Yüksəliş yolu

Rizvan Xanəmi oğlu Piriyev
Yüksəliş yoluCoğrafiya-minerologiya elmləri doktoru, professorYüksəliş yaşla yox, elmlə, ağılla, ardıcıl zəhmətlə şərəflidir.
Nizami Gəncəvi

Böyük Vətən müharibəsi yenicə başlamışdı. İnsanların hamısı rahatsız, həyat isə günbəgündən həm maddi, həm də mənəvi cəhətdən ağırlaşırdı. Əsgərlik yaşı çatanların hamısı artıq alman-faşist işğalçıları ilə döyüşə yollanmış, kənd və şəhərlərdə yalnız yeniyetmələr və qocalar qalmışdı.
1941-ci ilin sentyabr ayında böyük bacım Turə Hüseynovanın direktor işlədiyi Xankəndi natamam orta məktəbinə 17 yaşı yenicə tamam olmuş orta boylu, qaraşın bir gənci sinif müəllimi göndərmişdilər. İlk gündən ciddi hərəkəti, öz müəllimlik peşəsinə ürəklə yanaşması ilə seçilən Rizvan müəllimlə mən orada tanış oldum. 1942-ci ilin avqust ayında Rizvan Piriyevi birbaşa cəbhəyə yola saldılar.
Rizvan Piriyevlə mən bir də 1944-cü ilin sentyabr ayında yaralanıb ordudan tərxis olunduqdan sonra, Sulut kənd natamam orta məktəbində müəllim işləyərkən görüşdüm.
Piriyev Rizvan Xanəmi oğlu 1924-cü il aprelin 10-da Sulut kəndində anadan olmuşdur. Sulut kənd 7 illik məktəbini bitirdikdən sonra Şamaxı Pedaqoji Məktəbinə daxil olmuş və oranı əla qiymətlərlə bitirmişdir. Qısa müddət müəllimlik etmiş, sonra Ordu sıralarına çağırılaraq alman faşistlərinə qarşı döyüşlərdə iştirak etmişdir. 1942-1943-cü illərdə Qafqaz cəbhəsi tərkibində 321-ci mühəndis-istehkamçı batalyonunda, 1943-cü ilin martında Volxov cəbhəsində vuruşmuşdur. Döyüşlərdəki qəhrəmanlığı yüksək qiymətləndirilmiş, III dərəcəli “Şöhrət ordeni”, 5 medalla təltif edilmişdir.
1943-cü ilin avqustunda ağır döyüşlərin birində hər iki ayağından yaralanmış, 1944-cü ildə ordu sıralarından tərxis olunmuşdur.
Rizvan Piriyev 1944-45-ci dərs ilində Sulut 7 illik məktəbində müəllim, sonra isə Şamaxı rayon maarif şöbəsində inspektor işləmişdir. 1946-cı ildə ADU-nun “Geologiya və coğrafiya” fakültəsinə daxil olmuş, 1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
Rizvanın atası Xanəmi kişi 30-cu illərin repressiya qurbanlarından idi, Sibirə sürgün edilmişdi. Bu səbəbdən də universiteti fərqlənmə diplomu ilə bitirmiş Rizvan təyinat ala bilmir və işsiz qalır. Yalnız 1954-cü ildə tale onun üzünə gülür. Atası Xanəmi kişi bəraət alaraq vətənə qayıdır. Bundan sonra Rizvan müəllim Azərbaycan Dövlət Universitetinin “Fiziki coğrafiya” kafedrasına assistent vəzifəsinə qəbul olunur. 1958-ci ildə dissertasiya müdafiə edərək Coğrafiya-minerologiya elmlər namizədi alimlik dərəcəsi alır. 1962-ci ildə dosent seçilir. 1969-cu ildə doktorluq dissertasiyasını da müvəffəqiyyətlə müdafiə edir.
Rizvan Piriyev 1967-72-ci illərdə “Geologiya-coğrafiya” fakültəsinin dekanı vəzifəsində çalışır. 1972-ci ildə “Fiziki coğrafiya” kafedrasının professoru seçilir. Həmin il onun təşəbbüsü ilə “Geologiya və kartoqrafiya” kafedrası yaradılır və Rizvan müəllim həmin kafedranın müdiri seçilərək ömrünün sonunadək bu vəzifədə çalışır.
Universitetdə işlədiyi müddətdə Rizvan Piriyev universitetin Böyük Elmi Şurasının üzvü, Geologiya-coğrafiya fakültəsi Elmi şurasının sədri, fakültə Elmi-Metodik Şurasının sədri vəzifələrini də ləyaqətlə yerinə yetirmişdir.
Rizvan müəllim 1969-1989-cu illərdə 10 nəfər elmlər namizədi yetişdirmişdir. Həmin dövrdə onlarla dərsliyin (ali məktəblər üçün) və bir neçə monoqrafiyanın müəllifi olmuşdur.
1979-cu ildə SSRİ Baş Geodeziya və Kartoqrafiya Komitəsinin Xüsusi Döş nişanı ilə, 1980-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərman ilə təltif edilmişdir.
Dörd övladı olmuşdur. Oğlu Eldar filologiya elmləri namizədidir.
Piriyev Rizvan Xanəmi oğlu 1989-cu il iyul ayının 1-də həyatının 66-cı ilində qəflətən vəfat etmişdir.
Miryavər Hüseynov
Yüksəliş yolu

Şərh Yaz