Təhsilə xidmət borcumuzdur

“Təhsil millətin gələcəyidir”
Heydər Əliyev
Son illərdə ölkə təhsilində olduğu kimi, İsmayıllı Rayon Təhsil Şöbəsinin, eləcə də Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin uğurları artmışdır. İstər ali məktəblərə daxil olan şagirdlərimizin, istərsə də rayon və məktəb tədbirlərində iştirak edən şagirdlərimizin nailiyyətləri bizi sevindirir.
Basqal qəsəbə tam orta məktəbi İsmayıllı rayon Təhsil Şöbəsinin Metodbirləşməsinin zona üzrə Dayaq Məntəqə Mərkəzidir. Artıq neçə ildir ki, məktəbimizdə rüblük və illik olaraq metodbirləşmə iclasları keçirilir və açıq dərslər təşkil olunur. Ənənəni qoruyaraq aprel ayının 23-də daha fərqli bir açıq dərsimiz keçirildi. Təhsilə xidmət borcumuzdurBu sətirlərin müəllifi, məktəbin kimya-biologiya müəllimi kimi IX sinif üzrə kimya fənnindən “Sulfat turşusu” mövzusunda Xankənd kənd tam orta məktəbində açıq dərs təşkil etdim. Dərsdə Basqal qəsəbə və Xankənd kənd tam orta məktəblərinin IX sinif şagirdləri iştirak etdi. Dərs kurikulumun və müasir təhsilin tələbləri səviyyəsində quruldu və yeni informasiya texnologiyalarından istifadə olundu.
Açıq dərsdə Basqal qəsəbə tam orta məktəbinin direktoru Ağasəfər Qafarov, dərs hissə müdiri, dayaq məntəqə sədri Yeganə Ağayeva, Zeyvə ümumi orta məktəbinin direktoru Nazim Salmanov, kimya müəllimi Ziba Rəcəbova, Tağlabiyan, Mücü kənd ümumi orta məktəblərinin müəllimləri iştirak etdilər. Dərsin müzakirəsi zamanı dayaq məntəqə üzvləri dərsin uğurlu alındığını bildirdilər və gələcəkdə bu kimi fəaliyyətlərin çox və davamlı olacağına inam ifadə etdilər.
İnanıram ki, məktəbimizdə gələcəkdə nəinki açıq dərslərin, həmçinin müxtəlif intellektual, idman və s. tədbirlərin birgə təşkili də təmin ediləcək.
Azərbaycan təhsilinin inkişafı naminə bütün müəllim həmkarlarıma çalışqanlıq və yeni-yeni təhsil uğurları arzu edirəm.
K.Murğuzova,
məktəbin kimya-biologiya müəllimi

Şərh Yaz