyi aydın və parlaq idi. Hamının tanıyacağı sevəcəyi bir insan yetişirdi.
Cəmiyyətdə bir vətəndaş kimi fəxri yer tutacağı gün kimi aydın idi…
Fəqət… kimin ağlına gələrdi ki, bu körpə fidandan acı bir xatirə qalar və bu xatirənin ağrısı-acısı çoxumuzu yandırıb-yaxar.
Aldığımız acı xəbər –“ körpə Xədicənin qəfil həyatdan köçməsi onu tanıyanları şoka saldı.
Bu necə ağırdır ki, ağzını açan kimi insanların üzünə ilıq bir təbəssüm çiləyən, ürəklərə nur yağışı süzdürən, yaşından qat-qat artıq düşüncəyə malik olan bu qızcığazı bir daha görməyəcək, səsini eşitməyəcək, istedadı ilə fəxr etməyəcəksən.
Sanki əsən bu acı rüzgara bir həftə ərzində ölümlə-həyat arasında çırpınan və nəhayət, bu qanlı vuruşmada insafsızcasına məğlub olub, bütün varlıqlara “əlvida” – deyən bu istedadlı qızcığazın yoxluğuna adamın inanmağı gəlmir.
Sanki dəhşətli bir yuxunun içindəsən, ayılacaqsan hər şeyin qara bir röya olacağını görüb sevinəcəksən.
Təəssüf, çox təəssüf ki, bu, həqiqət oldu. Ruhu göylərdəki mələklərlə birgə süzən bu məsum qızcığazın qəfil ölümü bizləri də valideynləri, qohumları, doğmaları, əzizləri qədər yandırıb yaxdı.
Nə etməli, taleyin qədəri belə imiş. Lakin bir həqiqət aydındır ki, o solmaz bir çiçək kimi, sönməz bir ulduz kimi həmişə bizimlə olub, qəlbimizdə əbədi yaşayacaqdır. Qoy bizim yanıqlı qəlbimizdən süzülüb gələn sözlərimiz onun əbədi evinə-körpə məzarına qoyulan ən gözəl çələng olsun.
Əzizlərinə səbir diləməkdən başqa çarə tapmayanların adından:
Rəna Mirzəliyeva

Şərh Yaz