Hər şey qələbə üçün idi

Xalqlar öz vətənlərinin azadlıqlarını, torpaqlarının bütövlüyünü qorumaq üçün daim qanlı mübarizə aparmışlar. Bunu İkinci Dünya müharibəsinin timsalında daha aydın görmək olar. 1941-ci ilin iyun ayının 22-də faşist Almaniyasının SSRİ-yə qəfləti hücumu bu məkanda yaşayan bütün xalqları düşmənə qarşı ölüm-dirim mübarizəsinə qaldırdı. Onda ölkədə “Hər şey vətən üçün, hər şey qələbə üçün” şüarı irəli sürülmüşdü. Xalqımız həm arxa cəbhədə, həm də ön cəbhədə böyük qəhrəmanlıqlar göstərmişdir. Azərbaycanlılardan ibarət diviziyalar döyüşlərdə qələbələr qazanaraq adlarını hərb tarixinə qızıl hərflərlə yazmışlar. Arxa cəbhədəkilər ön cəbhəni yanacaq, paltar, ərzaq və sairlə təmin etmişdir. Arxa cəbhədə çalışanlar əsasən qadınlar, qocalar və uşaqlar idi. Onlar hər cür məhrumiyyətlərə baxmayaraq, ön cəbhə üçün çalışırdılar. Hər şey qələbə üçün idi
Bu günlərdə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyini təntənəli surətdə qeyd etdik. Bu bayram ərəfəsində hər yerdə müxtəlif tədbirlər həyata keçirilmişdir. Məktəbimizin kollektivi də qələbə münasibətilə silsilə tədbirlər həyata keçirmişdir. Şagirdlərimiz şəhərimizdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Ana abidəsi” kompleksini ziyarət etdilər. Abidə önünə təzə tər çiçəklər qoyuldu. Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbir məktəbdə davam etdirildi. Bu geniş tədbirdə müəllimlər, şagirdlər fikirlərini söyləmişlər. Şagirdlərin ifasında Vətənə, torpağa, orduya həsr olunmuş şeir və mahnılar səsləndirildi. Bundan əlavə, şagirdlərimiz rayon səviyyəsində keçirilən tədbirlərdə, müharibə veteranları ilə görüşlərdə iştirak etmiş, onların xatirələrini dinləmişlər.
Hamımıza məlumdur ki, azadlıq, müstəqillik hər bir xalq üçün böyük nemətdir. Odur ki, bütün xalqlar onu qorumaq üçün mübarizə aparır. Xalqımız da böyük qanlar hesabına azadlıq əldə etdi. Ancaq xalqımız hələ də müharibə şəraitində yaşayır. Torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edilib. Borcumuz və vəzifəmiz bu torpaqları erməni işğalından azad etməkdən ibarətdir. Biz bu döyüşlərdə həlak olan oğul və qızlarımızın ruhu qarşısında baş əyir, onların xatirəsini əziz tuturuq.
Gilas Musayeva,
A.Aslanov adına şəhər 2 nömrəli tam orta məktəbinin direktor müavini

Şərh Yaz